Qədimdən belə bir deyim var ki, "söz var kəsdirər başı,
söz var kəsər savaşı". Son günlər bu barədə çox düşünürəm. Görəsən bizə
verilən bu nitq və ünsiyyət vasitələrindən niyə məişətimizdə, gündəlik
həyatımızda yetərincə istifadə edə bilmirik. Niyə biz ünsiyyət problemi
yaşayırıq?! "Bizim ünsiyyət problemimiz var, biz hətta Allahla belə
ünsiyyətə girə bilmirik", meyarını dostlarla söhbət zamanı
səsləndirəndə, əksər dostların fikrə daldığının şahidi oldum. Modern
cəmiyyət və modern dünyanın qlobal problemlərindən biri sırasına mən
ünsiyyətə girə bilməməyi də aid etmək istərdim. Bu tək bizə, bizim
cəmiyyətə xas olan xüsusiyyət deyil. Bir vaxtlar Xantinqton, Fukuyama və
digər Amerika konfliktoloqları mədəniyyətlərin, dinlərin, adətlərin
toqquşacağını əminliklə söyləyirdilər. Bu ünsiyyətin, dialoqun dəyərini
aşağılamaq və müxtəlif insanların onsuz da bir-biri ilə konfliktə
girəcəyi fikrini aşılmaq idi. Bəs əslində nə baş verdi?!
...Livan. 1960-1980-ci illər. Yadımdadır, universitet vaxtlarında
"Müqayisəli Politologiya" fənnində mənə Livan və Azərbaycan
konstitusiyalarının tədqiqatı və müqayisəsi ev tapşırığı kimi düşmüşdü.
Hələ onda mən Livanın nə qədər qarışıq, fərqli dini konfessiya və siyasi
baxışlı qruplara malik olduğunu müşahidə etmişdim. Hətta konstitusiya
səviyyəsində belə, orada ölkə hakimiyyəti müxtəlif dini konfessiyalar
arasında razılaşdırılmış şəkildə bölüşdürülmüşdü. Bu qədər qarışıq
ölkədə dialoq mədəniyyətini konstitusiyaya belə qədər gətirib çıxarmağa
qadir olan insan barədə də bəzi tədqiqatlar aparmışdım. Ötən əsrin sonu
Livanda Xantinqtonun nəzəriyyəsi, yəni dinlər, mədəniyyətlər toqquşacaq
fikri empirik şəkildə özünü büruzə verirdi. Bir vaxta qədər ki, bu
ölkəyə Musa Sədr adlı dialoq və ünsiyyət tərəfdarı olan insan gəldi. O
xristianların müdafiəsinə məsciddən, müsəlmanların müdafiəsinə isə
kilsədən başladı. Qısa zaman kəsiyində ölkədə mövcud icmalar arasında
dialoq yaratmağa nail oldu. Bu artıq dialoq və ünsiyyətin zorakılığa
əməli qələbəsi idi...
"Bizim ünsiyyət problemimiz var, biz hətta Allahla belə ünsiyyətə girə
bilmirik". Dostlar çox narahat oldular. Həqiqətən bizə yaxın olduğu
halda Onu (Yaradanı) uzaqda saxlamaq məhz ünsiyyətə girə bilməməyin
nəticəsidir. Biz bəzən öz valideynlərimizlə belə normal ünsiyyətdə olub,
onları özümüzə yaxın edə bilmirik. Ünsiyyətdən qaçmaq məişət
səviyyəsində belə zorakı davranışa səbəb olur. İşdən evə gəlib yeməyin
hazır olmadığını görən ər, əsəblərinə nəzarət edib bunun səbəbini öz
həyat yoldaşından öyrənmək qərarına gəlsə, inanın ki, nə zorakı bir
davranış sərgilənəcək, nə də ki münaqişə yaranacaq. Əksinə, ünsiyyət
imkan verəcək ki, yeməyin hazırlanmamasının səbəbləri aşkar olsun. Bu
evdə ərzağın olmaması, xanımın gün ərzində özünü yaxşı hiss etməməsi,
qazın (məişət) gəlməməsi və s. ola bilər ki, bunları qarşı tərəf bildiyi
andan güzəştə getməyi bacaracaq. Ünsiyyət valideyn-övlad
münasibətlərində də əsas rol oynayır. Kiçik yaşlarından övladı ilə
ünsiyyətdə olan, onun fikirlərinə əhəmiyyət və dəyər verən valideynlər
heç bir zaman məişət səviyyəsində uşaqlara qarşı zor işlətməz, onlara
fiziki cəza vermək ağıllarına belə gəlməz.
