Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 İyun

2016
16:41
Daha çox pensiya almaq üçün vətəndaş nə etməlidir?
Rəşad Həsənov: “Növbəti dövrlərdə nəzərdə tutulur ki, dövlət büdcəsindən maliyyələşən pensiya məbləğinin baza hissəsi ləğv olunsun”

Bu günlərdə maliyyə naziri Samir Şərifovun pensiya islahatları barədə Milli Məclisdə çıxışı oldu. Onun sözlərinə görə layihəyə yenidən baxılacaq və bəzi islahatlar olacaq. Ümumiyyətlə pensiya kapitalının yığılması nə deməkdir və hansı formada həyata keçirilir?

FaktXeber.com məsələ ilə əlaqədar İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənovdan münasibət öyrənib. 

Ekspert bildirdi ki, hazırkı situasiyada pensiya sisteminin xərclərinin maliyyələşməsi həm dövlət büdcəsi, həm də sığorta yığımları hesabına formalaşır: “Hazırda dövlət büdcəsində pensiya xərclərinin baza hissəsi maliyyələşdirilib və hər il bu məqsədlə büdcədən Dövlət Sosial Müdafiə Fonduna ciddi məbləğlərlə vəsaitlər ayrılırdı. İndi isə hökumətin qarşısında duran əsas məqsədlərdən biri ondan ibarətdir ki, məhz bu dövlət büdcəsindən maliyyələşmə hissəsini müəyyən qədər azaltsın və ya tamamilə aradan qaldırsın. Söhbət ondan gedir ki, növbəti pensiya konsepsiyasında pensiya sisteminin maliyyələşməsində pensiyanın baza hissəsini ləğvi nəzərdə tutulub.”

İqtisadçı burda ikitərəfli münasibətlərin nəzərdə tutulduğunu dedi: “Birincisi ondan ibarətdir ki, vətəndaşların ödədiyi sığorta haqları bundan sonrakı pensiya sistemində yüz faiz olaraq vətəndaşın şəxsi balansında yığılacaq. Halbuki hazırkı şərtlər daxilində vətəndaş ödədiyi sığorta haqqının yalnız 50 faizi onun fərdi hesabına köçürülür. Digər 50 faizi isə Sosial Müdafiə Fondunun saxlanılması və pensiya fondunun əlavə kapitalının formalaşdırılması məqsədi ilə istifadə olunur. Amma növbəti dövrlərdə nəzərdə tutulur ki, dövlət büdcəsindən maliyyələşən pensiya məbləğinin baza hissəsi ləğv olunsun, əvəzində isə vətəndaşın ödədiyi sığorta haqqının yüz faizi onun gələcəkdə pensiya məbləğinin formalaşdırılmasında istifadə olunsun. Əsas prinsip bundan ibarətdir.” 

Ekspert konsepsiyada daha bir neçə digər məsələnin də nəzərdə tutulduğunu dedi: “Onlardan biri özəl sığorta fondlarının yaradılmasıdır, hazırda bununla bağlı qanunvericilik bazasının hazırlanmasına, həmçinin dünya təcrübəsinin öyrənilməsinə ehtiyac var. Amma maliyyələşmədə əsas məsələlərdən biri ondan ibarətdir ki, dövlət büdcəsinin bu istiqamətdə ayırmalarının həcmi azaldılsın, Dövlət Sosial Müdafiə Fondu özü-özünü təmin prinsipi ilə iş fəaliyyətini qursun, vətəndaşların ödədiyi vəsaitlərin isə yüz faizi öz fərdi hesabında yerləşdirilsin.”

Bəs görəsən, vətəndaşın işlədiyi müddətdə ödədiyi bütün sığorta haqları ona qayıdacaq, yoxsa…

