Valideyn himayəsi anlayışı bəzilərimizə adi gəlsə də, bu uşaqlar üçün son dərəcə həssas bir mövzudur. Bir vaxtlar, sovet sisteminin ayaqda qalması üçün var gücü ilə "ana tərbiyə sistemi" üzərində qurulan Azərbaycan ailəsinin qadınını kolxoz və sovxozda işlətməyə çalışan sovetlər qısa zaman ərzində ölkə ərazisində bir çox internat evləri, uşaq, körpə müəssisələri inşa etdirdi. Səhərdən axşama qədər internat məktəblərində təhsil alan bu uşaqların valideynləri də məhz səhərdən axşama qədər sovetlər üçün çalışırdı. Müstəqillik əldə etdik.
Kolxozlar, soxvozlar ləğv olundu. Amma uşaq müəssisələrinin fəaliyyətləri davam etdi. Düzdür, ölkədə internat evlərinin fəaliyyətlərinin məhdudlaşdırıması üçün müvafiq işlər görülür. Məsələn, 2006-2015-ci illləri əhatə edən de-İnstutlaşma proqramının qəbul edilməsi uşaq müdafiəsi sahəsində ən əhəmiyyətli sənədlərdən biridir. Ancaq, hər bir qanunun cəmiyyətdə işləməsi üçün ilk növbədə sosium bu barədə məlumatlandırılmalıdı. İnternat evləri və uşaq müəssisələrinin uşaqlara nə kimi mənfi təsirləri barədə maarifləndirmə işləri həyata keçirilməlidir. Təbii ki, burda ilk növbədə əsas məsuliyyət sosial işçilərin üzərinə düşür. Yuxarıda adını çəkdiyim dövlət proqramın icrasına cəlb olunub, olunmamasından aslı olmayaraq hər bir sosial işçi "dəyişiklik agenti" rolunda bu işlərin sistemli aparılmasına öz töhvələrini verməlidirlər.
Biz valideynləri uşağın tərbiyə almaq üçün uşaq müəssisəsinə - ixtisaslaşmış internata, uşaq evinə və ya sadəcə olaraq uzun müddətli müalicə alacağı xəstəxanaya yerləşdirilməsinin onun inkişafında ciddi şəkildə əks olunması faktına inandırmalıyıq. Uşağın internatda həyatının necə keçdiyini araşdıran çoxsaylı tədqiqatlar da sübut edir ki, əgər uşaq öz təbii, sevdiyi əhatəsindən ayrılmışsa bu onun inkişafdan çox ciddi şəkildə geri qalmasına səbəb olur. Uşaqlar yaxın insanlarla münasibət qurmaq imkanından məhrum olurlar, tərbiyəçilərin zamanla əvəz olunması səbəbindən onların əhatəsi sabit olmur, onların ünsiyyətə və diqqətə olan tələbatları tam olaraq ödənilmir. Bunun nəticəsi o olur ki, uşağın ətrafda baş verənlərə qarşı marağı azalır. Uşaq artıq onunla kiminsə həqiqətən də maraqlanmasına olan "inamını" itirməyə başlayır, o yaşlılardan dəstək gözləməməyə və ətraf mühiti araşdırmağa maraq göstərməməyə başlayır. Uşaq evindəki şərait emosional pozuntularla yanaşı nitqin inkişafının ləngiməsinə də səbəb olur. Çünki onun yaşlılarla daim qarşılıqlı əlaqədə olmaq imkanı və ünsiyyət vərdişlərini inkişaf etdirmək imkanı olmur. Qayğı və diqqət çatışmazlığı üzündən əksər uşaqlar boy və çəkidə geri qalırlar.
Xüsusən də fiziki məhdudiyyəti olan (əlilliyi olan) uşağa qarşı, internat müəssisəsinə yerləşdirilmə kimi tədbir tətbiq etmək daha ciddi pozuntulara səbəb ola bilər.
Biz bilməliyik ki, inkişaf üçün ən vacib şərtlərdən biri - sevgi dolu əhatədir. Biz yalnız özümüzü təhlükəsiz hiss etdikdə, əhatəmizdə olan yaxın insanların hər an bizi dəstəkləməyə hazır olduğunu, bizi olduğumuz kimi qəbul etdiklərini və bizə kömək göstərməyə hazır olduqlarını bildikdə ətraf mühiti dərk etməyə və qabiliyyətlərimizi inkişaf etdirməyə yönələ bilərik. Əgər insan sevildiyinə əmin olmasa, o zaman o bütün vaxtını sevgiyə layiq olduğunu özünə və digərlərinə sübut etməyə sərf edəcək. Belə situasiyada inamlı davranış, yaradıcılıq və özünüreallaşdırmaya və nəticəvi olaraq harmonik inkişafa az zaman və imkan qalır.
Və ən əsası. İnternat evlərinə yerləşdirdiyimiz körpələr həmişə beyin stressi altında olurlar. Stress altında isə heç bir inkişafdan söhbət gedə bilməz. Tənhalıq qorxusu insan həyatındakı ən güclü qorxulardan biridir. Uşaq müəssisələrində yerləşən balalarımız isə daima bu qorxunu hiss edirlər.
Beləcə, sosial məsuliyyətimi dərk edərək bu köşə yazımda fikrlərimi siz əzizlərimlə bölüşmək qərarına gəldim. Siz də bölüşün. Sosial dünyada "sosiofobiya" yaşamamaq ümüdi ilə!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.