Artıq 10 ildir ki, ictimai-siyasi həyatda baş verənləri izləyirəm. Kimin harada, nə dediyi də təqribən yadımdadır. Bütün didişmələr, çəkişmələr, nə bilim nələr, nələr hamısı guya demokrayiya uğrundadır. Deyilənə görə bu demokratiya da ancaq bir yolla - seçki yolu ilə gerçəkləşə və ictimai həyata daxil ola bilər. Ona görə də seçkilərdə daha böyük iddialılar heç kimə güzəştə getmək istəmir. Axı, niyə də getsinlər? Ən azı 5 il ölkənin 125 toxunulmaz şəxsindən birinə çevriləcək, beş otaqlı mənzil və xidmət maşını ilə təmin olunacaqlar. Hələ cangüdən və digər imtiyazları demirəm. Nəhayət 5 ilin tamamında çox geniş imkana, var-dövlətə və nüfuza sahib olan tamam-kamal BİZNESMEN kimi yetişəcəklər. Bax, deyin görüm, kim istəməz ki, biznesmen olmasın? Əlbəttə, hamı istəyir, elə mən özüm də. Əmmaaa Həə, məsələ bu əmmadadır. Ac toyuğun yuxusuna darı girən kimi, bizi də əlçatmaz xəyallar rahat buraxmır. Xəyalların gerçəkləşməsi də ancaq bu ƏMMA-ya bağlıdır. Gərək, zəhmət çəkib, seçicilərlə görüşlər təyin edəsən, onların sosial vəziyyəti ilə həmişə maraqlanacağına ağızdolusu vədlər verəsən. Özü də əsas məsələ onları inandırmaqdır. Seçicilərdən kimsə, seçki dövrü sənə zəng vursa, "adboy" verib sən zəng edəsən ki, sənin səxavətli olmağın onlarda zərrə qədər də şübhə yaratmasın. Onsuz da həmin nömrələri seçilsən sındırıb, atacaqsan. Danış ki, üstündə konturu qalmasın. Bundan əlavə and-aman edib, müqəddəs Qurandan qəşşşşəng sitatlar gətirməlisən ki, sənin necə mömin olmağını da seçicin bilsin. Ama ehsan-zad verməyi demirəm. Çünki, nisbətən kasib namizədlər onun rüşvət olduğunu və belə hallar baş versə, balağlarını çırmalayıb məhkəmələrin qapısını sındıracaqlarını deyirlər. Sizə bunu məsləhət görmürəm. Heç "M" hərifi ilə başlayan sözləri ağzınıza da gətirməyin. Çünki, seçicilər məhkəmədən elə qorxurlar ki, yollarını onun binasının yanından da salmırlar. Həm də bizim xalq sülh və danışıqlar yoluna həmişə üstünlük verib, seçki məsələsində bunu niyə etməsinlər? Daha yaxşı olar ki, məscidlərə gedib, özünüzü dindarlara hörmət edən kimi göstərin, dinə qarşı nifrət və düşmənçiliyinizi də gizlədin. Ən yaxşısı onların qəlbinə yol tapmaqdır. Sonra onsuz da İslama və müsəlmanlara qarşı nifrət dolu çıxışlarınız bu əməlinizin üstünü bir dəfəlik örtəcək Öz aramızdır, bu metoddan istifadə edənlər az deyil aaa. Həm də təkcə, namizədlər yox, onlardan yağlı vədlər alan "dindarlar" da bu işdə məharətlərini gizlətmirlər. Burada heç olmasa birinin adını çəkməliyəm, yoxsa oxucularım səmimi olmağıma şübhə edər və mənə qarşı inamsızlıq dalğası yaranar. Deyəsən bu cümlə namizədlərin ifadələrini xatırlatdı. Eybi yoxdur, seçki dövrüdür. Hə, götürək elə bu Qənimət Zahidi. Seçicilərin qarşısına çıxıb deyir ki, mən bir müsəlman və hacı kimi sizə söz verirəm, demokratiya uğrunda mübarizə aparacam və sizin hüquqlarınızı qoruyacam. Mən də ona deyirəm, hörmətli Qənimət bəy, siz Qurana, İslama və müsəlmanlara nifrət etdiyiniz halda onların hüquqlarını necə qoruyacaqsınız? Özünüzü aldatmayın, beş il kimin yanında və harada idinizsə, məsləhət görürəm ki, indi də orada olun. Bax belə olsanız bəlkə dindar çevrə, öz yolunuz uğrunda mübarizə aparmağınıza görə sizə səs versin. Məncə siz bu təklifi qəbul edəcəksiniz. Yormayın özünüzü, dindarlar kimə səs verəcəklərini artıq yaxşı bilirlər. Ən azı ötən illərdə başları o qədər daşdan- daşa dəyib ki, inanmıram belə hiylələrə aldansınlar. Hər halda bütün namizədlərə uğurlar!
|