Seçkilərə sayılı günlər qalıb. Hər gün namizədlərin televiziyada maraqlı
şoularını izləyirik. Bir-iki müxalifət namizədini çıxmaq şərtilə demək olar ki,
əksər namizədlərin nə dedikləri, nədən danışmaq istədikləri bəlli olmur.
Dili topuq vuran kim, "arena"ya "arenda" deyən kim. Dağ kəndini Avropaya
oxşadığını deyəndənmi yazaq, İlham Əliyevi Gəncənin prezidenti adlandırandanmı,
məhəllə uşaqlarını seçkiyə çağırandanmı. Tamamilə bir rəzalətdir bu
seçki. Hərdən bu seçkilərdə rəqiblərinə qarşı sərt fikirlər səsləndirənlər də
olur. Özü də əsassız şəkildə. Bu fikirlərin isə əsasən müxalifət namizdələrinə
qarşı işləndiyini söyləsək, yəqin ki yanılmarıq. Redaksiyamızla əlaqə
saxlayan bir şəxs isə, bir neçə gün əvvəl müxalif namizəd, "Yeni Müsavat"
qəzetinin keçmiş baş redaktoru Rauf Arifoğlu barədə iddia irəli sürdü. Onun
iddiasına inansaq, Rauf Arifoğlu bir müddət əvvəl yüksək çinli bir dövlət
rəsmisi ilə görüşüb və seçki barədə söhbət edib. "Seçki ərəfəsində olur belə
şeylər", - deyib, bunu kimlərinsə ortaya atdığı fikir kimi dəyərləndirdik. Amma
məlumatı dərc etməzdən qabaq, qarşı tərəf kimi Rauf Arifoğlu ilə də əlaqə
saxlamağı lazım bildik. Seçki ərəfəsi olduğu üçün ilk öncə hal-əhval tutub,
işləri ilə maraqlandıq, "Rauf bəy, nə var, nə yox? İşləriniz necə gedir" - deyə
sual etdik. "Çox sağ olun bəy" - dedi. Daha sonra onun barəsində səslənən
iddianı söylədik. Təkzib etdi. Zatən bunu da gözləyirdik. Adlı-sanlı bir müxalif
namizəd, seçicilərin səsini qazanmağa layiqli bir insan nədən belə bir addım
atsın?! Rauf bəy ardınca söyənilənlərin onun barəsində aparılan "qara piar"
kampaniyasının tərkib hissəsi olduğunu dedi və heç bir əsası olmadan bizim də bu
kampaniyada iştirak etdiyimizi bəyanladı. Daha sonra mənbəni sordu. Demədik.
Rauf bəy isə, "əgər xəbəri dərc etsəniz sizi məhkəməyə verəcəm", -
dedi. Nədən Rauf bəy? Qarşı tərəf olaraq sizin də mövqeyinizi öyrəndiyimiz
üçünmü? Bunu da dərc etməzdik. Amma demokratik bir düşərgənin nümayəndəsi
olaraq, bizi məhkəmə ilə hədələməyinizi sizə heç yaraşdıra bilmədik. Bu dillə
daim məmurlar danışır, eyni sırada olduğumuz bizlər deyil.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.