Hər dəfə İraq barədə məlumat oxuyanda təəssüflənir, ölkədə baş verən
partlayışlara görə ürəyim qan ağlayırdı. Ölkəsi işğal olunmuş bir
vətəndaş kimi, həm İraqı, həm bu ölkənin vətəndaşlarını başa düşmək
mənim üçün çətin deyildi. İndi məni başqa həyəcan bürümüşdü. Ki, işğal
olunmuş İraqı, əsir düşmüş xalqı, baş verən partlayışları öz gözlərimlə
müşahidə edəcəkdim.
SƏHƏR SÜBH VAXTI BİBİHEYBƏT MƏSCİDİNDƏ
Bakıdan 4-5 km aralıda, düz Xəzər dənizinin sahilində insanların pənah
apardığı, müqəddəs sayıb ziyarət etdiyi Bibiheybət məscidini ziyarət
etmədən İraq torpaqlarına ayaq basmaq hər bir zəvvar üçün hörmətsizlik
sayılardı. Elə buna görə, sübh tezdən 10.10.10 tarixində VII İmamımız
Həzrəti Museyi-Kazımın (ə) qızı Həzrəti Həkimə xanımın, imamın iki oğlan
və bir qız nəvəsinin məzarını ziyarət edib İraq səfərinə başladıq.
İraqa yollanan karvanda qocalı-cavanlı düz 41 nəfərdən ibarət zəvvar var
idi. Hər biri getdiyi yolun, gördüyü işin əhəmiyyətini dərk edib səfər
üçün bütün azuqələrini hazırlamışdı.
AZƏRBAYCAN-İRAN SƏRHƏDİNDƏ
Bibiheybət məscidini ziyarət edəndən sonra səhər 08:00-da yola düşdük və
Azərbaycan-İran sərhədində yerləşən Astara sərhəd-keçid məntəqəsinə
yetişdik. Günorta olmasına baxmayaraq, həm Azərbaycan, həm də İran
tərəfində xeyli izdiham müşahidə olunurdu. Hər iki ölkə vətəndaşları
qarşılıqlı hərəkət edərək, öz aktivliyini ortaya qoyurdular. Sərhədi
keçən zaman qonşu ölkədən bazarlıq edib qayıdanları, toyuq-cücə
gətirənləri, ziyarətdən gələnləri və ya geyim mallarını İran tərəfinə
aparanları görməmək mümkün deyildi. Bir sözlə, Azərbaycan-İran sərhədi
qaynayır, adam əlindən tərpənmək olmurdu. Əlqərəz, sərhəddə bir neçə
saat qaldıqdan sonra nəhayət İran İslam Respublikasına daxil olmağı
bacardıq.
İRAQA GEDƏN YOL
İran dövlətinin ərazisinə daxil olandan sonra hamı intizarla İraq
torpaqlarına yetişməyimizi gözləyirdi. Amma əksəriyyətin İrandan İraqa
olan uzun məsafədən xəbəri yox idi. Məsafəni dəqiqləşdirəndən sonra
məlum oldu ki, gediləsi hələ bir gündən çox yolumuz var. Bu vaxt ərzində
yol boyu İraqa gedən zəvvarlar müxtəlif dualar etməyə, müqəddəs
Qurani-Kərimi oxumağa, salavatlar göndərməyə başladılar. İraqa daxil
olmaq həsrətində olan 41 nəfər "kərbəlayi" olacaq azərbaycanlılar,
tezliklə müqəddəs torpaqlara ayaq basmağı arzulayırdı. İmamların (ə)
məzarlarına olan ehtiram, gün yarımlıq məsafəni gec də olsa, dəf etməyə
imkan verdi. Nəhayət İranın Mehran şəhərinə yetişdik və İraqa daxil
olmaq üçün sərhəd məntəqəsinə daxil olduq. Sərhədə daxil olan kimi,
gözlərimizə inana bilmədik. Heç kim inanmazdı ki, İraqa getmək
həsrətində bu qədər çox insan olar. İran-İraq sərhədinin dolub-daşması,
hamının heyrətinə səbəb olmuşdu. Sərhəddə olan izdihamı gördükdən sonra
məlum oldu ki, burada da gözləməli olacağıq. İnsanların çoxluğu bizi
təxminən İraq torpaqlarından düz 2 saat ayrı salacaq. Səbir və təmkin
bizə yenə vaxt ayrılığını unutmağa kömək etdi. Nəhayət vaxt yetişdi,
bizlərin adları çəkildi və İraq torpağına daxil olmağa başladıq.
