Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2021
10:00
Bu gün şəhid Milli Qəhrəman İlqar Mirzəyevin doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub.

O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb.

Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İ.Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib və avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub. 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.

O, 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar tağımının komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tank artilleriya kursantları tağımının komandiri vəzifəsində, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün tağım komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün komandiri vəzifəsində xidmət edib. Qüsursuz xidmətinə görə ona Müdafiə Nazirliyinin 19 oktyabr 1997-ci il tarixli əmrinə əsasən baş leytenant rütbəsi verilib.

İ.Mirzəyev 1998-ci il noyabrın 11-dən 2001-ci il iyunun 14-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tədris prosesinin təminatı taborunun artilleriya batareyasının komandiri vəzifəsində xidmət edib. Müdafiə Nazirliyinin 27 dekabr 2000-ci il tarixli əmrinə əsasən kapitan rütbəsi alıb.

2001-ci ildən başlayaraq isə İ.Mirzəyev bölgələrdə yerləşən hərbi hissələrdə xidmət edib. 2001-ci il iyunun 14-dən 2002-ci il iyulun 31-nə qədər "N" saylı hərbi hissənin qərargah rəisi və haubitsalı artilleriya divizionu komandirinin müavini, 2002-ci il iyulun 31-dən 2003-cü il avqustun 10-na qədər isə "N" saylı hərbi hissənin haubitsalı artilleriya divizionu komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev, Müdafiə Nazirliyinin 13 dekabr 2002-ci il tarixli əmrinə əsasən mayor rütbəsi alıb.

O, 2003-cü ilin avqustunda Müdafiə Nazirliyi tərəfindən ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasına göndərilib. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurub.

Təhsilini başa vurduğdan sonra mayor İ.Mirzəyev, 2005-ci il iyulun 2-dən 2007-ci il yanvarın 7-nə qədər "N" saylı hərbi hissə komandirinin müavini vəzifəsində xidmət edib. Daha sonra isə o, 4 il ərzində - 2007-ci il yanvarın 7-dən 2011-ci il iyulun 29-na qədər "N" saylı hərbi hissənin əməliyyat bölməsinin rəisi - qərargah rəisinin əməliyyatlar üzrə müavini vəzifəsini tutub.

2011-ci il iyunun 29-dan 2012-ci il fevralın 28-nə qədər "N" saylı hərbi hissədə artilleriya divizionunun komandiri vəzifəsində xidmət edən İ.Mirzəyev, 2012-ci il fevralın 28-dən 2012-ci il iyulun 28-nə qədər "N" saylı hərbi hissədə atəşə dəstək bölməsinin rəisi və hərbi hissənin atəş dəstək üzrə koordinatoru vəzifəsini yerinə yetirib. Qüsursuz xidmətinə görə Müdafiə Nazirliyinin 26 iyun 2012-ci il tarixli əmrinə əsasən ona polkovnik rütbəsi verilib.

2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin komandiri olan İ.Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olundu. Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edildi. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilib və 7 strateji nöqtə işğaldan azad olunub.

İ.Mirzəyev 2019-cu il fevralın 23-də 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri görməsi nəticəsində Ermənistan Ordusunun hücum cəhdinin qarşısı alınıb və Ermənistan Ordusu geri oturdulub. Döyüşlərin birinci saatlarında Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb.

İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib.3-cü Ordu Korpusunun qərargah rəisi Polad Həşimov və artilleriya rəisi İ.Mirzəyevin də qatıldığı hərbi toqquşmalarda artilleriya və minaatanların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin atəşi ilə Ermənistan Ordusunun dayaq məntəqəsi, artilleriya qurğuları və canlı qüvvəsi məhv edilib. İyulun 13-də günorta saatlarında Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəza tədbirləri davam edib. Cəza tədbirləri nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş mövqeləri, 20 nəfərdən çox şəxsi heyət, tabor qərargahı və digər hərbi hədəflər Azərbaycan Ordusunun dəqiq atəşi ilə darmadağın edilib.

İyulun 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Gecə döyüşləri zamanı Ermənistan Silahlı Qüvvələrinin fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan Ordusuna məxsus müxtəlif təyinatlı hərbi nəqliyyat vasitəsi, döyüş vasitələri, müdafiənin dərinliyində yerləşən ehtiyatlar və canlı qüvvə məhv edilib.

İyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində baş verən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 6-sı zabit olmaqla 7 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də polkovnik İlqar Mirzəyevdir.

İyulun 14-də günorta saatlarında İ.Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə minlərlə insanın izdihamı ilə evinə gətirilib. O, II Fəxri xiyabanda dəfn olunub.

Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə İ.Mirzəyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Şəhid polkovnikin Elvin adında oğlu və Gülnarə adında qızı yadigar qaldı.

Allah rəhmət eləsin!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti bir qədər də bahalaşıb

12

İyun
10:57
HÜQUQ,HADİSƏ
745

“Son zəng” hansı formada keçiriləcək?

11

İyun
16:52
ELM / TƏHSİL
877

Qəbul imtahanlarının tarixləri açıqlandı

11

İyun
15:33
ELM / TƏHSİL
796
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 03:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru