Parlament seçkilərinin yaxınlaşması bütün siyasi partiyaları və blokları sevindirdi. Hamı seçkilərə böyük ümid və sevinclə qatıldı. Biri imza toplayır, digəri isə qonşularına yeni namizədi təbliğ edirdi. Hərə öz namizədinin üstünlüklərindən danışırdı. Elə bilirdilər bu seçkilər keçən dəfəkilərdən fərqlənəcək. Elə də oldu. Bu seçkilərə hazırlıq doğurdanda keçən parlament seçkilərindən fərqləndi. Əvvəlki seçkilərdə namizədlər qeydə alınırdı və heç bir maneə ilə rastlaşmırdılar. Siyasi partiyalar isə sevinirdilər ki, Allah sənə şükür, üzvlərimizin çoxunun sənədləri qəbul edildi. Bunun əvəzində isə hakimiyyət nümayəndələrinin adına qutulara bülletenlərlə doludurulurdu. Və məhz buna görə də, seçkilərin nəticələri açıqlananda, həmişəki kimi gülən tərəf iqtidar olurdu, müxalifət partiyalarının qanı isə yenə qaralırdı. "Ay balam, axı biz bu qədər səs yığmışıq, bəs hara getdi səslərimiz" - deyə fəğan edirdilər. Özləri deyib, özləri eşidirdilər. Məhkəmələr də susurdular, daha doğrusu seçkinin nəticələrini olduğu saxlayırdılar. Və nəticədə hakimiyyət nümayəndələri fantastik üstünlüklə öz rəqiblərinə qalib gəlirdilər. Bu seçkilərdə müxalifət partiya və bloklarının iniltisi elə imzatoplama kampaniyasından başladı. Belə ki, kampaniyanın ilk günlərindən mətbuatda gedən şikayətlər göz oxşayırdı. Deyə bilərsiniz ki, ay balam heç televizorda bu barədə heç nə eşitməmişik axı. Haqlısınız, eşidə də bilməzsiniz. Çünki müxalifətə televiziyaya çıxmaq çoxdan qadağan olunub. Yəni azad televizya yoxdur ki, müxalifət liderlərini televizyaya dəvət etsin və hansısa siyasi məsələyə münasibət öyrənsinlər. Bizimkilər ancaq və ancaq şou yartmağı bacarırlar. Faiqi yortdular, filankəs 5-ci dəfə evlənir, toy olsun vay olsun, sən tək deyilsən ATV-də sənin yanındadır və.s. Nə olur-olsun təki xalq yatsın. Hə, onu deyirdim axı, elə imzatoplama mərhələsində müxalifət partiyalarının şikayəti manşetlərdən düşmürdü. Bəzilərinə dedilər ki, sənin imzaların saxtadır. Adamın atasının imzasın saxta çıxardılar. Adam mətbuata od püskürürdü ki, belə şey olar, bu nə deməkdir axı? Namizədlərdən biri deyirdi ki, məni icra hakimiyyətinə çağırdılar, təhqir və həqarətlərə məruz qaldım. İşdən çıxarılacaqları, vəhhabilərlə əlaqəmin olduğuna görə cinayət məsuliyyətinə cəlb edəcəkləri ilə hədələdilər. Və topladığım imzalardan imtinaya məcbur etdilər. A kişi Vüqar Bayramov kimi dünya səviyyəli iqtisadçıya demişdilər ki, sənin imzaların saxtadır. Dünyada iqtisadçı Azərbaycanda təbii ki, saxtakar olacaq. Nə isə, bəzilərini belə sıradan çıxardılar. Bəzilərini isə ünvan göstərmədiyi adı ilə sıradan çıxardılar. Belə ki, təbliğat- təşviqat kampaniyasına qədər müxalifətə böyük zərbə vuruldu. Artıq imzatoplama kampaniyası başa çatıb. Nəticələr isə belədir. 125 seçki dairəsindən 719 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. YAP-dan irəli sürülən namizədlərin sayı 115 nəfər olsa da, onlardan cəmi ikisi qeydə alınmayıb. Ən böyük itki ilə isə AXCP-Müsavat Bloku üzləşib. Blokun 92 namizədindən cəmi 32-si seçkilərdə iştirak haqqı qazanıb. "Qarabağ" Bloku 99 namizədlə seçkilərə qatılmaq istəsə də, onlar da bu prosesi 27 nəfərlə davam etdirməli olacaqlar. "Demokratiya" blokundan iştirak istəyində olanların sayı 101 nəfər olub. Amma 17-si seçkilərdə iştirak edəcəklər. "İnsan naminə" bloku 83 nəfərdən 18 nəfəri, "İslahat" bloku isə 106 nəfərdən 29 nəfəri seçkilərdə saxlaya bilib. Azərbaycan İslam Partiyasının 12 namizədindən "1" nəfəri qeydə alınıb. Maraqlı göstəricidir təkcə YAP-dan qeydə alınan namizədlərin sayı bütün partiya və blokların namizədlərinin sayına bərabərdir. İndi təbliğat-təşviqat kampaniyası başlayıb. Hamı seçicilərinə özünü şirin satır. Burda iki məsələ var. Biri YAP maliyyə gücünə arxanalaraq, yaxşı təbliğat apara biləcək. Vay müxalifətin halına. Amma müxalifət özünü qərbə yaxşı göstərə bilsə ona da yaxşı pul verərlər. O da təbliğatda YAP-dan geri qalmaz. İkincisi isə ölkədəki canfəşanlıqdır. Yollara asfalt daşıyan maşınların səsi, küçələrdə konsert proqramları hamını məst edəcək. Divarlardakı plakatlarda hamı yaxşı düşmək üçün saçın "uklatka" edib poz verəcək ki, seçiciləri onu bəyənsin. Yada həmişə kimi "xalqın xilaskarı" "sizin dərdiniz, mənim dərdim", "probleminiz olmayacaq", "el oğluna səs verin" "taleh - taleyinizi mənə tapşırın" "yeni məscidlər tikəcəyəm", "öz övladınıza səs verin" və.s yalançı və yaltaq şüarlarla camaatı aldacaqlar. Elə ki, seçkilər qurtardı, millət vəkili oldular, əvvəl bir dənə qara "Prado", daha sonra "zerkalnı" abunə nömrə, sonrasını özünüz bilirsiniz. Nə isə dostlar, inanırıq ki, bu ölkənin qeyrətli və sözünün üstündə duran namizədləri də var və onlar millət vəkili seçiləcəklər. Xalqın çözülməyən problemlərin həll edəcəklər. Əgər imkan versələr...
|