Son günlər sosiumda radikallaşma prosesi müşahidə olunur. Cəmiyyət və dövlət münasibətləri, bu münasibətlərin tənzimlənməsi dövlət yarandığı gündən aktual məsələlərdən olub. Sosiologiya elmi də bir növ insanların dövlətə nisbət cəmiyyətdəki münasibətləri və rollarını öyrənən elm kimi sosiumun tədqiqinə başladı. Tezliklə humanist yanaşma tərəfdarları meydana çıxdı və onlar sosiumda baş verən dəyişiklikləri insan ehtiyacı, insan tələbatı ilə bağlamaqla, bir növ cəmiyyətin aqressiya yükünü dövlətin üzərinə qoymuş oldular. Çünki, cəmiyyətin tələbatı məhz dövlətin qanunları, siyasəti və idarə metodaları ilə ödənilir. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra insan və onu əhatə edən cəmiyyət, cəmiyyət və dövlət münasibətləri daima aktual məsələlərdən olmuşdur. Xüsusi ilə də, uzun illər insana komunist və sosialist yanaşmanı təbliğ edən və qanun və idarəçilik səviyyəsində belə sovetdən qalma ənənələr artıq bazar iqtisadiyyatı və sosial yönümlü siyasət yürüdən dövlətimizin tələbatlarına cavab verə bilmirdi. Təbii ki, sosiumun ehtiyacları XXI əsrin inkişaf tempinə uyğun irəliləyirdi. Belə olduqda, artıq dövlət cəmiyyət münasibətlərini tarazlayacaq əlaqələndirici kadrların yetişdirilməsi prosesi sürətlənməyə başladı. Universitetlərdə sosiologiya, psixologiya, fəlsəfə elmlərini sovet yanaşmasından qurtarmaq üçün Avropa və qərb dünyasının müasir yanaşmaları da tədris olunmağa başlandı. Nəticədə artıq, yeni əsrdə cəmiyyətdə fərdlərin ehtiyacları ilə maraqalana biləcək işçilərə, sosial işçilərə ehtiyac olduğu məlum oldu. Azərbaycanda sosial iş bir elm kimi yenicə formalaşmaqdadır. Hazırda bir neçə universitetdə sosial iş ixtisası üzrə bakalavr və magistr təhsili verilir. Əvvəlki yazılarımda dəfələrlə sosial işə tərif verməyimə baxmayaraq yenə də qısaca olaraq qeyd etmək yerinə düşərdi ki, sosial iş əhaliyə, xüsusi ilə onun ehtiyaclı olan təbəqəsinə göstərilən xidmətdən ibarətdir. Göründüyü kimi, sosiumda bir əhali qrupları var ki, onların problemlərinin həlli məhz bu kontingent qrupa xüsusi və fərdi yanaşma tələb edir ki, mövcud ehtiyaclar ödənsin və narazılıqlar aradan qalxsın. Bu baş vermədikdə, təlabatlar ödənilməmiş qaldıqda, nəticə cəmiyyətdə həmən qrupların aqressivliyinə gətirib çıxarır. Bu qarnına bir tikə çorək tapa bilməyib acından hər kəsi acıqlayan insanın misalına bənzəyir ki, onun qarnı doyduqda artıq aramlıqla həyatına davam edir. Sosial iş nöqteyi nəzərdən bu gərginlikləri azaltmaq və sosiumun inkişafına nail olmaq üçün mütləq və mütləq insan ehtiyacları müvafiq resurslarla ödənilməlidir. Dövlət cəmiyyətin ehtiyaclarının ödənilməsi üçün resursların yararlı olmasında maraqlı olmalı, ehtiyaca cavab vermək iqtidarında olmayan resursları isə bərpa etməli və yeniləməlidir. Sosium insanlardan ibarət olduğu üçün burada əsas şərt insan ehtiyaclarının ödənilməsidir. İnsanın həyatının inkişaf dövründə bir sıra ehtiyacları ola bilər. Müsbət özünü dərk, emosional ehtiyacdan tutmuş şəxsi təmin edilmə və fiziki ehtiyaclara qədər. İnsan bu ehtiyacların ödənilməsi üçün lazımı resusrların mənbəsini tapmadıqda və ya ona əli çatmadıqda, istər-istəməz narazılıqlar başlayır və belə olan halda ödənilməyən ehtiyaclı insanlar toplusu artır. Təbii ki, bu halda sosiumda istənilən istiqamətdə emosional durum dəyişə bilər. Əgər sosiumda olan bir fərdin qida, geyim, ev, səhiyyə, təhlükəsizlik, müdafiəyə olan ehtiyacları ödənmirsə və ya təhsil, istirahət, nailiyyət, din ehtiyacının resurslarında problem yaranırsa, həmən fərdin radikallaşmağa və əksinə özünəqapanmaq istiqamətində inkişafı müşahidə oluna bilər. Fərdlərin özünə hörmət, özünə inama ehtiyaclandırmaq üçün mütləq ilkin təlabatlar (fiziki, təhlükəsizlik, sevgi və özünə hörmət) ödənilməlidir. O halda şəxsiyyət özünə hörmət, özünə inam, digərlərinin ona ehtiyaclı olduğunu hiss etmək, digərləri tərəfindən qiymətləndirilmək kimi cəmiyyət üçün yararlı ehtiyacları formalaşır. Beləliklə, göründüyü kimi, insanların sosiumda sosial fəailiyyətlərinin gücləndirilməsi onların ehtiyaclarının qarşılanmasından ibarətdir, çünki yalnız bu ehtiyaclar müvafiq şəkildə ödənildiyi halda insanlar cəmiyyətin məhsuldar və tövhə verən üzvləri kimi fəaliyyət göstərə bilərlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.