Biri var. Hörmət etdiyim biri. Çox sözünü özüm yazmadım. Çünki hörmətin
azaltma, çoxaltma dərəcəsi olmur. Hörmət elə bir cürdür. Yəni sevdiyin
birini görəndə ayağa qalxırsansa, daim fikirlərini diqqətlə
dinləyirsənsə, bu fikirləri özündə də götür-qoy edirsənsə, oradan özün
üçün bir şey əxz edirsənsə, demək bu hörmətdir.
Mənim əhatəmdə belə adamlar o qədər də çox deyil. Sayı məhduddur. Demək
olar ki, barmaqla sayılası qədərdir. Və hər zaman çalışıram ki, müəyyən
çıxmazlara girəndə, azından onların nəzərlərinə müraciət edim. Əvvəl
söylədiklərinə yenidən nəzər salım, amma baxın nələrlə qarşılaşıram -
fikir fərqliliyi ilə.
Elə ciddi anlam ifadə etməsə də, narahat oluram. "Nədən" - deyə sual
edirəm. Zamanmı? Bəli zaman fərqlidir. Məkanmı? Bəli məkan da fərqlidir.
Ətrafmı? Bəli, ətraf da fərqlənir, zaman-zaman. Bəzən sinəyə
çəkilənlər, müxtəlif zamanlarda, fərqli məkanlarda dışlanır. Bəs
dəyişməyən nədir? Fərd. O fərd ki, bir zamanlar kimlərə görəsə masadan
qalxırdı, yəni onu qəbul etmədiyindən "filankəs bu masada varsa, mən
artıq yoxam" - deyirdi. Amma baxın indi nələr oldu, o filankəslər sən
demə dost imiş. Nədən? Çünki zaman və məkan fərqlidir. Dəyişməyən isə
yenə fərddir.
Dəyişən ətraf da fərqlidir, müxtəlif dəyərlərə sahibdir. Bir-birini
sevməyən, bir-birinin nahaq olduğunu söyləyən, yəni tamamilə əks
cəbhələrdə mübarizə aparan. Bu cəbhələr elə cəbhələrdir ki, heç zaman
onlar həmfikir olmazlar. Çünki bir haqdır, digəri nahaq. Doğrudur, nahaq
da bəzən haqqın olduğunu bəyanlayır, amma marağı çərçivəsində. Bu ona
bənzəyir ki, qərbyönlü təşkilatlar daha çox qrant almaq (qrantı ona görə
çoxaltma dərəcəsi ilə yazdım ki, ölçüsü, həddi var) üçün bəzən
hesabatlarında "biz olmasaq Azərbaycanda İslama meyl artar, bunun
qabağını almaq üçün filan işləri görmək lazımdır" - deməsinə bənzəyir.
Amma baxın, yenə nə olur haqq uca olduğu üçün, nahaqqın səsi get-gedə
eşidilməz hala gəlir. Bu cür öləzimiş səsi yenidən canlandırmağın isə
bir yolu var, haqqı demək. Amma baxın, yenə nəsə var. O haqqı deməyə
başlayan nahaq dillər, səsləri eşidilən kimi hər bir dəyəri ayaq altına
qoyurlar. Ayaq altına qoya bilmədikləri yalnız bir dəyər var. O dəyər
ki, 1400 ildir ayaq altına düşmür. Və düşməyəcək də. Demək, bizi
birləşdirən bir dəyərimiz var. O dəyər ki, hamı onun işığına yığışır.
Nahaqqın da o işığa doğru istiqaməti bizi ümidləndirməməlidir. İşığa
doğru bu hərəkət isə Əfqanıstanda, İraqda müsəlmanların qırğınını
dəstəkləyən və bu addımın birbaşa əmrvericisi olan Barak Obamanın
Misirdə "Salamun Aleykum" - deyərək çıxışa başlayıb, dəyərləri ayaq
altına almasına bənzəyir.
Nahaqqın haqqı deməyə başlaması isə sadəcə bizim haqq olduğumuzu daha
ucadan bəyanlamağımıza rəvac verə bilər, fikrimizi fərqli zamanlarda,
fərqli məkanlarda, fərqli şəkildə ifadə etməyə yox.
Hər halda, fərqli fikirlərə rəğmən mən yenə ətrafıma hörmət edirəm.
Zatən barmaqla sayılası qədər hörmətə layiq var ətrafımda.
|