Dünən bütün günü həyacanda idim. Axşam
Milli komandamızla qardaş Türkiyənin Milli komandası qarşılaşacaqdı. Uzun illərdir
əsl futbol həsrəti ilə yaşayırıq. Biz də Azərbaycan adına sevinib komandamızla fəxr
etmək istəyirik. Hələ də bu komanda Milli komandadırsa. Hər küçədən keçən bizi
məğlub edir. 7-0, 10-0, 6-0, 3-0 və sair və ilaxır. Belə demək mümkünsə, hər dərənin
sürtüyü bizdən xal alacağını yüzdə-yüz bilir.
Kim harada uduzub xal itirirsə, kimin
harada burnunu yerə sürtürlərsə, acığı bizə tutur. Sanki bunların əvəzinə biz
oynamalıyıq. Türklər demiş "hadi bə", heç öz əvəzimizə top qova bilmirik.
Nə isə, səhər tezdən başlayan həyacanımın
bir az da artmasına internetdə oxuduğum bir idman xəbəri oldu. Zatən hər gün
belə xəbərləri yüzlərlə oxuyuruq. Amma həyacan yaradacaq xəbər, qardaş
dediyimiz Türkiyənin Milli komandasının oyunçularının və rəhbərliyinin bizim barədə, daha doğrusu
Azərbaycan Millisi ilə bağlı söylədikləri idi. Təsəvvür edirsiz, görün iş hansı
səviyyəyə çatıb ki, qardaşlarımız burunlarını yerə sürtən Almaniya Millisinin
heyfini bizdən çıxacaqlarını, Azərbaycan Millisini darmadağın edəcəklərini açıq
şəkildə bəyanlayırdılar. Yenə türklər demiş, "Yuh olsun sizə!"
Ya
bir utanın, bir boyunuza baxın. Siz kimin heyfini kimdən almaq istəyirsiz? Biz
erməniyikmi? Biz sizin düşməninizikmi? Ya, Allah xatirinə deyin, nə vaxt sizə
yardım etməmişik? Nə vaxt sizlərin ayağından dartmışıq? Zatən siz hər zaman bizə
üçüncü növ xalq kimi baxmısınız. Siz hər zaman bizdən trampilin kimi istifadə
etmisiniz. Siz bizi qabağa verib arxamızdan işlər görmüsünüz. "Qarabağ düyünü
çözülməzsə, Ermənistanla sınırları açmayız" - deyib, az qala qol-boyun gəzirsiniz.
Qarabağımızın adından istifadə edib illərlə ucuz qiymətə qaz alıb odumuza
qızınmısınız. Siz Türkiyə-Ermənistan matçı zamanı Azərbaycan bayrağını zibil
qablarına atmışdınız. Siz Ermənistan-Türkiyə matçında Türkiyə bayrağı ilə Ermənistan
bayrağını bir-birinə bağlayıb halay çəkirdiniz. Biz heç o Ermənistan bayrağı ilə
ayaqqabımızı belə silmərik, murdarlanmasın deyə. Amma baxın siz neynədiniz? Məlun
Hrant Dink öldürüləndə küçəyə çıxaraq "Hepimiz Hrant Dinkiz, hepimiz
ermeniyiz!" şüarlarına daha birini əlavə etdiniz: "Almanların heyfini Azərbaycandan
çıxacağıq, Azərbaycan Millisini darmadağın edəcəyik". Hələ bir çempionat əvvəl
Milli komanda adına sizin qrupdan çıxmanız üçün verilən 3 xaldan danışmıram. Bumu
bizə qoyduğunuz hörmət? Bumu abilik? Bumu bir millət, iki dövlət fısqırığı. Zatən
sizin kimilər üçün bizdə "Evdə Qatır Məmməd, çöldə qotur Məmməd" deyilən bir məsəl
var.
Bu həyacanımı bir balaca azaldacaq başqa
xəbəri də oxudum. Milli komandamızın baş məşqçisi Berti Foqts həmişəki kimi
optimist bir açıqlama vermişdi. "Türklərə sürpriz hazırlamışam" - deyə bildirirdi. O qədər də inanmadım. Çünki
bizim bu Foqts hər zaman belə açıqlamalarıyla tanınıb. Hər zaman səfərə gedəndə
"3 xal üçün getdiyini", ev oyunlarında isə "rəqibi məğlub edəcəklərini"
açıqlayıb. Amma nəsə bu dəfə ona inanmaq istəyirdim. İnanmaq istəyirdim ki, nəhayət
o dediyini edəcək. Ona görə yox ki, mən də əksər futbol azarkeşləri kimi nəhayət
Millimizin qələbə sevincini bayram etmək istəyirdim. Ona görə ki, Türkiyəni təmsil edən bir Millinin üzvləri bizi "qaz" yerinə
qoyaraq, yolacaqlarını bas-bas bağırmışdılar. Və mən də bu həddini bilməz
qardaşlarımıza yerini göstərəcək bir Millinin arzusunda idim. "Qarabağ"ın qələbələrinin
davamının "Azərbaycan"ın adına da yazılmasını istəyirdim.
Və nahayət o an gəldi. Bütün Azərbaycanı
ayağa qaldıran, burnu yerə sürtülmüşlərin boylarından böyük danışmağın cavabını,
oyunun ilk yarısının 39-cu dəqiqəsində Sadıqov verdi. Az oldu, bir qol oldu,
amma saz oldu. Belə demək mümkünsə, bu
oyunla Azərbaycan Millisi dünya üçüncüsü olmuş bir komandaya futbol dərsi
keçdi. Başın sağ olsun abi! Biz vaxtı gələndə ayağa qalxmaq üçün təpər tapırıq,
amma bunun üçün kimsəni ayağımızın altına almırıq. Sizin dillə desək, kəndi-kəndimizə,
öyləcə, sadəcə kalkıyoruz.