Mirzə Cəlilin "Poçt qutusu" hekayəsini oxumamış olmazsınız. Hekayə İtqapan kəndinin sakini Novruzəlinin timsalında savadsız, dünya görüşü olmayan adamlardan bəhs olunur. Novruzəli ağasının tapşırığı ilə məktubu poçta aparır. Qutuya atıb gözləyir ki, heç kəs oğurlamasın. Axı ağası ona məktubu heç kimə verməməyi tapşırmışdı. Bu vaxt poçtun işçisi qutunu açıb məktubları aparanda Novruzəli onu döyür, məktubu aparmağa qoymur. O vaxtın polisi onu həbs edib dama salır. Ağası gəlib Novruzəlini damdan qurtarır.
Mirzə Cəlilin bu hekayəsi bu günümüzlə də səsləşir. Kompüterdən, mobil telefondan, internetdən, bankomatdan başı çıxmayanlar elə hamısı Novruzəlinin "qohum"larıdır. Avropa texnologiyalarının tətbiqi nə qədər yaxşı olsa da, Novruzəli tip adamlar üçün yaşayışı bir az da çətinləşdirib. Belə insanlar isə rayonlarımızda daha çoxdur. İnsanların çoxu adi bankomatdan istifadə qaydasını bilmirlər.
Bankomatlar təzə quraşdırılan vaxtlar idi. Qonşumuzda bir yaşlı qadın tək yaşayırdı. Qadın bir gün mənə pensiya kartını verdi və xahiş etdi ki, gedim onun təqaüdünü alım. Dedi ki, deyərsən ki, xalanın ayaqları ağrayır, özü gələ bilmədi, üzürlü hesab etsin. Getdim, xalanın üzrünü də bankomata çatdırdım.
Rayonda babama baş çəkməyə gedəndə çantamda yazılarım çap olunan qəzet də vardı. Babam qəzetə baxdı. Qəzetin üzbəüz səhifələrinin birində mənim şəklimlə köşə yazım, o biri qoşa səhifədə isə prezident İlham Əliyev haqqında yazı və şəkli çap olunmuşdu. Babam qəzetdə bu mənzərəni görüb dedi: "Bala, İlham Əliyevi görəndə denən ki, bir qoca babam var, illər boyu zəhmətlə çalışıb, çoxlu medalları var, indi cəmi 85 manat təqaüd alır. Vaxtı olanda əmək kitabçama baxsın." Nə qədər çalışdımsa, babamı başa sala bilmədim ki, mən prezidentlə bir yerdə işləmirəm, jurnalist olsam da, ona yaxınlaşıb sənin sözlərini çatdırmaq şansım sıfırdır. Bu hadisədən bir müddət sonra sevincək halda babama baş çəkdim, bir xəbəri onunla bölüşmək istədim, dedim: Baba, prezident İlham Əliyev yeni qərar verib, bu aydan təqaüdlər yenidən hesablanacaq və təqaüdün artacaq". Babamın cavabına gülməkdən özümü güclə saxladım: "Yəqin mənim əmək kitabçama baxıb, ona görə təqaüdmü artırıb". İndi təqaüdlər yenidən hesablanandan sonra babam 150 manat alır. 40 ilə yaxın isə iş təcrübəsi var.
İşlədiyim qəzetdə bütün işçilərə, o cümlədən də mənə sosial sığorta kartı verilib. Deyilənə görə, bu kartdan yalnız təqaüdə çıxanda istifadə edə bilərəm. Mənimsə 21 yaşım var, təqribi hesablasaq 44 ildən sonra sosial sığorta kartımdan istifadə edə biləcəm. Hər ay çalışdığım redaksiya maaşımın 22 faizi həcmində təqaüd fonduna ödəyir, yəni hər bir sahibkar öz büdcəsindən hər bir işçinin əmək haqqının 22 faizi həcmində təqaüd fonduna ödəniş edir. Bundan əlavə, mənim maaşımdan 17 faiz də tutulur. Bunun 14 faizi əmək haqqımdan gəlir vergisidir, 3 faiz isə təqaüd fonduna köçürülür. Heç məndən soruşan yoxdur ki, sənə bu pul 44 ildən sonra lazım olacaq, ya yox?! Yaxud 44 ildən sonra, Allah eləməmiş, mən ölsəm, ailəm o pulu ala biləcəkmi?
|