Bildiyimiz kimi iki gün öncə açılışında şəxsən prezident İlham Əliyevin iştirak etdiyi Dövlət Bayrağı Meydanında ucaldılmış Azərbaycan bayrağı paytaxtın küləyinə iki gün belə dözmədən, cırıldı. Qeyd edim ki, uzunluğu 162 metr hündürlükdə dirəkdən asılan bayrağın eni 35, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Görünür, tikintisi üçün milyonlarla xərclənən bayrağ o qədər də keyfiyyəti parçadan hazırlanmadığı üçün Bakının dəli və coşqun küləyi qarşısında öz vüqarını cəmi bir neçə gün qoruya bilib. Hər halda bayrağın cırılmasına təəsüflənirəm. Həm də çox. Ona görə ki, atəş-fəşanlıqla ucaldılan bayrağ bir günün tamamında həm də mənfur düşmənimiz ermənilərin gülüş obyektinə çevrildi. Digər tərəfdən bu, gözlənilən hal idi. Çünki, xalqın boğazından kəsilərək, məlum təntənəyə nuşi-canlıqla xərclənən 20 milyon o qədər də uzağa gedə bilməzdi. Əslində Bakı küləyi aylarla ət dadmayan körpələrin ah-naləsi və yalnız quru çörək tapanda üzünə təbəssüm gələn kasıbların hayqırtısı idi ki, sanki, bu formada etiraz edirdi. Başqa yolu da yox idi... Hə, adəti üzrə yenə bu məsələni yuxarıda adını qeyd etdiyimiz düşmən qonşumuz gündəmə gətirdi. Özü də biabırçı şəkildə. İndi gərək ölkə prezidenti bir az hirslənib və bu bayrağın hazırlanmasında iştirakı olan, ayrılan pulu yeyərək, bayrağı keyfiyyətsiz parçadan hazırladan məmuru cəzalandıra. Əlini stolun üstünə vurub, "gətirin keyfiyyətsiz parçadan bayraq hazırlayıb, doğma vətənimizi təhqir edənləri". Görəsən niyə dövlətçilikdə müqəddəslik simvolu daşıyan atributmuz bəzi məmurların məsuliyyətsizliyinə qurban gedir?
Digər tərəfdən isə mediada belə bir sual dolaşdı ki, bu bayrağın ucaldılması bizdə vətənpərvərlik hissi oyatdımı? Bu sualın cavabı isə belədir: Birincisi 20 milyon dollar bayraq bizim nəymizə lazımdır. 1milyon qaçqını olan, gəncləri evsiz qalan, torpaqları işğal altında olan, vətəndaşları səfil kimi yaşayan, boğaza qədər rüşvətə batan, Azərbaycanın və rəhbərliyin buna heç bir mənəvi haqqı yoxdur. Burda heç bir vətənpərvərlik hissi oyadan amil yoxdur. Bu sadəcə şoudur. Hə bizdə bayraq ucaltdıq baxın! Deyirlər "Ginnes"in rekordlar kitabınada düşüb.
Bundan əlavə hər birimizi belə bir sual maraqlandırır. Görəsən bu bayrağın ucaldılması ilə şəhidlərin ruhu zərrə qədər sevinəcək? Mübarək cəsədi erməni dığalarının girovunda qalan, ruhu isə azad səmada pərvaz edən ŞƏHİD MÜBARİZ bəs necə?
Vətənpərvərlik hissinin oyanması üçün uzun parça və dirəyə ehtiyac yoxdur. Məncə, vətənpərvərlik hissinin oyanması üçün Qarabağ azad olmalı, ən azı erməni əsirliyində olan qız-gəlinlərimizin intiqamı alınmalı, heç olmasa bir general şəhid olmuş övladının acısını yaşamalıdır. Azərbaycan xalqının hüquqları qorunmalıdır. Günahsız və daim vətən sevgisi ilə alışıb-yanan gənclər qaranlıq zindanlardan azad olunmasa, vətənpərvərlik hissi yaranarmı? Əgər o gənclər azadlıqda olsaydı bu qədər pullar xərcləməyə ehtiyac olmazdı.
Yəqin ki, hər birimizin ətrafında şəhid ailəsi, şəhid övladı var. Düşünmürəm ki, baş vermiş olaylar onların qüruruna səbəb olsun. Mənim də ətrafımda olan dostlarımın birinin atası, birinin əmisi bir sözlə bu vətən uğurunda canından keçəni var. Onların heç biri bu hadisə ilə qürur hissi duymurlar. Mən elə bir azərbaycanlı tanımıram ki, ermənilərin gülüşünə və vətəndaşların etirazına səbəb olan bu bayrağla qürur duysun. Nə isə bu qədər bəsdir. Hər halda kövrəlirəm....20 milyonluq bayrağın belə sonluğu təbii ki, hər bir azərbaycanlının kədərinə səbəb oldu. Bu kədərin digər səbəbi isə 20 milyonun Bakı küləyi ilə sovrulması idi.
Salam əziz qardaşım! Həqiqətən "Bir dəfə yüksələn bayraq..."-ı zamanında qaldırılmış məramından və hədəfindən başqa bir niyyətə xatir qaldırılarsa ENMƏYİ-nin labüd oldugunun şahidi olduq. Məqalən çox gözəl və vaxtında yazılmışdır. Allah sizi qorusun!
Göyturk
06-09-2010, 09:51:38
Salamlar! Zənnimcə bəzi şeyləri qarışdırmamaq lazımdır. Azərbaycan bayrağının ən ucalarda dalğalanmasının mənfi cəhəti yoxdur. Pis olanı budur ki, bu ideyadan da korrupsiya və "dünya"ları üçün "faydalanan"lar tapıldı. Pis olanı budur ki, bayrağımıza da ayrılan pulu yeyirlər. Ən biabırçısı isə həmin gün 2 şəhidimizdən birinin torpağa tapşılan günü idi (Sabirabadda), paytaxtda isə atəşfəşanlıq idi. Məgər o şəhidlər bu bayraq üçün canlarından keçməmişdimi? Hələ demirəm ki, digər şəhidimizin də cənazəsi düşmən əlində qalıb (Şəhid Seyyid Mübariz kimi). indi şəhidləri düşmən əlində olan ölkədə belə atəşfəşanlığın yeri yox idi. Amma bayraq məsələsi gərəklidir və mən çox istərdim o bayaraq yerinə bərpa edilsin!