...İbrahim peyğəmbər. Qurbangah zamanı. Ahıl yaşını ötmüş İbrahim
peyğəmbər öz balasını məlum yuxulardan sonra Allah dərgahında qurban
kəsmək üçün qurbangaha gətirir. Allahın istəyi ilə övladını qurban
kəsməli olan ata, övladı ilə necə ünsiyyətə girir. Ona yuxusundan
danışır və yuxuda ona oğlunu kəsmək əmri gəldiyini bildirir. "Oğlum,
sənin fikrin bu barədə necədir" - deyərək, balaca övladına şəxsiyyət
verir və onun fikirləri ilə maraqlanır. İbrahim peyğəmbər "Ata, Allahın
əmridirsə, durmadan icra elə" cavabını alır. Hətta ölümü belə, bu iki
İlahi şəxsiyyəti ünsiyyət vasitəsi ilə asanlaşdırır...
Bizim insanımız elə bir dinin nümayəndəsidir ki, o din insanın insanla
xoş ünsiyyətini təbliğ edir. Özünə qapanmağı, ünsiyyətə girməyi qadağan
edən digər səmavi və qeyri səmavi dinlərdən fərqli olaraq, İslam
ünsiyyətdə olmağı tövsiyə etməklə bərabər yollarını da göstərir. "Zümər"
surəsini oxuyan hər kəs mələklərin insanla necə ünsiyyətə girməyinin
sadə bir nümunəsini müşahidə edə bilər. "...Və behişt gözətçiləri onlara
deyərlər: - Salam olsun sizə, xoş gəldiniz, içəri girin, burada əbədi
qalacaqsınız..."
Beləcə, qarışıq və hələ də daranmayan bu fikirlərimi sizlə bölüşmək,
sizlə paylaşmaq qərarımdan haçansa təəssüflənməyəcəyimə ümid edirəm. Bu
sizlə səmimi ünsiyyətimə dair bir nümunə idi. Əslində bir yazar üçün
oxucusu ilə ünsiyyətə girməkdən gözəl heç nə ola bilməz. Təbii ki, bu
sizin mənə yazdığınız email və şərhlər vasitəsi ilə reallaşır.
Çox gözəl və önəmli mövzuya toxunmusunuz. Məncə də bu insanların bugünkü ən böyük problemlərindən biridir. Biz ünsiyyət qurmaqla bir çox, hətta deyərdim ki, bütün məsələlərimizi həll edə bilərik! Allah qələminə qüvvət versin!
Ismayilova Gulsen
20-11-2010, 20:49:37
SALAM.Men sizden cox sey oyrenmisem cox sagolun.duzdur unsiyyet vasitesile valideyn ovlad munasibet yaranir.dostluq yaranir,mehribanliq yada dusmencilik olur.unsiyyet vasitesile en esasi sevgi yaranir ALLAHLA unsiyyete girerek ona yalvarir dua edir.unsiyyet vasitesi ile bir şexse sevgi hissleri yaranir.
Cemile
24-11-2010, 03:33:02
Ünsiyyet temelinden sağlam, beraberhüquqlu ve sivil diyaloga esaslanmalidir. unsiyyetimizde her an hissleri olan , anlamaga ve bashqalarinin da onu anlamasina ehtiyaci olan bir ruha sahib I.
seymur sultanli
30-11-2010, 18:30:39
salam necesiz?cavidbey doqrudanda unsiyyet problemi ovladlar ve valideyinler arasinda daha genis yayilib.misal ucun valideyn ovladin hansisa bir problemini basqa bir neferden esidir.hemin sexs bu problemi valideyine duzgun basa salmir neticede bu ovlad ve valideyn arasinda yeni kofiliktin yaranmasina getirib cixarir.buna sebeb kimi valideyinlerin ovladlari ile duzgun maraqlanmamalarini dusunurem .ele valideynler varki ovlada pul vermekle. onun geyimini almaqla.onun qida telbatini odemekle ele basa dusurki artiq ovladi ucun her seyi etdi.amma onun heyati ile maraqlanmir.bu zaman unsiyyet problemi meydana cixir.ailede yeni munaqise yaranir.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.