Yaşadığımız cəmiyyət yalanla xəyanətin izdivacı nəticəsində dünyaya göz açıb
"Arvadların, uşaqların, nökərlərin, zəiflərin,
yoxsulların və cahillərin xəta etməsində ərlər, atalar, ağalar, güclülər,
varlılar və alimlər müqəssirdirlər". (Viktor Hüqo)
Dahi yazıçı həmçinin deyir: "Cahillərə
bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyət özü
günahkardır".
Bəli,
baş verən neqativ hallara görə məhz cəmiyyət dediyimiz toplum cavabdehdir.
Çünki hansısa cinayətə şərait yaratmaq elə cani qədər suç qazanmaq deməkdir. "Cəmiyyət fərdlərin toplumudur" prinsipini qəbul etsək, etiraf etməliyik ki,
fərdləri də cəmiyyət tərbiyyələndirir. Onların hansı istiqamətdə inkişaf
etmələri isə təbii ki, birbaşa cəmiyyətin taleyüklü məsuliyyətidir. Bu baxımdan
mühit insanı həm ən alicənab və kövrəkqəlbli məxluq edə bilər, həm də ən
rəhmsiz və qaniçən kabusa çevirər. İnsanların vəhşiləşməməsi üçün elmi
inkişafla yanaşı ədalət prinsipləri və rəhmdillik də aşılanmalıdır.
Bu vaxta qədər cəmiyyət və cəmiyyətdəkilər
haqqında kifayət qədər xoş sözlər deyilib, uzun-uzadı təriflər söylənilib və
populist çıxışlar edilib. Yaxud bunların əksi olaraq cəmiyyət tənqid atəşinə
tutulub və sair. Bunların arasında ruhsuz və yaltaqcasına kimlərinsə xoşuna
gəlmək üçün deyilən sözlər də olub, həqiqəti əks etdirən fikirlər də. Fikrimcə,
cəmiyyətimizi təcəssüm etdirən reallıqlar tam başqadır. Həqiqət olaraq etiraf
edilməlidir ki, insan ömrüylə müqayisədə böyük zaman kəsiyi ərzində kommunizm
ideologiyası altında yaşamağa məhkum olmuşuq. Bunu nəzərə alaraq deyə bilərik
ki, yaşadığımız cəmiyyət YALANla XƏYANƏTin izdivacı nəticəsində dünyaya göz
açıb. Bu nigah adi və müsəlmansayağ olmayıb. Bu izdivac ancaq sövet nəğmələrinə
köklənərək, şampan partladılaraq və əcnəbi dillərdə rəngarəng TOST deyilərək
mümkün olub. Belə bir cütlükdən yalnız rüşvət, bir-birini aldatmaq, böhtan və
bu kimi bicbalalar doğula bilər. Elə doğulub da. Bax əsl problem yalanla
xəyanətin açıq-aşkar vəhdətidir. Çünki bütün şərlər məhz həmin iki cinayətdən
törənir. Bunun nəticəsi olaraq yalanı özümüzə şərəf, yalançılığı isə ən ali
titul hesab edirik. Xəyanət isə gündəlik həyatımızın tacı olub. Amma çox
təəssüflər olsun ki, sonsuz qaranlığın əhatəsində olduğumuzu hələ dərk etmirik.
Daha dəhşətlisi odur ki, qəlbləri buz kimi donduran bu zülmətdə elə xariqüladə
bir şey var ki, bunu ifadə etmək üçün söz acizdir
Bəs biz nə edirik? Görəsən zülmət dəryasında
nəhayətsiz dalğalarla çarpışan cəmiyyət adlı gəminin nicatı üçün bir MAYAK
tapılacaqmı? Yoxsa bu gəmi rəhmsiz dalğaların qoynunda hələ çox qeyri-müəyyən
istiqamətlərə üz tutacaq? Bəlkə də bir neçə ildən hansısa səriştəsiz kapitanın
oyuncağına çevrilib sonra da bir müddət ünvansız hərəkət etməyə məhkum olmuşuq?
Fikrimcə bu suallara cavab tapılmayacaq. Çünki biz özümüz istəmirik. Ancaq
aldadıcı vədlərə uyub bir kq konfetə görə səsimizi seçki qutusunun dərinliyinə
elə tullayırıq ki, nəinki 4-5 il, heç əlli il sonra da eşidilməyəcək. Gənclərin
istedadını, onların mübariz ruhlarını öldürməklə ürəyimiz sanki soyumur, yerin
daha dərinliyində dəfn edib sonra da qəbrlərini yandırırıq. Bax bu bizim real
cəmiyyətimizdən görünən primitiv nümunələrdir.
Burada bir şeyi deməsəm insafsızlıq olar.
Əslində biz cəmiyyətimiz və gələcəyimiz üçün kifayət qədər çalışırıq. Amma bu
fəaliyyət qaz altına ördək yumurtası qoyub qaz balalarının çıxmasını gözləmək
kimidir. Daha bilmək istəmirik ki, qaz ördək balası çıxartsa da, onlar qaz
yerişi yeriyə bilməzlər.
Bizim isə yalnız bir çıxış yolumuz qalır: AĞ
BAYRAĞI götürüb bizə məlum olmayan ünvana təslim olaq. Çünki istəsək də,
istəməsək də artıq bu bayrağın altında döyüşürük. Sabahına və sağlamlığına
ümidini itirən əsgər kimi!!!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.