Bu yaxınlarda Vətəndaş Həmrəyliyi Partiyasının təşəbbüsü ilə "Qarabağ
probleminin həllində siyasi partiyaların və ictimai təşkilatların rolu"
mövzusunda elmi-praktiki konfrans təşkil edilmişdi. Ədalət naminə demək lazımdır
ki, konfransın təşkilati işi kifayət qədər yaxşı qurulmuşdu. Konfransda
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların və ictimai təşkilatların
geniş spektri təmsil olunurdu. Həmçinin, Milli Məclisin bir neçə üzvü də
konfransın işinə qoşulmuşdu. Görünür, həm mövzunun aktuallığı, həm də
təşkilatçıların siyasi arenada tanınması öz təsirini göstərmişdi. Konfransda
Azərbaycan Yaşıllar Partiyası nümayəndəsinin çıxış etmək imkanı məhdud
olduğundan, bu konfrans və müzakirə edilən məsələ haqqında ayrıca yazmaq
qərarına gəldik. Konfransda diqqətimi cəlb edən nə idi? Təbii ki, hər şeydən
əvvəl, konfransın elmi-praktiki adlandırılması. Həm siyasi tədqiqatçı, həm
də praktiki siyasətçi kimi dərk edirəm ki, istənilən siyasi proses və ya
hadisənin elmi cəhətdən araşdırılması, öyrənilməsi bu problemlərin düzgün
həllinə imkan yaradar. Qarabağ problemi ilk baxışdan elmi yox, daha çox siyasi
problem kimi görünsə də, onun düzgün anlaşılması və həlli elmi metodoloji
yanaşmadan istifadəni nəzərdə tutur. Odur ki, Qarabağ problemi ilə bağlı hər
hansı hadisənin, o cümlədən bu problemin həllində siyasi partiya və ictimai
təşkilatların rolunun öyrənilməsi, ciddi elmi araşdırmaların predmeti ola bilər.
Bu məsələnin sosial elmi obyekt kimi öyrənilməsi problemə təsir göstərən
müxtəlif amillərin əvvəl ayrı-ayrılıqda, sonra isə birlikdə öyrənilməsini tələb
edir. Bu mənada, Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və ictimai
təşkilatların bir araya gətirilməsi, bu problemin müzakirəsinə cəhd mühüm hadisə
ola bilərdi. Mənim konfransdan gözləntilərim daha çox onun elmi-praktiki
adlandırılması ilə bağlı idi. Belə ki, Azərbaycanda fəaliyyət göstərən siyasi
partiyaların son dövrə qədər Qarabağ münaqişəsi ilə bağlı aydın siyasətlərinin
olmaması Azərbaycan cəmiyyətinin siyasi aktivliyinə ciddi təsir göstərir. Mən
belə düşünürdüm ki, nəhayət, bu konfransda siyasi partiyalar Qarabağ problemini
bir siyasi tədqiqat obyekti kimi öyrənərək, onun həll edilməsində aydın və elmi
cəhətdən əsaslandırılmış strateji fəaliyyət xətti müəyyənləşdirəcəklər. Hətta
özümü xeyli günahlandırdım ki, siyasi partiyalar tərəfindən belə ciddi sənədin
hazırlanmasında iştirak edə bilməmişik. Sonra isə düşündüm ki, təəssüflənməyə
dəyməz, çünki həmsədri olduğum Yaşıllar Partiyası cəmi iki illik siyasi
təcrübəyə malikdir. Vətəndaş Həmrəyliyi Partiyası və bu prosesə qoşulan digər
partiyalar isə daha təcrübəli, siyasi cəhətdən yetkin partiyalardır. Odur ki, bu
prosesdə bizim ümumi işə verəcəyimiz tövhə o qədər də çox ola bilməz. Beləliklə,
bizim öhdəmizdə siyasi təcrübəsi çox olan siyasi partiya liderlərinin
çıxışlarını diqqətlə izləmək və onlardan öyrənmək qalırdı. Bəlkə də elə buna
görə konfransa sədrlik edən Sabir Rüstəmxanlı çıxışları ona verilən siyahı
əsasında yox, "çox təcrübəlidən az təcrübəliyə doğru",- prinsipi əsasında qurdu.
