Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 Fevral

2016
12:23
Konstitusiya Məhkəməsindən mühüm qərar

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası 2016-cı il fevralın 17-də Xətai Rayon Məhkəməsinin müraciətinə dair Qərardad qəbul edərək, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 "ç", 72-ci və 79-cu maddələrində təsbit edilmiş normalar arasında güman edilən ziddiyyətlərə aydınlıq gətirib.

Qərardadda qeyd edilib ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən veriən məlumata görə, Əmək Məcəlləsinin 72-ci maddəsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halları nəzərdə tutur. Həmin maddənin "ç" bəndinə görə işçinin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.

Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar göstərilib. Həmin maddənin 1-ci hissəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir. Həmçinin Konstitusiya Məhkəməsinin Palatası Qərardadda göstərib ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi dövlət olmaqla yanaşı, həm də sosial yönümlü dövlətdir və xalqın, hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiya Məhkəməsinin Palatası göstərilənlərə əsasən belə nəticəyə gəlib ki, hamilə və öhdəsində 3 yaşınadək uşağı olan qadınlarla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilməsinə qadağanın qoyulması Əmək Məcəlləsinin hər hansı bir maddəsinə zidd kimi təfsir edilə bilməz. Belə ki, qanunverici bu güzəştli normanı müəyyən edərkən ana və uşağın sağlamlığının mühafizəsi, hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də, bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış edib.

Konstitusiya Məhkəməsinin Palatası qərara alıb ki, müraciətdə göstərilən məsələnin həll edilməsi zamanı məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş və dövlət tərəfindən təmin edilən sosial yönümlü dəyərləri nəzərə almaqla müvafiq nəticə müəyyən edilə bilərlər.

Konstitusiya Məhkəməsi Palatasının Qərardadında əks olunan hüquqi mövqe analoji işlərin həllində digər məhkəmələr üçün istiqamət müəyyən edə bilər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
336

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 05:55





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru