Bu sözlər Rüstəm Behrudinin "Azadlıq" şerindən bir misradır. Behrudi həmçinin "Qərbdə Azadlıq Amsterdamda Azan səsidir" deyə də söyləyir. Amma sən demə, hələ də bizdə "Azadlıq"ın nə olduğunu bilmirlər.
İtaliyanın
Venesiya şəhərində iyun ayının əvvəlindən açılan növbəti dünya Təsviri
İncəsənət Sərgisində baş verənlər Avropa mətbuatında fəal müzakirəyə
səbəb olub. Söhbət Azərbaycanın Milli pavilyonunda sərgiyə qoyulan
rəssam Aydan Salahovanın əsərlərindən gedir.
Avropanın bir çox tanınmış qəzetlərində az qala manşet xəbəri kimi
verilən bu məsələ senzura kimi dəyərləndirilsə də, əslində söhbətin
mənəviyyatdan getdiyini hər kəs bilir. Məlumatda qeyd olunur ki, iyunun
1-i pavilyona gələn Azərbaycan prezidenti İlham Əliyev Salahovanın iki
əsərini bəyənməyərək tənqid edib və bundan sonra həmin əsərlərin üstü
örtülüb.
Britaniya mətbuatı yazır ki, İlham Əliyevin bəyənmədiyi əsərlərdən biri
kataloqda "Gəlin" adı ilə qeyd olunur və yalnız əlləri görünən qara
çadralı müsəlman qadınını əks etdirir. "Qara daş" adlı digər əsər isə
Məkkədəki qara daşın interpretasiyasıdır.
Maraqlıdır, görəsən Heydər Əliyev mükafatçısı, dinlərarası sülhün
möhkəmləndirilməsində xidmətlərinə görə "III dərəcəli Şöhrət və Şərəf"
ordeni ilə təltif olunan Rusiya İncəsənət Akademiyasının
vitse-prezidenti Tahir Salahovun qızı Aydan Salahova o cür gəlini harada
görüb? Guya Azərbaycanı təmsil edən birinin belə bir əsərlə Azərbaycanı
Avropaya necə tanıtmaq istəyir? Əslində Salahovanın biabırçı əsərləri
tək bununla bitmir. O, incəsənət azadlığı adı altında əslində İslam
dinini açıq-aşkar təhqir yolunu tutub. Onun sərgidə nümayiş olunan
səviyyəsiz əsərlərindən biri də, dünya müsəlmanlarının qibləgahı,
müqəddəs Kəbə evinin bir küncündə bərklidilmiş "Qara daş"ı qadının
cinsiyyət orqanı kimi təqdim etməsinin özü belə səviyyəsizlik
nümunəsidir. Amma onun İslam dinini təhqir edən əl işləri təkcə bununla
bitmir. Aydan Salahovanın şəxsi veb səhifəsində və sərgidə nümayiş
etdirdiyi, müsəlman qadınını, məscidi təhqir edən şəkilləri, sadəcə bu
şəxsin İslama necə nifrət etdiyinin bariz nümunəsidir. Məhz İslama bu
cür nifrətin səbəbidir ki, Qərb mətbuatı da onun əsərlərindəki
təhqirləri görməzlikdən gəlib onların "qismən" nəyəsə oxşadığını yazıb.
Məsələnin qəribə olan tərəflərindən biri isə, Salahovanın Azərbaycanda
yaşamayıb Azərbaycanı təmsil etməsidir. Görəsən bizim Mədəniyyət və
Turizm Nazirliyimiz nə işlə məşğuldur ki, Azərbaycanı Azərbaycanda
yaşayan deyil, Moskvada yaşayan təmsil edir? Azərbaycanı təmsil edəcək
kimsəmiz yoxdurmu? Yetişdirə bilmirikmi? Dinlərarası sülhün
möhkəmləndirilməsində xidmətlərinə görə "III dərəcəli Şöhrət və Şərəf"
ordeni alan bir şəxsin qızının dinimizi təhqir edərək bizi təmsil etməsi
nəyimizə gərəkdir? Görəsən nə vaxta kimi müstəqil Azərbaycanımızın adı "incəsənət azadlığı" və ya hansısa "azadlıq" adı altında səviyyəsizlik
siyahısında gedəcək?
Deyəsən bizdə azadlıq elə bu cür ölçülür. İncəsənət azadlığı adı altında
İslam təhqir olunur, söz azadlığı adı altında İslam təhqir olunur,
təhsil almaq hüququ bir kənara atılaraq, insanların dini seçim azadlğı
tapdalanıb hicab azadlığı əlindən alınır, əlindən alınmış hüquqlarının
bərpası üçün söz söyləmək azadlığın əlindən alınır, xanımlarımızın əsl
Azərbaycan xanımı kimi, milli adət-ənənələrimizə layiq şəkildə geyinməsi
azadlığın pozulması kimi dəyərləndirilir və sair və ilaxır. Bütün
bunların qarşılığında isə soyunmaq azadlıq sayılır, gecə səhərədək
barlarda qışqırmaq, içib küçələrdə əcaib siqnallarla səhərədək
insanların istirahət hüququnu pozmaq, fahişəlik azadlıq sayılır,
mavilərə hüquq tanınır, təbliğ olunur, hər gün televiziya ekranlarından
bizə əxlaq, mənəviyyat dərsi keçirlər. Bütün bunlar azadlıq sayılır.
Əgər bu kriteriyalardan biri səndə yoxdursa, demək sən köləsən. Ən
qısası, əgər İslama hər hansı bir bağlılığın varsa, sən köləsən, sənin
azdlığın yoxdur.
Amma Rüstəm Behrudi demiş,
Azadlıq - Bakıda
Gecələr sağ-solu
Fahişələrlə dolu
Gedib dənizə dirənən
Ən uzun bir küçənin adıdır.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.