Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Noyabr

2012
10:55
Məcburi köçkünlərə tikilən mənzillər satılır?
Mehdiabaddakı şəhərçikdə məcburi köçkün olmayan 100-ə yaxın ailə məskunlaşıb

Abşeron rayonunun Mehdabad qəsəbəsində məcburi köçkünlər üçün salınan yeni şəhərcikdə mənzillərin guya, satışa çıxarıldığına dair dolaşan söz-söhbətlər uzun müddətdir ki, səngimək bilmir. Təyinatı məcburi köçkünlər üçün nəzərdə tutulan mənzillərdə son bir il ərzində digər rayonlardan olan 100-ə yaxın ailə məskunlaşıb. Hətta deyilənə görə, iş o həddə çatıb ki, istənilən şəxs məcburi köçkünlər üçün inşa edilən bu binalardan asan və ucuz qiymətə mənzil əldə edə bilir.
   
   Son günlər isə bu şəhərciyə mənzil almaq məqsədilə gələnlərin də sayının da ardı-arası kəsilmir. Yeni şəhərcikdə yaşayan məcburi köçkünlər "Həftə içi"nə deyiblər ki, sözügedən binalarda ən yaxşı mənzillər imkanı olan şəxslərə verilir. Məsələni araşdırarkən onu da öyrəndik ki, burada 2, 3 və 4-cü mərtəbələrdəki bir qədər normal şəraitli mənzillər köçkünlərə pulla təklif edilir. İstənilən məbləği verə bilməyən köçkünlər darısqal və şəraitsiz otaqlara, hətta binanın zirzəmisində və damında düzəldilmiş "mənzillərə" köçürülür. Halbuki, beş mərtəbədən ibarət bu binaların damı şərti olaraq "6-cı mərtəbə" adlandırılır və nə "sonuncu mərtəbə"lərdə, nə də zirzəmilərdəki "mənzillər"də yaşamaq üçün heç bir şərait yoxdur. Belə ki, yağan yağış binanın damından içəri dolur. Hazırda həmin binaların zirzəmiləri də su ilə doludur.
   
   Burada həmsöhbət olduğumuz məcburi köçkünlər deyirlər ki, ailə tərkibinə görə daha geniş mənzil istəyənlər bunun üçün ən azi 2000 manatından keçməlidir. Həmçinin köçkünlər üçün nəzərdə tutulan mənzillər pulla köçkün olmayan şəxslərə də satıla bilir.
   
   Özünü şəhərciyin komendantı kimi təqdim edən şəxs faktı təsdiqləyərək deyir ki, binaların tikintisində iştirak edən şirkət hər binadan 10-15 mənzil yerli sakinlərə satır. Belə ki, həmin binada məcburi köçkün olmayan sakinlər hər kvadratmetrinə 450 manat verməklə buradakı mənzillərə sahib ola bilər. Adının bu məsələdə hallanmasını istəməyən komendant bu binalardan birindən orta səviyyəli mənzillərin 28 min manata satıldığını söyləyib.
   
   Ya zirzəmi, ya da "mansar"
   
   Bu fakt isə məcburi köçkünlər arasında böyük narazılığa səbəb olub. Çünki binanın "mansar"ına (damda düzəldilmiş xüsusi otaq) köçürülmüş məcburi köşkünlərin yaşadığı "mənzil"ə qaz xətt də çəkilmir. Ağdam rayonundan məcburi köçkün Bəbir Abdüləzimov bildirir ki, o, 4 nəfər ailə üzvü ilə birlikdə binanın damında 1 otaqlı "mənzil"də məskunlaşıb. Onun sözlərinə görə, ailə üzvülərinin sayı üzrə onlara iki otaqlı mənzil verilməli olduğu halda 1 otaqlı mənzillə kifayətlənmək məcburiyyətində qalıb: "Bizi 2 otaqlı mənzil adı ilə 1 otaqlı mənzildə yerləşdirdilər. Gözümüzün qarşısında mətbəxi dəhlizə çıxararaq, bizə 2 otaqlı adı ilə mənzilin açarını təqdim etdilər. İndi də nə qədər xahiş ediriksə, gəlib qazımızı çəkmirlər. Deyirlər ki, qaz xətti ya yataq, ya da qonaq otağından keçməlidir. Bu isə qorxuludur. Belə çıxır ki, bizim yaşadığımız "mənzil"ə qaz xətti çəkilməyəcək".
   
   Belə problemlərlə üzləşən digər şikayətçilər onu da əlavə edirlər ki, binada yaşayan məcburi köçkünlər arasında ayrı-seçkilik qoyulub. Belə ki, həm 3 nəfərlik, həm də 4 nəfərlik ailələrə iki otaqlı mənzil veriblər. Bəbir Abdüləzimov bildirir ki, bununla bağlı köçürmə komissitasına müraciət etsələr də, nəticə dəyişməyib: "Bizim kimiləri bura gələn komissiyaya da müraciət edəndə komissiya üzvüləri deyir ki, məcburi köçkünlərə verilən evlər belədir".
   
   Zəngilan rayon sakini Yaqub İbrahimova da mənzil mansardan verilib. Özü Qarabağ əlili, övladı isə ürək xəstəsi olan həmsöhbətimiz bildirir ki, ev əşyalarını yeni istifadəyə verilmiş şəhərciyə gətirənə qədər binanın komendantı və "Dərhal" MMC-nin səlahiyyətli nümayəndələri açarı ondan gizlədib. Onun sözlərinə görə, bu ailəyə verilən mənzilin mansarda yerləşdiyindən şəhərciyə gələndən sonra xəbər tutublar: "Dəfələrlə yazılı sürətdə müraciətlər etsəm, də bu günə kimi bir nəticə olmayıb".
   
