Dünən müxalifətin
növbəti mitinqi idi. Həmişəkimi kimi. Mitinqi harada keçirəcəkləri bəlli
deyildi. Əslində bəlli idi. Bakı şəhər İcra Hakimiyyətinin binasının qarşısı. Amma
mitinqin orada keçirilməyəcəyi gün kimi aydın idi. Çünki iki böyük müxalifət
partiyasının birgə keçirəcəyi mitinqə azından 20-30 min adam gələr, daha
200-300 yox. Ona görə də pərakəndə şəkildə aksiya adı ilə böyük bir ərazidə
polislə qaçdı-tutdu oynamaq daha yaxşıdır. Biabır olmamaq üçün. Bu da öz
günahlarıdır, çünki ötən seçkidən keçən 5 il ərzindən onlar sadəcə olaraq
bir-birini ittihamla məşğul olublar, bir də ayanda-çayanda müsahibələr verərək
pafosla "bu hakimiyyətin ömrünə az qalıb" deyiblər. Sadəcə desələrdi kifayət
idi, həm də iddia ediblər. Necə ki, 2003-cü ilə kimi "X (iks) günü" - deyərək hər
həftə çıxışlar edirdilər. Onların dediyi "X günü" oldu. Arxasınca "Y günü"
başladı, "Z günü"nə isə hazırlıq gedir. Amma müxaliflərimiz hələ də, "bu
hakimiyyətin ömrünə az qalıb, qarşıdan gələn seçkilər onların iqtidarının sonu
olacaq" bəyanatlarını səsləndirirlər. Maraqlıdır, görəsən bu cür fikirlər səsləndirən
partiya liderləri bir dəfə də olsun fikirləşirlərmi ki, bu cür sözləri onlar 15
ilə yaxındır deyirlər. Hər seçkidən sonra isə dediklərinin sabun köpüyü olub
uçduğunu görəndə, günahı xalqda axtarmağa başlayırlar ki, bizə dəstək
vermirsiz. Amma fikirləşmirlər ki, bu xalq hər şeyindən keçib 2 dəfə - 2003 və
2005-də sizlərə dəstək verdi. Bəs siz neynədiz? Xalqın qabağında addımlamadız, "Mersedes"lərinizə
minib qaçdız. Və susduz. Daha doğrusu susduruldunuz. Neçəyə? Allah bilir. "Bzim demokratiya satlıq deyil!
.... nefti!" - yazılmış şüarla çıxırdınız mitinqlərə.
***
Balam,
iqtidarın analoqu olmayan inkişaf göstəricilərini hər müsahibənizdə tənbeh
edirsiz, niyə bir dəfə də öz analoqu olmayan müxalifliyinizin bərbad gündə
olmasından danışmırsız, hal bu ki, "ana müxalifət" adına iddialısınız? Məncə
siz ana müxalifət olmağın sadəcə adını eşitmisiz, əslində onun necə
formalaşmasından xəbəriniz belə yoxdur. Xatırladım ki, ana müxalifət olmağın
yeganə yolu xalqı arxasında hiss edib, xalqın önündə getməkdir. Amma siz
neynirsiz, seçkidən-seçkiyə düşürsüz ortaya, 60-70 adamla adını mitinq qoyduğunuz
nəsnəni keçirirsiz. Sonra da başlayırsız Havay adalarındanHavay adalarına kimi çığır-bağır salmağa ki,
bəs bizim səsimizi boğurlar. Maraqlıdır ki, niyə bizim müxalifət daim köməyi Qərbdən,
məxsusən okeanın o tayından gözləyir? Məgər bilmirlər ki, hakimiyyətin mənbəyi
xalqdır, Amerika yox?
Məhz bu
xüsusiyyətinizə görə, xalq sizi başında görmək istəmir, etiraz aksiyalarınıza gəlmək
istəmir. 2003-cü ildə Buşun (Hansı ki, milyonlarla müsəlmanın bu gün də qanının
axıdılmasına şəxsən rəvac verib), ABŞ-ın keçmiş səfiri Rino Harnişin (Hansı ki,
insan alveri ilə məşğul olduğu üçün vəzifəsinə xitam verildi) şəkllərini
götürüb mitinq keçirirdiz, indi bəs nə əcəb Obamanın şəklini götürmürsüz? Rəngi
qaradır ona görə? Niyə bir dəfə də olsun bu xalqın ağrılı yeri olan Qarabağla
bağlı mitinq keçirib hay-haray salmırsız, çıxıb küçəyə polis sizi döyəndə
demirsiz ona ki, ay biqeyrət Qarabağımı istəyirəm də, niyə vurursan məni? Mən
bilirəm niyə. Ona görə ki, sizə 2003-cü ildən bu cür tapşırılıb. Bilirsiz kim
tapşırıb. Tapşırıblar ki, mitinqlərinizdə Qarabağla bağlı şüar səsləndirilsə,
sizlərə dəstək verməyəcəyik. Sizlərdə "Yes" deyib, razılaşmısız.