İRAQDA BİZİ QUM FIRTINASI QARŞILADI
İran dövlətinin ərazisindən İraq dövlətinin ərazisində yenicə daxil
olmuşduq ki, gözlərimizi açmağımıza peşman olduq. Çünki gözümüzü açmaq
bizi kor edə bilərdi və zatən qarşıdakını belə havada görmək mümkünsüz
idi. İraq ərazisində müşahidə olunan qum fırtınası azərbaycanlı
zəvvarları əməlli-başlı qorxuya salmışdı. Bir müddətdən sonra burulğanın
sakitləşdiyini gördük və yüklərimizi götürüb avtobusa minməyə başladıq.
KƏRBƏLA HƏSRƏTİ SONA ÇATDI
İraq torpaqlarına daxil olduqdan sonra müşahidə etdiyimiz burulğan,
hamının əhval-ruhiyyəsinə "soğan" doğramışdı. Lakin "Kərbəla şəhərinə
çatmaq üçün daha bir neçə saat qalıb" sözləri hamının üzünü güldürdü.
İxtiyarsız olaraq hamı gülümsünərək, müqəddəs Kərbəla şəhərinə daxil
olmaq üçün özünü qaydaya salmağa başladı. Bu işi avtobusda görmək nə
qədər çətin olsa da, bir o qədər də vacib idi. Çünki daxil olacağımız
şəhər İmam Hüseyn (ə) və Həzrəti Əbəlfəz ağanın məzarları olduğu şəhər
idi. Bu iki şəxsiyyət isə İslam dinin bu günə qədər gəlib çatmasında ən
böyük pay sahiblərindən olub. İmam Hüseynin (ə) 14 əsr bundan əvvəl
zalım Yezidə qarşı etdiyi qiyam, ən üstün din olan İslamın bu gün həqiqi
simasında qalamağına imkan verib. Bundan əlavə İmam Hüseynin (ə) böyük
hədəflərindən biri Allah bəndələrinin azğınlıq və zəlalətdən nicat
vermək olmuşdur. Təbii ki, İmam Hüseynə (ə) bu işdə qardaşı olan Həzrət
Əbəlfəz ağa və 72 tərəfdarı yardım edib ki, onlarda tarixdə ən üstün
şəhidlər kimi yaddaşlara həkk olublar.
Yol boyu hər bir zəvvar bunu fikirləşdiyi vaxtda Kərbəla şəhərinə daxil
olduğumuz barədə xəbər verildi. Uzun həsrət, yol yorğunluğu sona çatdı
və nəticədə hamı Kərbəla şəhərinə yetişdi. Avtobusda qəribə abı-hava
hökm sürürdü. Ağlayan kim, gözlərinə inanmayan kim, söz tapıb danışa
bilməyən kim...
KAZİMEYN, SAMİRRA VƏ NƏCƏF ŞƏHƏRLƏRİNDƏ
İraqın ən müqəddəs şəhərlərindən sayılan Kərbəla şəhərində İmam
Hüseyn(ə) və həzrət Əbəlfəzin məzarı, eləcə də şəhərdə yerləşən digər
müqəddəs yerlər ziyarət edildikdən sonra növbə digər şəhərlərə getməyə
çatdı. Əvvəlcə bütün zəvvarlarla birlikdə İraqın ən qarışıq və təhlükəli
şəhəri sayılan Samirra şəhərinə gəldik. Əvvəldən qeyd edim ki, bu
şəhərdə yerləşən Həzrət İmam Hadi (ə) və İmam Həsən Əskərinin (ə)
ziyarətgahının qoşa minarəsi 8 ay əvvəl bir terror aktı nəticəsində
dağıdılmışdı. Şəhərdə iraqlıların dediyi kimi, ABŞ casusları və vəhhabi
ideyalı insanların çoxluq təşkil etməsi, həm bu şəhərdə yaşayan yerli
iraqlılar, həm də bu şəhərə gələn xarici vətəndaşlar üçün təhlükə
yaradır. Bütün təhlükələrə rəğmən, biz bu şəhərə daxil ola bildik və
Samirrada məzarı olan iki imamın ziyarətini həyata keçirə bildik.