   Köçkün şəhərciyinin yerli sakinləri
   
   Şəhərcikdə olan binalara baş çəkib, deyilənlərə aydınlıq gətirməyə çalışırıq. İlk olaraq 3 saylı binada yaşayan ailələrdən bir neçəsinin qapısını döyməyə başlayırıq. Bizi qarşılayan sakinlərin əksəriyyəti məcburi köçkün deyil, yerli sakinlər olduğunu bildirir. Həmin binadakı birinci blok, 1-ci mərtəbədə 2 yerli sakin, 2-ci mərtəbədə Leyla Mahmudovaya məxsus 8 saylı mənzil mənzil, 3-cü mərtəbədə isə 15 saylı mənzildə yaşayanlar məcburi köçkün deyil. Həmin binanın 4-cü mərtəbəsinə qalxarkən bizi 28 saylı evdə yaşayan Zəngilan rayonundan olan azyaşlı Orxan Qarayev qarşılayır. O bildirir ki, sözügedən mərtəbədə onların ailəsindən başqa məcburi köçkün ailəsi yaşamır. Eyni mərtəbədə yaşayan Sevinc Səttarova da 27 saylı mənzili pulla aldıqlarını bildirir. 20 saylı mənzilin sahibi Leyla Əhmədova da mənzili binanın birinci mərtəbəsində yerləşən ofisdən pulla aldıqlarını etiraf edir. 19 saylı mənzilin sahibi Maisə Əliyeva da Lənkəran rayon sakini olduğunu və ona mənzili qardaşının "Dərhal-MMC"dən pulla aldığını deyir.
   
   Maraqlıdır ki, məcburi köçkün ailələrindən fərqli olaraq digər rayonlardan olan sakinlərə verilmiş mənzillərdə otaqların daha geniş və rahat təmirli olduğu da diqqətdən yayınmır. Sözügedən binada yaşayan Günay İsrafilova da bildirir ki, onlar 1 otaqlı mənzili almaq üçün aidiyyəti qurumun vasitəçilərinə 5000 dollara yaxın pul veriblər.
   
   Qeyd edək ki, belə faktlar 6, 8, 11, 12 saylı binalarda da mövcuddur. Binalardan ev alanlar isə Bərdə, Lənkəran digər rayonlarda daimi qeydiyyatda olan şəxslərdir. Məcburi köçkünlər bildirir ki, binaların 2, 3, 4-cü mərtəbələri həm onlara, həm də məcburi köçkün olmayan vətəndaşlara pulla satılır. Onların sözlərinə görə, bu prosesi Qaçqın və Məcburi Köçkünkərin İşləri üzrə Dövlət Komitəsi ilə tərəfdaş şirkət olan "Dərhal" MMC birgə həyata keçirir. Məcburi köçkünlərin sözlərinə görə, sözügedən şirkətin fəaliyyətdə olan ofisində alqı-satqı prosesi də gizli və qapalı şəraitdə aparılır. Rüstəm adlı sakin bidirir ki, Bir neçə binada yaxşı mənzilləri məcburi köçkün ailələrinin ixtiyarına verərək gözdən pərdə asırlar. Bununla da həm hökuməti, həm də illərdir normal mənzillərdə yaşayacağı günü səbrsizliklə gözləyən məcburi köçkünləri aldadırlar: "Amma bizi aldada bilməzlər. Artıq onların bu işi hansı şəkildə gördüyünün üstü açılıb və biz haqqımızı tələb edəcəyik".
   
   Komitə rəsmisi təsdiq edir
   
   "Dərhal" MMC-nin rəsmisi ilə binaların arasında qarşılaşdıq. Özünü təqdim etməyən şirkət rəsmisi bu binaların Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövət Komitəsinə deyil, "Dərhal" MMC-yə məxsus olduğunu deyən şirkət rəsmisi həmin binalardakı mənzillərin necə bölüşdürülməsi və ya satılması ilə də onların məşğul olduğunu deyib: "Bu binalar yalnız bizm şirkətə məxsusdur. Nə edəcəyimizlə ilə bağlı heç kimə hesabat verməli deyilik".
   
   Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövət Komitəsinin şəhərcik üzrə nümayəndəsi isə buradakı mənzillərin məcburi köçkün olmayan ailələrə satıldığı barədə söylənilənləri dolayısı ilə təsdiq edib. Onun sözlərinə görə, satılan mənzillərin Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti yoxdur. Belə ki, mənzillər "Dərhal" MMC-nin rəsmiləri tərəfindən satılır: "Bu mənzillər tam təmirsizdir. Lakin məcburi köçkünlərə verilən mənzillər "Qaçqınkom"un Sosial İnkişaf Fondu tərəfindən alınaraq təmir edilir və sonda köçkünlərin istifadəsinə verilir".
   
   Mənzillərin 2, 3 və 4-cü mərtəbəsinin yerli sakinlərə verilməsinə gəlincə, komitənin nümayəndəsi bildirir ki, binalar inşa olunarkən yerli sakinlər tərəfindən sifarişçilər olub. Mənzillər hazır olan kimi onlar öz mənzillərinə köçürülüb.
   
   Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bu məsələ ilə bağlı suallara cavab ala bilmədik. Hər halda, komitədən sifarişçi olduğu binalardakı mənzillərin bir qisminin "Dərhal" MMC tərəfindən hansı səbəbdən satışa çıxarıldığı məsələsinə aydınlıq gətirməyə çalışacağıq.

Pərvin İsmayılova/Həftə İçi

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Anar Kərimov: "Teatrlar açıla bilər"

14

İyun
18:30
ÖLKƏ
206

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
284

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
579
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-06-2021 04:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru