Bu günlərdə universitetdə tələbələrimlə birlikdə görmə məhdudiyyəti olan bir uşağın həyatı barədə maraqlı bir filmə baxdıq. Çox təsirli və sosial mənaları zəngin olan bir film idi. Filmdə bəyəndiyim ən əsas məqam görmə mədudiyyəti olan bu uşağın öz həyatını tipik insanlardan qat-qat sevgi ilə yaşaması idi. Onun üçün heç bir məhdudiyyət yox idi. Əgər cəmiyyət, yaxınları ona yersiz məhdudiyyət qoymasaydılar...
Baxdığımız bir film idi, ancaq filmdə olanlar real həyatdan götürülmüş ssenari əsasında çəkilmişdi. Necə ki, biz yaşadığımız cəmiyyətdə bu cür uşaqlara "kor" deməklə onları özümüzdən uzaqlaşdırmağa çalışırıq, onları yadlaşdırırq, eləcə də bu cür yanaşma səbəb olur ki, bəzən valideynlər fiziki məhdudiyyəti olan övladlarını təhsildən yayındırmağa, cəmiyyətə inteqrasiyasının qarşısını almağa, mümkün qədər onlara evin otağının bir küncünü göstərməyə və ən pis halda isə xüsusi müəssisələrə yerləşdirməsinə üstünlük verirlər. Halbuki, öz-özlüyündə fiziki məhdudiyyəti olan bu uşaqların hər biri gələcəyin mütəxəssisi, yaxşı müəllimi, peşakar kompyuter ustası, nümunəvi ailə başçısı və s ola bilərlər. Bu qədər məhdudiyyət qoymaqla biz əslində onları çarəsiz və ümidsiz göstərməyə çalışırıq.
Həmişə inklyuziv cəmiyyət arzusunda olmuşam. Bu elə bir cəmiyyətdir ki, orda müxtəliflik nəzərə alınaraq hər kəsin haqqı gözlənilir, hər kəsə ədalətlə yanaşılır. Son günlər isə durmadan elə bu haqda düşünürəm. Parklar salınır, fiziki məhdudiyyəti olan insanların rahat hərəkəti nəzərə alınmır, binalar tikilir, idarələr təmir olunur, ancaq yenə də müxtəliflik nəzərə alınmır. Biz bərabər şərait yaratmadan necə bu insanlara çarəsiz deyə bilirik?! Bəlkə çarəsiz elə bizik?! Sosial dəyişiklik agenti (sosial işçi) kimi bu yazıda da hər kəsi, müxtəlifliyə hörmət etməyə, xüsusi qayğıya ehtiyacı olan bu cür övladlarımıza inkişaf etmək üçün lazım olan hər bir şəraiti yaratmağa səsləyirəm.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.