Bir neçə ay öncə sosial şəbəkələrdə bir-birimizə "cümən mübarək" deyəndə heç kəs düşünmürdü ki, bir gün, bu mübarək cümələr "mübarək"ləri aşıracaq. Bir vaxtlar, cümə adını (müsəlmançılıq və İslam rəmzi olduğu üçün) dilinə belə gətirməyə utananlar indi çox fəxrlə "CÜMƏ" deyirlər.
Siyasət və gündəm barədə yazmağa hələ tələsmirəm. Odur ki, cümə söhbətləri qalsın başqa vaxta. Məni düşündürən gündəmi dəyişdirən insanımızın psixoloji, emosional və sosial davranışıdır. Mən qıraqdan qırağa, özümə "niyə?" sualları verməklə günü gündən sosiallaşan Azərbaycanımızın sosiuma inteqrasiya prosesi keçən insanının davranışını öyrənməyə çalışıram. Niyə sosiallaşan?! Çünki, bir vaxlar, "internetə girmə, ora yalnız boş vaxt itkisidir" deyən insanları indi internetdə xəbər saytlarını dəqiqəbədəqiqə izləyən, sosial şəbəkələrdə aktiv sosial-siyasi mövzularda fikr və rəy birdiklərini görəndə artıq, feysbuk macəralarının ölkəmizə də çatdığını düşünürəm.
Qısası. Mən hökümətin narahatçılığını çox gözəl anlayıram. Vəziyyət çox əcaibdir. Əvəllər, həbslər artıqca cəmiyyətdə, istər bitərəflərin, istərsə də ki müxalifətçilərin davranışı dəyişirdi. Təbii ki, "müsbət" möhkəmlənməyə doğru. Dubinka və həbslər cəmiyyətdə etiraz davranışını səngidirdi. İndi hər şey əksinədir. Polis dəyənəyi gücə saldıqca, cəmiyyətin davranışı "mənfi" möhkəmlənməyə (əlbəttə ki, hökümət nəzərində), yəni etirazların artmasına doğru gedir. Polis və aksiyaçı arasında respondent davranışın yox, operant davranışın şahidi oluram. Əvəllər dubinka (stimul) və ardınca passivlik və qorxu (davranış) müşahidə olunurdusa, indi əksinədir. Hazırda cəmiyyətdə artan sosial narazılıq davranışı müəyyənləşdirir. İnsanlar sanki "istefa" deməklə rahatlaşdıqlarını düşünürlər. Bax, bu artıq ciddi məqamdır. Belə olan halda (davranış stimuludan əvvəl gəldikdə) sosiallaşan insanların istənilən formada cəzalandırılması, o davranışın qarşısını nəinki alacaq, əksinə, bu dəfə mitinqdə dubinka və ya göz yaşardıcı qaz görən etirazçı, onun bu reaksiyasına veriləcək cəzanın bundan artıq olmadığını düşünərək növbəti etirazlara gözü yumlu və daha ürəklə gedəcək. Və ya həbslər. Həbslər müddətsiz olmur. Xüsusi ilə bu kimi aksiyalardan sonra maksimum həbs 2-3 ay olur. Həbsdən sonra yenə azadlıq. Artıq, mitinq davranışı möhkəmlənməyə başlayır.
Təəssüf edirəm ki, "sosium niyə radikallaşır?" adlı yazını yazanda bir insan yaxınlaşıb nədən belə qənaətə gəldiyimi soruşmadı. Həmən yazını bu gün yazsaydım onun adını "sosium radikallaşır" yox, "sosium artıq radikallaşıb" qoyardım. Sosial dünyada yaşadığımızı unutmamalıyıq. Sosial dünyada sosiallaşmayan insanlar bir vaxtlar sosiallaşmağa doğru gedərkən, onların davranışları idarəolunmaz və "əjdaha"vari də ola bilər. Çıxış yolunu da bilirəm. İstənilən halda cəzadan qaçmaq lazımdır. Alternativ yollar axtarıb tapmaq olar ki, biri də dialoqdur. Narazı qüvvələrə masa arxasında polemikaya dəvət etmək olar. Bu onların davranışlarını "müsbət" istiqamətdə möhkəmləndirmək üçün daha münasib yol olacaq. Əks halda, mitinq və etiraz aksiyası davranışı günü gündən artacaq.
|