Ziyarət zaman qeyd etməliyəm ki, əlisilahlı İraq əsgərlərini addım başı
görməmək mümkünsüz idi.
Samirra şəhərindən sonra növbə Kazimeyn şəhərinə çatmışdı ki, bu şəhərdə
də olmaq bizə nəsib oldu. Məlumat üçün bildirim ki, İraqın Kazimeyn
şəhərində İmam Museyi-Kazim (ə) və İmam Mühəmməd Cavadın (ə) mübarək
hərəmləri yerləşir. Bu şəhər Bağdadın yaxınlığında yerləşdiyi üçün,
Samirra şəhəri kimi təhlükəli şəhərlərdən hesab edilir. Şəhərin giriş və
çıxışında İraq əsgərləri məkanda təhlükəsizliyi təmin etmək üçün səy
göstərirlər. Bütün çətinliklərə və təhlükəyə rəğmən bu sınaqdan da
uğurla keçərək müqəddəs məkanda ziyarət etmək, dualar oxumaq bizə nəsib
oldu.
Samirra və Kazimeyn şəhərindən sonra sonuncu ziyarət edəcəyimiz şəhər
İraqın qədim elm şəhərlərindən sayılan Nəcəf şəhərində olmaq bizə
müyəssər oldu. Nəzərinizə çatdırım ki, Nəcəf şəhəri İraqın ən təhlükəsiz
və eyni zamanda gözəl şəhərlərindəndir. Bu şəhərdə İraqın böyük alimi
Ayətullah Sistani yaşayır və şəhərə nəzarət onun əlində olduğu üçün,
Nəcəf İraqın digər şəhərlərindən xeyli fərqlənir. Bundan əlavə, İraqın
Nəcəf şəhərində Peyğəmbərin canişini və İslam dininin ən əhəmiyyətli
şəxslərindən biri olan İmam Əlinin(ə )məzarı yerləşir. Bu şəhərdə
insanların ziyarətgaha olan axını digərlərin çox fərqli idi. İnsanların
axını sanki hansısa inqilabi və ya üsyanı xatırladırdı. Hamı böyük
məhəbbət və ehtiramla ziyarətgaha daxil olaraq, İmam Əlinin(ə) məzarını
ziyarət edir və öz dualarını oxuyurdu.
ABŞ İRAQI XARABA QOYDU
İraqda müqəddəs məkanlarda olduğum zamanı bu ölkənin vətəndaşları ilə
tez-tez söhbət edir, onlardan ölkələri ilə bağlı həqiqətləri öyrənməyə
çalışırdım. İraqlılar arasında Kərbəla şəhərindəki bir əsgərin ABŞ-ın
işğalından sonra ölkənin Səddam rejimindən daha betər günə qalmasını
söyləməsi, mənə təəccüblü gəlməsə də, sonradan əsgərin İraqdakı
partlayışları elə ABŞ-ın casuslarının törətməsini söyləməsi heyrətimə
səbəb oldu. İraqlı əsgər hey bizi inandırmağa çalışırdı ki, bu ölkədə
baş verən hər iyrənclik məhz ABŞ tərəfindən həyata keçirilir. Bundan
əlavə əsgər həmçinin qeyd edir ki, ölkədə əsas güc nə baş nazir, nə də
ki prezidentdir. Malik adlı əsgər bizə İraqda əsas gücün dini alimlərin
əlində olduğunu söylədi.
Digər bir iraqlı ilə söhbətim zamanı məndə özlərini partladan iraqlılara
qarşı mənfi hislər demək olar ki, aradan qalxdı. Çünki mağazada satıcı
olan bu iraqlı, mənə İraqdakı partlayışları törədənlərin ya müxtəlif
dərmanların təsiri altında olduğunu, ya da Amerika xüsusi xidmət
orqanları tərəfindən hazırlanan vəhhabilər tərəfindən törədildiyini
bildirdi. Ümumilikdə İraqda yaşayan əhalinin əksəriyyəi ölkənin məhz ABŞ tərəfindən xaraba qoyulduğunu bildirirdi. Onlar tezliklə Amerika işğalından azad olmaq istədiklərini və təbii sərvətlərdən gələn gəlirlərin İraq xalqna sərf olunacağı günü gözlədiklərini qeyd edirdilər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.