Elə buna görə də ən axırda (konfransın qurtarmağına bir dəqiqə qalmış) söz
Azərbaycan Yaşıllar Partiyasına verildi. Bəlkə də belə yaxşı idi. Çünki bütün
çıxışlarda "elmi-praktiki" xarakter axtara-axtara siyasi elitanın hələ də
Qarabağ problemini bizdən fərqli başa düşdüyünü və real beynəlxalq siyasətə
başqa cür yanaşdığını anladım. Konfransa çox ambisiyalı adın verilməsinə
baxmayaraq, o, nə elmi, nə praktiki, nə də elmi-praktiki idi. Bu konfrans, daha
çox son illərdə "tribunadan" məhrum edilmiş siyasi partiya və ictimai
təşkilatların Qarabağla bağlı dəfələrlə təkrar etdikləri fikirlərin bir daha
"ayaqüstü" dilə gətirilməsi idi. Konfransda səsləndirilmiş bütün fikirlər (iki
natiqin çıxışındakı bir fikirdən başqa!) mahiyyət etibarı ilə dörd məsələni
əhatə edirdi: 1) Qarabağ ərazisi ermənilər tərəfindən işğal edilib və bu
həqiqəti dünyaya yaymaq lazımdır; 2) Bu həqiqəti eşitmək istəməyən Qərb və
Rusiya ikili siyasət irəli sürərək, Azərbaycanın haqq işini dəstəkləmir; 3)
Sülh danışıqları heç bir fayda verməyəcək və biz öz torpaqlarımızı silah gücü
ilə geri almalıyıq; 4) Hökumət Qarabağ problemi ilə bağlı məsələləri
"monopoliyada" saxlayır. Oxucu yəqin hiss etdi ki, bu tezislərin heç biri
yeni deyil və ən azı 15 ildir təkrarlanır. İki natiqin bir-birini təkrarlayan və
digərlərindən fərqlənən tezisləri isə Azərbaycan cəmiyyəti üçün çox təhlükəli və
yeni etnik qarşıdurmalara yol aça bilən fikirlər idi. Doğrusu, bu fikrin
(Azərbaycan cəmiyyəti üçün etnik məsələlərin həssas olduğunu nəzərə alaraq,
fikrin mahiyyətini açmağı lazım bilmirəm!) mənim də hörmət bəslədiyim və kifayət
qədər məlumatlı iqtisadçı və millət vəkili tərəfindən səslənməsi məsələnin adi
olmadığından xəbər verir. Çıxışların yuxarıda səslənən tezislər əsasında
qurulması heç də pis deyildi. Lakin bu tezislərin müəllifləri elmi araşdırmalara
əsaslanaraq digər suallara da cavab axtarmalı idilər. Hər şeydən əvvəl nəzərə
almaq lazımdır ki, istənilən problemi həll etməzdən əvvəl bu problemi aydın
ifadə etmək, onun mahiyyətini, ona təsir edən elementləri müəyyənləşdirmək
lazımdır. "Qarabağ problemi nədir",- sualı ciddi elmi araşdırmanın
predmetidir. Hər bir siyasi partiya və ictimai təşkilat bunu aydın ifadə
etməlidir. Yəqin bəzi oxucular gülür ki, məqalənin müəllifi məgər bilmir ki,
"Qarabağ problemi Azərbaycan ərazilərinin işğal edilməsidir"? Təəssüf ki,
Azərbaycanın siyasi elitası 20 ildir ki, Azərbaycan cəmiyyətinə Qarabağ
problemini məhz belə təqdim edir. Elə bu konfransda da bütün çıxışların əsasında
problemin belə anlamı üstünlük təşkil edirdi. Hər hansı konkret siyasi problem
beynəlxalq siyasətə və regional reallığa əsaslanaraq elmi metodologiya əsasında
tədqiq edilmirsə, ciddi nəticələri olan çaşqınlıq yaranır. Azərbaycan Yaşıllar
Partiyası belə hesab edir ki, bu problem müxtəlif etnik özünəməxsusluğu, o
cümlədən dil, din, mədəni fərqləri olan, qeyri-demokratik və sosial cəhətdən
zəif inkişaf etmiş iki cəmiyyətin birgə yaşayışı ilə bağlı olan problemdir.
Bəs, Qarabağ problemi daxili problemdirmi? Qarabağ probleminə "Azərbaycan
ərazilərinin işğalı kimi" baxılarsa, o daxili problem deyil və xarici
faktorlarla əlaqəlidir. Belə olan təqdirdə siyasi və ictimai qurumların bu
problemin həllində hansı rolu ola bilər? Qarabağ probleminə "birgəyaşayışla
bağlı problem" kimi baxılarsa, onda bu problem daxili problem kimi xarakterizə
edilər. Qarabağ probleminə "birgəyaşayışla bağlı problem" kimi baxılması
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi
faktını inkar etmir. Lakin bu işğala əsas problemin "həlli" üçün seçilmiş səhv
fəaliyyətin nəticəsi kimi baxılır. Əgər vaxtında bu problem "birgəyaşayışla
bağlı problem" kimi xarakterizə edilsəydi və onun həlli üçün lazım olan, o
cümlədən xarici faktorların qarşısını alan addımlar atılsaydı, bu problem daha
da şiddətlənərək etnik səviyyəyə transformasiya etməzdi. Bu problemə
Azərbaycanın daxili problemi kimi yanaşılarsa və xarici faktorlar (subyektiv
faktorlar) yalnız "katalizator" rolunu oynayırsa, onun təsirini azaltmaq üçün
siyasi partiyalar tamamilə başqa strategiya seçməlidirlər. Problemin son 20 ildə
etnik münaqişə səviyyəsinə transformasiyası yuxarıda qeyd etdiyimiz ikinci
tərifin daha da möhkəmlənməsi deməkdir. Başqa sözlə, bu problemin mahiyyətində
obyektiv faktorlar getdikcə daha çox üstünlük təşkil edir. Problemin düzgün
anlaşılmaması ona adekvat olan siyasi fəaliyyətin qurulmaması deməkdir. Bu isə
həm daxili, həm də xarici siyasətin müvəffəqiyyətsizliyini şərtləndirir.
