"Düşmənlər sizi qabaqlayıb övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini öyrədin".
İmam Sadiq (ə)
Biz hər gün bir az daha çoxalan gənc bir əhali
potensialına sahibik. Əlbəttə, bunun özü böyük nemətdir. Ancaq bu cür böyük bir
nemətin qiymətini yaxşı qavramağımız və qiymətləndirə bilməyimiz üçün təcili
tədbirlər görməliyik. Hazırda insani və əxlaqi dəyərlərin hər gün bir az da
pozulduğu bir zaman kəsiyindən keçirik. İnsanlıq üçün faydalı olanlara bu gün
daha çox ehtiyacımız vardır.
Əlac isə yalnız təhsildədir.
Lakin müqəddəs Kitabının ilk əmri
"oxu" ("Ələq", 1) olan, "bilənlərlə bilməyənlərin
bərabər olmayacağı" ("Zumər", 9) həqiqəti elan edilən və
"bilmirsinizsə bilənlərə soruşun" ("Ənbiya", 7) vəzifəsi
verilən bir dinin mənsubları olan bizlər, təəssüflər olsun ki, təhsil, elm
mövzusuna lazımınca qiymət vermir, ya da onu ikinci plana salır və bunun üçün
ağır güzəranı bəhanə gətiririk. Yaxşı, bəs "çətin zəmanənin" səbəbi
nədir və ya kimdir, heç düşünübsünüzmü? Övladlarımızın savadsızlığı, cahilliyi
onların gələcəyi üçün məhək daşı olmayacaqmı?
Aləmlərə rəhmət olaraq göndərilən Peyğəmbər
məclisdə oturub elmini artırmayan kəsin Allahdan uzaqlaşdığını bildirərək, elm
axtarışında olan şəxsin ruzisini Allahın yetirdiyini demişdir. O, təlim və
təhsil mövzusunda hər imkanı qiymətləndirmiş və bu mənada sanki səfərbərlik
elan edərək, ən gözəl nümunə olmuşdur. Həzrət Məhəmməd hətta müsəlman uşaqların
məlumatlı böyüməsi üçün əsirlər arasındakı oxuma-yazma bilənlərdən belə
faydalanmışdır.
Övlad - insan üçün bu dünyada verilən ən böyük
nemətdir. Ancaq Allahın bu lütfünün dəyər və qiymətini onları yaxşı insan
olaraq yetişdirməklə ödəyə bilərik. Bunun üçün onlara ilk olaraq İslamı
öyrətməliyik. İmam Sadiq (ə) buyurub: "Düşmənlər sizi qabaqlayıb
övladlarınızı azdırmamış, onlara din barəsində hədislər və İslam maarifini
öyrədin". İslami maarif cəmiyyətin bərqərar olması üçün yaxşı insan, kamil
müsəlman yetişdirməyi də qarşısına məqsəd qoyub və bununçün uşaqlarımıza hələ
kiçik ikən təhsil verməyi məsləhət görüb. Çünki, dünya və axirətin xoşbəxtliyi
olan bir işdə gecikməyin özü də aldanmaqdır. Məhz bu səbəbdən Həzrət Məhəmməd
beşikdən qəbrədək elm axtarışında (öyrənməkdə) olmağı tövsiyə etmişdir.
Hazırda demək olar ki, hamının evində yeniyetmə
və gənc uşaqlar var. Və bu ailələrdən bir qismi yuxarıda dediyim kimi çətin
güzəranlarını bəhanə gətirərək övladlarını oxutmur, bəziləri də uşaqlarına
ancaq dünyəvi təhsil verməklə kifayətlənir, İslami qayda-qanunları
öyrənmələrinə isə "dərsləri ağırdır", "qabaqdan imtahanlar
gəlir" və sair bəhanələrlə mane olurlar. Beləsə, heç olmasa qarşıdan gələn
qısa fürsətlərdən lazımınca istifadə etmək lazımdır. Məsələn, üzümüzə gələn yay
istirahətini - həm tətil, həm də təhsil şəklində qiymətləndirməyi planlaşdıraq,
heç olmasa bu kiçik müddət ərzində müxtəlif şəhər və qəsəbələrdə açılan
kurslarda uşaqlarımızın din, insani və əxlaqi vəzifələrini öyrənmələrinə
çalışaq. Beləliklə övladlarımız daha məlumatlı, əxlaqlı, insanlığa daha faydalı
olarlar. Unutmayaq ki, ən böyük düşmənimiz cəhalət, ən böyük narahatlığımız isə
əxlaqi pozğunluqdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.