Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hamurappi Ədalət Kodeksini (Qanunu) tərtib etdi. Qanuna daxil edilmiş əsas məqamlardan biri insanların məhrum olmaları zamanı bir-birlərinə dəstək olması tələbi idi. Beləcə, ta qədimdən günümüzə qədər bu ənənə davam etdi. Ehtiyaclıya kömək və dəstək etmək filantropiya, xeyriyyəçilik adı ilə genişlənməyə başladı. Lakin cəmiyyət inkişaf etdikcə yoxsulluq artıq bir ehtiyac kimi yox, aradan qaldırılması tələb olunan ictimai bəla kimi dərk edilməyə başlandı. Tarixin müxtəlif dövrlərində yoxsulluq nəticəsində dilənçilik və səfillik həyatı sürməyə məcbur olan insanlar təqib olunmağa və hətta cəzalanmağa başladılar. Çünki dilənçilərə verilən sədəqələr bir tərəfdən ehtiyacın qarşısını alırdısa, ikinci bir tərəfdən dilənçiliyin və tüfeyli həyat tərzini inkişaf etdirirdi. Bu isə öz növbəsində təhlükəli qrupların yaranmasına, qarət və soyğunçuluğun inkişaf etməsinə gətirib çıxarırdı. İş o yerə çatmışdı ki, tarixin bir dövründə sərt qanunlar qəbul edilir və qanunlarda yazılırdı ki "dilənçilər arasında tutulmuş sağlam qadın və kişilər 4 günlük türməyə salınmalı, ikinci dəfə tutulsalar rüsvayçılıq dirəyinə bağlanmalı, üçüncü dəfə tutulsalar qaynar dəmirlə damğalanaraq ölkədən qovulmalıdırlar". Orta əsrlərdə İngiltərədə fərdi sədəqələrin verilməsi belə cəzalandırılırdı. Sağlam yoxsullar işləməli, xəstələr isə kilsə yanında olan sığınacaqlarda saxlanılmalı idilər. Beləliklə dilənçiliklə mübarizə ozunun ele bir realizə mərhələsinə çatdı ki, artıq ötən əsrin sonlarına yaxın təsadüfü sədəqə vermək əvəzinə yoxsullara sistematik şəkildə yardımların təşkil olunması gündəmə gəldi. Beləki, xəstəliyin sindromunun aradan qaldırılması əvəzinə, onu kökündən aradan qaldırılması prosesi başlayır. Hər bir xəstəyə imkan daxilində fərdi yanaşma taktikası tətbiq edilir və belə yanaşma tək movcud dilənçiyilin aradan qaldırılması yox, dilənçiliyin təmamən aradan qaldırılmasına gətirib çıxaracaqdı. Bir vaxtlar Hamburq höküməti "Hamburqda artıq yoxsul insan qalmamışdır" adlı bir hesabat yaydı. Amma... 21-ci əsr. Hər gecə 963 milyon insan yatağına ac girir. Bir milyard insan küçələrdə yaşayır. Hər dəqiqə bir qadın doğum əsnasında ölür. 2.5 milyard insanın lazımi səhiyyə xidmətindən məhrumdur. 20 min uşaq hər gün buna görə həyatını itirir. Dünyada 100 milyondan çox insan evsizdir. Bir milyarddan çox insan normal səviyyədə yaşamaqdan məhrumdur... Hamburq hesabatından 2 əsr sonra dünyada milyonlarla insanın acından öləcəyini heç bir hökümət təxmin etməmişdir. Odur ki, hazırda beynəlxalq səviyyədə aclıqla mübarizə aparılır. Hazırda Beynəlxalq Əfv Təşkilatı dünya səviyyəsində bir kampaniya icra etməkdədir. Kampaniyaya görə, yoxsulluq da insan haqqları pozuntusundan hesab olunur. Bütün beynəlxalq sənədlərdə yoxsulluqla mübarizə müdəaları özünə yer alıb, hətta BMT İnsan Haqqları Komissiyası tərəfindən bu hal ciddi bir insan haqqları pozuntusu olaraq təyin olunub. Müasir dünya yoxsul olmamağı insan haqlarının tərkib hissəsi kimi qəbul etdirməyə çalışır. Bu humanist çağırışlar əsasən inkişaf etmiş dünya ölkələrindən gəlir. O ölkələrdə ki, vətəndaş cəmiyyəti instutları formalaşmışdır. Təbii olaraq inkişaf etməkdə olan və üçüncü dünya ölkələri hələ insan hüquq və azadlıqlarının təməl prinsiplərinin dərk olunması və həyata keçirilməsinə çalışmaq mərhələsindədirlər. Yoxsulluq və səfillik bu tip ölkələrin müştərək problemidir. Ölkəmizdə də yoxsullarla vəziyyət heç də ürəkaçıcı deyil. Yoxsul, səfil və dilənçilərin sayı ilə bağlı rəsmi bir məlumat olmadığından onların artım və ya azalma tempini demək çətindir. Qanunvericilikdə, əsasən məşğullaq və sosial təminat haqqında qanunlarla yoxsullara dəstək sistemi formalaşsa da, bu sahədə də kifayət qədər nöqsanlar vardır. Ünvanlı Sosial Yardım sistemində mövcud problemlər, pensiyaların hələ də inkişaf etmiş ölkələrə nisbətdə xeyli aşağı olması, yoxsul insanların bu çətin durumdan çıxarılmasına öz töhvəsini layiqincə verməmişdir. Xüsusi ilə də, yoxsulun ünvanına çatmalı olan sosial yardımlar idarə rəhbərləri tərəfindən mənimsəniləndə, sosial işin etikasına əməl edilmədikdə, sosial xidmət normalarından kənara çıxdıqda, ehtiyacı olan ailə ehtiyaclı olaraq qalır və bu proses onu dilənçilik və səfillik həyatına sürükləyir. Qərb ölkələri yoxsulluqla mübarizəyə sosial xidmət aspektindən çox mükəmməl yanaşıblar. İstər qanunvericilik, istər icra orqanları vasitəsi ilə yoxsullara qarşı sosial iş nöqteyi nəzərdən mükəmməl texnalogiyalar tətbiq edilib. Çünki onlar artıq yoxsulluğu insan haqlarının tərkib hissəsindən olduğunu başa düşüblər. Bir insanın haqqı artıq məhz yoxsul olduğuna görə pozulub. Odur ki hökümət də bu haqqı pozulmuş vətəndaşının hüquqlarını bərpa etməyə istiqamətli işlər aparmalıdır. Son olaraq hər dəfə olduğu kimi, bir məsələyə də işarə etmək istəyirəm. Dövlətin qanunları yanaşı yazılmayan əxlaq kodeksləri var. Biz insanlıq borcumuzu yerinə yetirərək imkan daxilində ətrafımızda olan tanıdığımız yoxsul insanların bu çətin durumdan çıxmasına yardımçı olsaq, o halda bəşəriyyətin bu böyük bəladan nicatında az da olsa pay sahibi olmuş olarıq.
SALAM.SIZ bu meqalede siz ancaq maddi terefi nezerde tutmusuz.insan her terefden yoxsul ola biler.insanin vari var ama sevgisiyoxdu aile,kenar terefden,ALLAH SEVGISI OLMAYAN sevgilisi terefden sevgisi yoxdusa o insanin ne qeder vari olsada o insan yoxsuldu ama ele insan var ki kasibdi ama aile,kenar.Allah sevgisi olan sevgilisi terefden sevgisi var o insanda yoxsuldu bu dunyada butun insanlar yoxsuldu
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.