Məsələn, natiqlərin demək olar ki, əksəriyyəti ATƏT-in Minsk Qrupunun
fəaliyyətini mənfi qiymətləndirdi. ATƏT-ə həmsədr ölkələrin ikili siyasəti isə
xüsusi qeyd edilirdi. Hətta ABŞ-ın Cənubi Qafqaz siyasətinə dəstək verən
siyasilər də "ehtiyatsızlıq" edərək ABŞ-ı Ermənistana dəstək verməkdə
günahlandırdılar. Tənqidlərin əsas axını isə Rusiyaya yönəldi. Lakin nəzərə
almaq lazımdır ki, nə Rusiyanın, nə də ABŞ-ın Cənubi Qafqaz siyasəti beynəlxalq
siyasi strukurun tərkib hissəsi kimi hələ də siyasi partiyalar tərəfindən tədqiq
edilməyib. Odur ki, regional siyasi struktur haqqında Azərbaycanın siyasi və
ictimai elitasının məlumatsızlığı Qarabağ haqqında fraqmentar xarakterli eqoist
fikirlərin, çox hallarda isə əsassız qarşıdurmaların yaranmasına səbəb olur.
Əlbəttə, konfransın ambisiyalı adı bunu deməyə inam yaradırdı ki, çoxlu
sayda siyasi və ictimai təşkilatlar bir araya gələrək Qarabağ probleminin
həllində siyasi partiyaların rolunun aydınlaşdırılmasına və artırılmasına olan
zərurəti hiss edəcəklər. Bu zərurət onları məcbur edəcək ki, heç bir əsası
olmayan siyasi qarşıdurmaları kənara qoyaraq, qlobal problemlər kontekstində
regional problemləri, həmçinin milli təhlükəsizliyi əsas gətirərək, siyasi
tədqiqat üçün ümumi komissiya formalaşdırsınlar. Bu komissiyada regional siyasət
və münaqişələr üzrə ekspertlər, siyasi partiya və ictimai təşkilatların
nümayəndələri və sair mütəxəssislər elmi-praktiki diskussiyalar apararaq bir
neçə suala cavab axtara biləcəklər. Qarabağ probleminin həllinin nə demək
olduğu da ciddi elmi müzakirə obyekti olmalıdır. Aydındır ki, problemin həlli
onun mahiyyəti ilə birbaşa bağlıdır. Görünür, elə buna görə konfransda çıxış
edən və Qarabağ problemini "işğal" kimi xarakterizə edən bütün natiqlər
"işğaldan azad edilməni" problemin həlli kimi xarakterizə etdilər. Problemin
mahiyyətinə digər yanaşma, məsələn, "birgəyaşayışla bağlı problem" kimi yanaşma,
daxili problemlərin həllini və birgəyaşayışla bağlı problemlərin, xüsusilə
sosial məsələlərlə və idarəetmə ilə bağlı problemlərin həllini prioritet edir.
Bu sualların cavabları digər sualların xarakterinə də ciddi təsir göstərir.
Məsələn, problemin dinc yolla və ya zor işlətməklə həlli variantları problemin
mahiyyətindən çox asılıdır. Belə ki, əgər Qarabağ probleminə "işğal" kimi
yanaşılarsa, onun dinc yolla həlli mümkün deyil. "İşğal edilmiş ərazilər",-
dedikdə isə Qarabağdan kənar rayonlarla yanaşı həm də etnik ermənilərin kompakt
yaşadıqları ərazilər nəzərdə tutulursa, onda "işğaldan azad etmə" nəinki mövcud
problemi həll etmir, əksinə, yeni və uzun müddətli problemlər doğurur.
Əlbəttə, burada Qarabağ problemi ilə bağlı yalnız iki variant müqayisə
edildi. Problemə elmi yanaşma və açıq diskussiyaların aparılması digər mümkün
variantların da olmasını istisna etməyəcək. Belə müzakirələrdən siyasi
partiyalar, hakimiyyət və KİV-lər qorxmamalıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.