Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Oktyabr

2015
11:26
Bu gün pensiya yaşı niyə qaldırıla bilməz?

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin uzaq gələcəkdə Azərbaycanda vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq barədə islahata ehtiyac olduğu barədə açıqlaması ciddi ajiotaj yaratdı. 

Halbuki söhbət, təkrar edirik, yaxın gələcəkdən getmir. DSMF sədri E.Mehdiyev də sonra bəyan etməyə məcbur oldu ki, bu mövzuda operativ rəy söyləməyə və tələsməyə ehtiyac yoxdur.

Ancaq bir həqiqət var ki, pensiyaya çıxmaq yaşı barədə məsələ son illər demək olar, bütün ölkələrdə ciddi müzakirə obyektinə çevrilib. Bu da təsadüfi deyil. O səbəbdən ki, bir çox ölkələr maliyyə və iqtisadi böhranla üzləşdiklərindən vəziyyətdən çıxış yollarından biri kimi məhz vətəndaşların mövcud pensiya yaşlarını artırmaq və yaxud da daha dəqiq desək, bunu bir neçə il uzağa çəkmək məsləhət görülür. Bunda da məqsəd mövcud sosial xərcləri azaltmaq sayılır.

Belə ki, diqqət yetirsək, Avropa ölkələrində bu mövzu aktual xarakter daşıyır. Məsələn, Almaniya kansleri Angela Merkel bir ara Avropa İttifaqı (Aİ) ölkələrində pensiya yaşını yuxarı qaldırılmağı təklif etmişdi ki, bu da istər-istəməz sual yaratdı ki, görəsən, nəyə görə?

Ona görə ki, Aİ-də yaranmış böhranla əlaqədar əksər ölkələrdə sosial xərcləri azaltmaq tələb olunurdu ki, həmin ölkələrin bir çoxunda bu gün də eyni tələb qalır. A.Merkel də fikrini məhz bununla əsaslandırmışdı ki, sözügedən məsələ Avropa ölkələri üçün olduqca vacib sayılır. Kanslerin təklifinə əsasən, bütün Avropa ölkələrində qadın və kişilərin pensiyaya çıxmaq yaşı 67-dən ibarət olmalıdır.

Sözümüz bunda deyil.

Məsələ ondadır ki, Azərbaycanda bu sahədə qoyulmuş limit - kişilər üçün 63, qadınlar üçün 60 yaş əksər Avropa ölkələrindəki kimidir: Avstriyada, Bolqarıstanda, Danimarkada, Estoniya, Finlandiya, və Yunanıstanda təxminən, bizdəki kimidir. Almaniyada və bəzi yüksək inkişaf etmiş ölkələrdə isə bir az yuxarı səviyyədədir.

Maraqlıdır ki, buna rəğmən əksəriyyətində mövcud limiti perespektivdə bir az da yuxarı qaldırmaq söhbəti gedir.

Ancaq burada bir sıra məqamlar var. O da bundan ibarətdir ki, yüksək inkişaf etmiş və əhalinin sosial durumu olduqca qənaətbəxş sayılan ölkələrdə həm də əhalinin yaşama müddəti - orta ömür səviyyəsi yuxarı həddədir. Bu isə o deməkdir ki, məsələn, Almaniya, İngiltərə və yaxud İsveç, Norveç kimi ölkələrdə pensiya yaşının artırılması təbii sayıla bilər.

Amma bunu bütün ölkələr üçün normal qəbul etmək olarmı? Sözsüz ki, yox…

DSMF-ın sədri E.Mehdiyevin uzunmüddətli perspektivdə Azərbaycanda pensiya yaşını artırmaq barədə islahat aparmaq lazım gəldiyini qeyd etməsi başa düşüləndir. Belə ki, o, bunu əsasən üç nöqteyi-nəzərdən irəli sürmüşdür.

Birincisi, bu gün bizdə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, neftin dünya bazar qiymətlərinin enməsi fonunda gələcəkdə DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi vacib məsələdir. Üçüncüsü isə, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır.

Ancaq gəlin, bunları araşdıraq. Əvvəla, vətəndaşların pensiya təminatı onların istədikləri məbləğdə və yaxud səviyyədə olsa, yəni, maddi ehtiyaclarını ödəyə bilsə müvafiq əmək fəaliyyəti ilə 65 yaşa qədər məşğul olmaqlarına heç bir ehtiyac qalmaz. Və bu yaşdan tez pensiyaya çıxarlar.

Bu isə onların işlədikləri müddətdə əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının yüksək səviyyədə olmasını tələb edir. Yəni, hər bir işçi gələcəkdə alacağı pensiyanın yaxşı məbləğdə olmasını istəyirsə aldığı əmək haqqından tələb olunan səviyyədə sosial sığorta haqqı ödəməlidir.

Bunun üçün isə sözsüz ki, maaş yüksək məbləğdə olmalıdır.

İkincisi, DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə və o cümlədən digər daxilolmalardan asılıdır ki, bunu bilavasitə vətəndaşların pensiyaya çıxma yaşlarının həddi ilə əlaqələndirmək düzgün deyil. 

Hazırda Fondun vəsaitləri həm hər ilin dövlət büdcəsindən transfert, həm də məcburi dövlət sosial sığorta ayırmalarından əldə olunan vəsait hesabına toplanır ki, ikinci üzrə daxilolmalar əgər qənaətbəxş səviyyədə olarsa, birinciyə əslində heç bir ehtiyac qalmaz.

Yeri gəlmişkən, məsələn, növbəti ildə - 2016-da icmal büdcənin tərkib hissəsi olan DSMF büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3078,6 milyon manat proqnozlaşdırılıb ki, bunun da 35,6 %-i və yaxud 1100,0 milyonu məhz dövlət büdcəsindən birbaşa transfert, 1978,6 milyon manatı – 64,4 %-i isə məcburi dövlət sosial sığorta ayırmaları və sair hesabına təmin olunacaq.

Fondun xərclərinin 95,5 %-i əmək pensiyalarının ödənilməsinə sərf olunacaq.

Bu isə o deməkdir ki, DSMF-ın yükü çox ağırdır. Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması tələbi təkcə Fondun öhdəsindən gələ biləcəyi iş deyil.

Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə social müdafiəsi tədbirləri ilə özəl qurumlar da məşğul olmalıdırlar.

Və nəhayət üçüncüsü, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları elə təşkil olunmalıdır ki, loru dildə desək, heç kimin gələcəkdə alacağı pensiya məbləğində bir başqasının əməyi, yəni sosial sığorta ödənişi yer almasın.

Hər kəs işlədiyi müddətə və ödədiyi vergiyə əsasən pensiya almalıdır.

Sonda bir məqama da toxunaq. Təkrar edirik ki, Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün sə 60 yaşdır ki, bu da əksər inkişaf ölkələrdəki həddədir. Ancaq bizdə, əhalinin yaşama müddəti - orta ömür səviyyəsi həmin ölkələrdəki kimidirmi?

Və yaxud, yaşayış səviyyəsi - sosial durum onlardakı kimidirmi?

Sözsüz ki, yox...

Odur ki, ölkəmizdə həm kişilər, həm də qadınlar üzrə pensiyaya çıxmaları üçün qoyulmuş mövcud yaş həddini qaldırmağahələki əsas yoxdur. Başqa sözlə desək, azı, 2025-ci ilədək bu məsələyə baxıla bilməz.

Ancaq yuxarıda qeyd etdiyim mətləblər nöqteyi-nəzərindən sonra yaş həddi 65-ə qaldırıla bilər...

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
176

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
259

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
559
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 01:02





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru