Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

12 Oktyabr

2018
10:37
Yeni qəbul qaydaları repetitorları işsiz qoya bilər

Təhsil eksperti: “Hazırda şagirdlər arasında  çaşqınlıq, tərəddüd və həyəcan var”

Məlum olduğu kimi, ötən həftə Dövlət İmtahan Mərkəzi (DİM) və Təhsil Nazirliyi tərəfindən birgə hazırlanan və 2019-cu ildə tətbiqi nəzərdə tutulan buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli təqdim edilib.

Yeni qaydalara əsasən, 11 illik təhsil bazasında buraxılış imtahanı 1 mərhələdə keçiriləcək. İmtahan müddəti 3 saat olacaq. Şagirdlər Tədris dili (Azərbaycan dili, rus), riyaziyyat, xarici dillər ( ingilis, alman, fransız, ərəb, fars) fənlərindən imtahan verəcək. Hər fənn üzrə maksimal bal 100 (ümumilikdə 300) olacaq.

Bəzi ekspertlər qeyd edir ki, yeni model həm şagirdin biliyinin müasir standartlara uyğun qiymətləndirilməsinə imkan yaradacaq, həm də valideynlərin əlavə xərc çəkərək repetitorlara müraciət etməməsi ilə nəticələnəcək. Beləliklə, məktəb buraxılış imtahanının nəticəsinin yaxşılaşdırılmasında maraqlı olacağı üçün repetitorluğa ciddi şəkildə zərbə dəyəcək və orta məktəblərin nüfuzunu qaldıracaq.

Təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü isə açıqlamasında bildirib ki, əksinə, yeni model repetitorluğun gücünü daha da artırmış olacaq:

“Düşünürəm ki, əksinə, daha da repetitora ehtiyac çox olacaq, əlavə məşğələlərin sayı artacaq. Çünki yeni proqramı, şərtləri şagirdlərin hamısı hələ mənimsəməyib. Beləliklə, açıq və qapalı suallara düzgün cavab vermək üçün repetitorlara ehtiyac daha da çoxalacaq”.

Məlahət Mürşüdlü yeni tətbiq olunacaq modelin mürəkkəb və qarışıq proses olduğunu da vurğuladı: “Modelin ikinci tərəfi var, bu isə şagirdlərimizdir. Hazırda onların arasında bir çaşqınlıq, tərəddüd, həyəcan var. Ümumiyyətlə, universitetlərə qəbul imtahanları cəlbedici olmalıdır. Məsələn, bizim şagirdlərin bir çoxu təhsil almaq üçün xarici ölkələrə üz tutur. Hazırda dünyada Rusiya, Türkiyə, Avropa təhsil modeli var. Həmin ölkələrdə buraxılış imtahanlarının nəticələrinə əsasən qəbul keçirilir. Burada universitetlərə qəbul şərtləri daha rahat aparılır və təhsil almaq istəyən onun qapısından içəri girə bilir. Bununla da əsas məsələ universitetlərə qəbulu deyil, buradakı təhsil prosesini mürəkkəbləşdirmək lazımdır. Məsələn, Türkiyədə təhsil alan tələbələrimizin dilindən dəfələrlə eşidirik ki, həmin ölkədə universitetə qəbul olunmaq asandır, lakin sona qədər oxuyub, məzun, diplom sahibi olmaq çətindir.

Bir daha qeyd edirəm ki, mürəkkəbliyi universitetlərin təhsil prosesində yaratmalıyıq, nəinki buraxılış, qəbul imtahanlarında". ("Yeni Müsavat")

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Məlahət Mürşüdlü 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-12-2018 08:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com