Milli Məclisin son iclasında millət vəkili İqbal Ağazadə, hökumət tərəfindən təyin olunan minimum əmək haqqının miqdarı barədə maraqlı çıxış edib. İ.Ağazadə hökumətdən "minimum əmək haqqı miqdarını hansı əsasla təyin olunmasının" izahını istəyib: "Əsaslandırın görək bu rəqəmlər haradan götürülüb. Çox təəssüf hökumət cavab vermir ki, 108 manatla yaşayış minimumunun hansı şərtlərini bugünkü bazar mühitində ödəmək mümkündür? Xahiş edirəm məsələni səsverməyə təklif edən komitə, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84, uşaqlar üçün 87 manat məbləğində müəyyən olunmuş minimum yaşayış həddini əsaslandırsın. Əsaslandırın ki, bu məbləğləri müəyyənləşdirərkən hansı meyarları əsas götürmüsüz? Mən komitə sədrindən tələb edirəm, əgər hökumət üzvlərindən də cavab vermək istəyən varsa, rəqəmlərlə əsaslandırsın ki, bu rəqəmlər haradan götürülüb?"
Çox maraqlı və əsaslı çıxışdır. Təbii ki, İqbal Ağazadənin bu çıxışına münasibət bildirəcək hökumət nümayəndələri əsassız faktlarla bu məsələni izah etməyə çalışacaqlar. Amma qərara gəldim ki, İqbal Ağazadənin bu çıxışından sonra 15 ildən çox dövlət müəssisəsində gecə növbəsində işləyən valideynimin 116 manatlıq pensiyasının necə istifadə olunduğunu yazım ki, hakimiyyət nümayəndələri bundan sonra millət vəkillərinin tələblərini əsaslandıranda əziyyət çəkməsinlər. Anam aylıq 116 manat pensiya alır. Hər ay istilik sistemindən məhrum olmuş soyuq otaqları qızdırmaq üçün 50 manat kommunal xərcləri verilməsini nəzər alsaq, ümumi pulun 43%-nin yoxa çıxdığını deyə bilərik. Hər gün ən azından iki çörəyin istifadə olunduğunu və bunun da ay ərzində 18 manat elədiyini nəzərə alsaq, görəsən yerdə qalan pulla yazıq qoca təqaüdçülər neynəsinlər? Yəqin ki, bizim riyaziyyatdan yaxşı bilən səlahiyyətlilər yerdə 48 manatın qaldığını tez-tələsik hesablaya bildilər. Hörmətli komitə üzvləri, sizin bir oturuma restoranda verdiyiniz sadəcə çay puldan qat-qat aşağı olan 48 manatla yaşlı qoca bir ay necə dolansın? Qiymətləri od bahasına olan dərmanlar alsın, yoxsa kiloqramı 10 manata olan ət? Məncə ölkənin analoqu olmayan iqtisadi inkişafı nəticəsində qiyməti 10 qəpik olmuş yumurta ilə dolanmaq olar. Bir ay ərzində hər gün səhər, günorta və axşam suda qaynadılmış (yağda qızartsa pul çox gedəcək) 6 yumurta yeyilsə, bu orta hesabla 18 manat eləyir. Hətta belə bir addım atılsa, yerdə əlavə 30 manat da artıq qalır. Məncə ağıllı təklifdir. Cənab hökumət nümayəndələri, yəqin ki, bundan sonra minimum əmək haqqını təyin edəndə və İqbal Ağazadə kimi millət vəkillərinin tələblərinə cavab üçün fikirlərinizi əsaslandırmaq istədikdə, dediyim faktlardan istifadə edəcəksiniz. Patent haqqı istəmirəm. Qocalanda pensiyama əlavə edərsiz, o da ya qismət.
cox gozel ve net sekilde izahlandi xeyal qardasim terefinden. Bunu bilmek ucun alim olmaga ehtiyac yoxdur sadece o verilen pensiya ile cenab millet vekilleri bir ay yox,bir hefde yasasaydilar onda milletin nece zulum cekdiklerini bilerdiler.
Xəyal Həsənov
20-01-2012, 14:58:13
Doğurdan da maraqlı yazıdır. Məncə yumurtanın qiymətini bir qədər
aşağı salıb 30 deyil 35 manatda aşağı salmaq olar. Bundan əlavə
Humanist addım atıb kartofunda qiymətindəki mövcud süni bahalaşmanı azaldıb təqaüdçülərin menyularını genişləndirmək olar.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.