Rəşad Həsənov burada hesablama mexanizmlərinin olduğunu dedi: “Əvvəlki dövrlərdə ödədiyi sığortanın 50 faizi vətəndaşın fərdi hesabına köçürülürdü, digər 50 faizi isə DSMF-nin saxlanılması xərcləri və digər hissələrə sərf olunurdu. Məsələ ondan ibarətdir ki, bu problemin mövcud olmasında əsas səbəb illeqal əmək bazarının geniş yayılması idi. Burada əmək bazarının leqallaşdırılması istiqamətində də müəyyən addımlar atılır. Həm əmək haqlarının tam məbləği əmək müqavilələrində ifadə olunması ilə bağlı, həmçinin illeqal əmək qüvvəsini istifadə ilə bağlı. Bunlar özü DSMF-nin sığorta yığımlarının həcmini artıracaq. Çünki, ümumiyyətlə götürəndə dünya praktikasında, eyni zamanda Azərbaycanda belədir ki, işləyənlərin sayı daimi pensiya alanların sayından dəfələrlə çox olur. Və işləyənlərin sığorta ödənişləri əslində pensiya alanların pensiya haqlarını ödəməlidir. Amma Azərbaycanda illeqal əmək bazarının geniş yayılması buna şərait yaratmır.”

Ekspertin sözlərinə görə, hazırkı maliyyə şərtləri daxilində hökumət nəzərdə tutur ki, bu islahatları həyata keçirməklə, həm dövlət büdcəsinin yükünü azaltsın, eyni zamanda burdakı sosial əməklilik prinsipini bərpa etsin: “Məsələ ondadır ki, daha artıq əməkhaqqı alan insanlar faizlə olduğu üçün daha artıq sığorta ödəniş edirlər. Bunun 50 faizinin digər hissələrə yönəldilməsi, əslində bu insanların hüquqlarının pozulmasına gətirib çıxardır. Prinsip ondandır ki, daha artıq sığorta haqqı ödə, daha çox pensiya al. Təbii ki, qanunvericiliyə görə bu, rəsmi şəkildə müəyyənləşdiriləcək. Amma eyni zamanda, özəl pensiya fondlarının yaradılması ona şərait yaradacaq ki, insanlar fərdi olaraq daha geniş seçim edə bilsinlər. Gələcək təminatlarını möhkəmləndirmək istəsələr, könüllü şəkildə özəl sığorta fondlarına da öz gəlirlərindən ayırmalar edərək, gələcəkdə, yaşlı vaxtlarında öz həyat şəraitlərini daha üstün səviyyədə təmin edə bilərlər.”

Bəs dünya praktikasında daha çox hansı forma üstünlük təşkil edir? 

İqtisadçı bildirdi ki, dünya praktikasında da elə əsas məsələlərdən biri ondan ibarətdir ki, pensiya fondu əmək qabiliyyətli insanların sığorta haqları hesabına formalaşır: “Və eyni zamanda dünya praktikasında özəl pensiya fondlarının da fəaliyyəti var. Onların fəaliyyəti ilə bağlı 2008-ci il maliyyə böhranından sonra müəyyən şübhələr ortaya çıxdı. Çünki maliyyə böhranı bu fondların fəaliyyətinə mənfi təsir göstərdi. Bəzi fondlar defoltla üzləşdi. Buna baxmayaraq, bunun daha mütərəqqi formada təmin edilməsi yolları üzərində işlər davam etdirilir və bu, hazırda bir çox Avropa ölkələrində bu sistem tətbiq olunmaqdadır. Özəl pensiya fondlarından funksiyalarından biri ondan ibarətdir ki, topladıqları vəsaitləri digər maliyyə alətlərində istifadə edərək, onların üzərinə əlavə faizlər, yəni artımını təmin edə bilir. Bu isə sığorta haqqı şəklində ödənilmiş vəsaitlərin gələcəkdə daha yüksək məbləğlərlə pensiya şəklində geri alınmasına gətirib çıxardır.”

“Burda müəyyən risklər var ki, amma daha uyğun modellər seçilməklə - təkmil qanunvericilik bazası hazırlanmaqla riskləri minimuma endirilərək tətbiq oluna bilər”, - deyə Rəşad Həsənov sözlərini yekunlaşdırdı. 

Xatırladaq ki, prezidentin təsdiq etdiyi pensiya islahatlarına uyğun olaraq müvafiq qanun layihəsi hazırlanıb. Yaxın vaxtlarda sənəd Nazirlər Kabineti tərəfindən Prezidentə təqdim ediləcək. Daha sonra parlamentə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin əsas məqsədi pensiyaların yığılmış pensiya kapitalı əsasında formalaşdırılmasıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
564
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 02:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru