Hər cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də müxtəlif düşüncəli insanlar var. Hərə həyata bir aspektdən baxır. Biri dar pəncərədən baxır, biri isə geniş pəncərədən. Biri cəhalət pəncərəsindən baxır, biri isə ağıl və elm pəncərəsindən. Bəzi insanlar cəmiyyətdə özünə yer tapa bilməyəndə məcbur olurlar kimlərisə pisləyə, təhqir edə ki , bəlkə məşhurlaşa, cəmiyyətdə nüfuza sahib ola. Belə insanların düşüncə tərzi zəif olduğu üçün bu cür yollara əl atırlar. Və bəzən də çəkilərindən çox-çox ağır olan şəxsiyyətlərə dil uzadırlar. Belə insanlar tarix boyu mövcud olub. Məsələn, İslam Peyğəmbəri təbliğə başlayanda, Əbu Ləhəb və Əbu Sufyan kimi insanlar cəmiyyətdə nüfuzlarının heçə endiyini görüb, Həzrət Məhəmmədə (s) məcnun, sehrbaz və şair deməyə başladılar. Onlar bu sözlərlə cəmiyyətdə itmiş mövqelərini bərpa etmək istəyirdilər. Çünki, Həzrət Məhəmməd (s) o vaxtki cahil ərəblər üçün fövqəladə insan idi. Əbu Ləhəb və Əbu Sufyan kimi insanlar Peyğəmbəri və Quranı təhqir etsələr də, axşamlar gizlincə Məhəmmədin (s) evinin pəncərəsinin qarşısında dayanıb Qurana qulaq asırdılar. Həzrət Məhəmməd (s) Ərəbistana islamı gətirəndə, doğurdan da Ərəbistanda vəziyyət acınacaqlı idi. Ərəblərin vəhşilikləri sonsuz həddə idi. Öz qızlarını diri-diri basdırırdılar, heç bir səbəb olmadan on illərlə qanlı tayfa müharibələri edirdilər. Həzrət Məhəmmədin gətirdiyi İslam isə düşüncəsiz vəhşi çöl ərəblərini dəyişdirə bildi. Əlbəttə, dəyişməyənlər də oldu. Bu öz yerində. Amma ümumilikdə İslam, Ərəbistanı vəhşilikdən və cəhalətdən paklığa və inkişafa doğru apardı. Bunları sadalamaqda əlbəttə məqsədim var. İndi cəmiyyətimizdə öz şəxsiyyətini itirmiş və cəmiyyət tərəfindən dışlanmış şəxslər var. Bu insanlar İslam və onun müqəddəsatlarına dil uzatmaqla batdıqları çirkablıqdan xilas olmağa çalışırlar. Amma onlara bir həmvətənim kimi demək istəyirəm ki, bu çıxış yolu deyil. Seçiminiz sizi batdığınız bataqlıqda daha da batıracaq. Həzrəti Məhəmmədin (s) gətirdiyi İslam, vəhşi çöl ərəbini dəyişib insaniyyətin ən yüksək məqamına ucaltdı. Əgər hər cəhətdən vəhşi çöl ərəbindən öndə olan zamanın insanları, Həzrət Məhəmmədi (s) və onun gətirdiyi pak olan İslam dinini öz köşə yazılarında tənqid edirsə, deməli bu şəxslər cəhalət dövründən əvvəlki zamanda qalıblar. Deməli bu insanların ağlı 1400 il bundan qabaqkı heç bir texnologiya görməmiş çöl ərəbindən çox geridədir. Nə olsun ki, saçına jele vurub, gözünə eynək, çiynində notbuk gəzdirir, başına da şlyapa qoyur. Bəzən isə Şərqdə insan haqlarının tapdalandığı, Qərbdə isə insanların yüksək səviyyədə yaşadığı önə çəkilir. Amma bu heç də belə deyil. Əlbəttə, həm Şərq ölkələrində, həm də Qərb ölkələrində insan haqları pozulur, diktatura rejimi hökm sürür. Bu insanlar iddia edirlər ki, Fələstində, Sudanda, Yəməndə, Əfqanıstanda, Özbəkistanda, Türkmənistanda, Suriyada, Pakistanda diktatura rejimidir. Bu sözləri yazan adam gərək o qədər kor ola ki, bu ölkələrdə hər gün Qərb ölkələri tərəfindən tökülən qanları görməyə. Fələstin, İraq, Əfqanıstan, Pakistan, Sudan və Yəməndə Amerika, İsrail və bəzi Qərb dövlətlərinin hökmranlığı davam edir və günahsız insanlar qətlə yetirilir. Digər ölkələrdəki vəziyyət isə göz qabağındadır. Öküzləri mizraqla vurmaq və ya onları açıb insanların üzərinə buraxmaq tərəqqidirmi? Bir-birini pomidor atəşinə tutmaq tərəqqidirmi? Məktəbli qızların ana olması tərəqqidirmi? Homoseksual olmaq və fahişələr üçün xüsusi küçələrin ayrılması tərəqqidirmi? Qaradərililərin məhz Qərb ölkələrində hücuma məruz qalması tərəqqidirmi? Qadınların lüt şəkildə vitrinlərə qoyulub satılması qadın verilən yüksək dəyərdirmi? Dediyiniz diktaturalıq, "tərəqqi" və "azadlıq" daha çox Qərbdə özünü büruzə verir. Mən Şərqi tərifləmirəm. Dediyim kimi, Şərqdə də zaman-zaman anormallıqlar baş verir. Amma bu bizim Şərqdir, Qərbin çirkinliklərini bizə gözəllik kimi təqdim etməyin. Qərb mütəfəkkirlərinin İslama baxışı heç də bizim kütqələm yazarlarımızın dediyi kimi deyil. Qərb həmişə Şərqdən nə isə öyrənib. Qərb alimləri İslam həqiqətlərini və Məhəmmədin (s) gətirdiyi dinin kamil bir din olduğunu öz əsərlərində qeyd ediblər. Misal olaraq qeyd etməliyəm ki, Montqomeri öz əsərlərində Məhəmməd (s) barədə deyir ki, "Qərb, belə şərəfə nail olmuş başqa bir şəxsiyyət tanımır. Məhəmməd (s) öz əqidəsi naminə hər cür çətinliklərə hazır idi. Rəhbər olaraq o, təmkinli və sarsılmaz xasiyyətə malik idi. O, insanları yüksək dəyərləndirir və onlara hörmətlə yanaşırdı. Onun dahiliyinin sübutu onun müvəffəqiyyətlərindədir. Bu Peyğəmbərin şəxsiyyətinin dahiliyi onun işinin müvəffəqiyyətini təmin edir. Bu insanı şarlatanlıqda ittiham etmək çıxış yolu deyil, çarəsizlik olardı."
Başqa bir irland əsilli tanınmış Böyük Britaniya yazıçısı, dramaturq, Nobel mükafatı laureatı , ictimai xadim (sosialist-fabianist - ingilis yazısının islahatları tərəfdarı), Uilyam Şekspirdən sonra ingilis teatrının ən məşhur dramaturqu Bernard Şou isə Həzrət Muhəmmədi vəsf edərək deyir ki, "Mən Məhəmmədin dininin gələcəyi barədə xəbər vermişdim ki, sabahkı Avropa onu qəbul edəcək və müasir Avropa artıq bu dini qəbul etməyə başlayıb. Əgər hansısa bir dinin İngiltərə, bəlkə də elə bütün Avropanı qarşıdakı 100 ildə idarə etmək şansı olsaydı - bu yalnız İslam dini ola bilərdi. Məhəmmədin dininə yüksək əhəmiyyəti və aktuallığına görə hər zaman böyük hörmətlə yanaşmışam. Mənim fikrimcə bu yeganə dindir ki, həyatın dəyişkən şəraitlərinə uyğunlaşma qabiliyyətinə malikdir. Bu da şübhəsiz ki, hər yaşda olan insanın xoşuna gəlir. Məhəmməd peyğəmbərin həyatını tədqiq etmişəm, düşünürəm ki, o, çox qeyri-adi bir insandır, qətiyyən antixrist deyil, əksinə onu bəşəriyyətin xilaskarı adlandırmaq olar. Müasir dünyada belə bir insana hökmranlıq ixtiyarı verilsəydi, o, dünyanın problemlərini elə həll edə bilərdi ki, bu qərarlar insanların arzuolunan əmin-amanlıq və səadətini təmin etmiş olardı".
Fransız yazar, şair və siyasətçi Alfonse Marie Luiz Prat de Lamartin isə Həzrət Məhəmməd (s) bu cür vəsf edir. "Həqiqətən də Məhəmməd - dünya yarandıqdan bəri müxtəlif dövrlərdə göndərilən peyğəmbərlərin ən sonuncusudur. Bu şəxsiyyət qarşısına çox böyük məqsədlər qoymuş və cüzi imkanların sayəsində möhtəşəm nəticələrə nail olmuşdur. Belə olduqda onu kiminlə müqayisə etmək olar? Biz elə tanınmış sərkərdələr, dövlət xadimləri və nəhəng imperiyaların hökmdarlarını tanıyırıq ki, onlar ağla sığmayan dağıdıcı qüvvələrə malik olmuşdular. Bəs Məhəmməd peyğəmbər necə? O, böyük ordular, imperiyalar və qayda-qanunları hərəkətə gətirmək ilə kifayətlənmədi. Bütün planetin üçdə bir hissəsindən çoxu onun ardınca getdi. Möhkəm iradəsi, böyük ideyaların naminə son dərəcə fədakarlığı, yüksək rütbə və taxt-tac qarşısında tamahsılanmamağı, Allahla olan dialoqu, ölümü və işinin zəfər yürüşü bu şəxsiyyətin və onun ideyalarının gücünü təsdiq edən faktlardır. Peyğəmbər, filosof, natiq, qanunverici, mübariz, qəlblərin hamisi, ideyalara yenilik gətirən, imam, dövlət xadimi, Yer kürəsinin iyirmi bölgəsində mənəvi imperiyaların yaradıcısı - budur Məhəmməd! Hansı dahi insanla onu müqayisə etmək olar?.."
Rus yazıçı, publisist və filosof Lev Nikolayeviç Tolstoy əsərlərində qeyd edir ki, "Məhəmməd hər dövr üçün xristianlardan üstün vəziyyətdə olub və bu belə də olacaq. O, insanı Allah saymır, özünü də Allahla eyniləşdirmir və buna cəhd edənləri isə dindən çıxmış hesab edir. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun peyğəmbəridir. Burada heç bir müəmma və sirr yoxdur."
İndi üzümü media resurslarında, sosial şəbəkələrdə və qəzetlərdə İslam və onun müqəddəslərini təhqir edənlərə tutub deyirəm: İslam sizin düşündüyünüz tərzdə dar çərçivə ilə məhdudlaşmayıb. Siz qəbul etməsəniz belə, bu din ümumbəşəri bir dindir və bunu sizin ayağının tozu ola bilməyəcəyiniz Qərb mütəfəkkirləri deyir. 1400 il bundan qabaqki, çöl ərəbi Həzrət Məhəmmədin (s) gətirdiyi dini və onun peyğəmbərinin anlaya bildi, amma siz hələ də bunu anlaya bilməmisiniz. Qərbin dahi mütəfəkkirləri öz əsərlərində Məhəmmədi (s) nəcib insan və gətirdiyi dinin kamil bir din olduğunu etiraf ediblər. Amma siz hələ də öz cəhalətinizə qapılmısınız. Kütbeyinlikdən əl çəkməyin, ətəyinizə yığdığınız daşları tökməyin vaxtı çatmayıbmı?!
|