Bu şəkildə
gördüyünüz sizin 2002-ci ildə keçirdiyiniz mitinqlərdən sadəcə tək görüntüdür.
Bundan sonra sizin mitinqlərdə Qarabağ şüarı olmayıb.
Qərbdən gələn
milyonlarla dolların həcminin artması üçün yeni-yeni gənclər təşkilatları da yaratdınız; "Çağrı", "Yeni
Fikir", "Dalğa", "Məqam", "Yox!" sonda da "..x!" Hanı indi o təşkilatlar?
Bu şəkildəki
partiya rəhbərlərinə diqqətlə baxın. İsa Qəmbər, Mirmahmud Mirəlioğlu, Lalə
Şövkət Hacıyeva, Əli Kərimli, Sərdar Cəlaloğlu, Əli Əliyev. Görəsən niyə indi
onlar bir yerdə deyillər? Birincinin (İsa Qəmbərin) üçüncünü (Lalə Şövkəti) görməyə
gözü yoxdur. Əli Kərimlinin Mirmahmud Mirəlioğlunu. Əli Əliyevin Əli Kərimlini.
Hansını dindirsən, Azərbaycanda müxalifət
adına iddialıdır. Bax buna görə, siz birləşə bilmirsiz. Həm də ona görə ki, demokratiya
adına alıb şəxsi büdcənizə topladığınız pulları demokratiyanın qələbəsinə
deyil, həyat şəraitinizin yüksəlməsinə xərcləyirsiz. Bahalı maşınlarda gəzirsiz
(iddia edirsiz ki, dostunuz alıb), cangüdən saxlayırsız (bilmək olmur siz kimdən
qorxursuz), qalstuksuz gəzirsiz (guya siz də sadə xalqın nümayəndəsisiz),
uşaqlarınız isə xaricdə təhsil alır (bax buna veriləcək cavabınız yoxdur).
***
Hillari
Klintonun Bakı səfərindən öncə çirtmə çalıb oynayırdılar. Ki, Klinton
seçkiqabağı onlarla görüşəcək, onlar da bundan istifadə edib mətbuat səhifəsində
o ki var reklam olunacaqlar. Həmişəki kimi xalqa Amerikanın bu seçkidə 100 faiz
onlara dəstək verdiyini bəyanlayıb, mitinqlərə çağırışlar edəcəkdilər. Hər şeydən bezmiş xalq
da yenə də onlara inanacaqdı. Küçələrə çıxacaqdı, döyüləcəkdi, həbs ediləcəkdi,
xəsarət alacaqdı. Daha sonra isə Vətən uğrunda həmişə mübarizəyə hazır
olduqlarını bağıran bir-iki müxalifət nümayəndəsi mitinqlərdəki şəkillərini
götürüb xarici ölkələrdən sığınacaq istəyəcəkdi ki, ona təzyiqlər edilir. Amma
Hillari neynədi, onları Ramin Hacılı qədər də olmadığını dolayısıyla bəyanladı. Bunlar isə pərtliklərini gizlətmək üçün işə
başladılar. AXCP ilə Müsavatı evləndirmək istəyirlər. Bəylər, alınan deyil.
Vallahi də, billahi də alınan deyil. Yəni siz görmürsüz ki, sadə müsavatçıları
demirəm, heç başqanın yanındakılar Əli Kərimlini özlərinə sədr kimi görmək istəmirlər.
Məgər onlar istəyərlər ki, illərlə can qoyduqları partiyalarına gəlib Əli Kərimli
başçılıq etsin. Eləcə də əksinə, məgər AXCP-çilər istəyərlər ki, illərlə can
qoyduqları partiyaları ləğv olunub Müsavata üz tutsunlar, liderləri də İsa Qəmbər
olsun? Moşu "xoşbəxtlik" üçün qafiə
axtaran kimi, bunlar da birləşmə modulu axtarırlar. Bəylər, sizin birləşmək
üçün bir modulunuz var, bacarmadığınız bu işdən istefa vermək. Qoyun sadə
müsavatçı, cəbhəçi özlərinə yeni rəhbər təyin etsin. Siz isə son olaraq
ömürünüzdə bircə dəfə mərdi-mərdanə çıxıb, səhv əməllərinizi xalqın qarşısında
etiraf edib, bağışlanmaq istəyin. Səhvlər etdiyinizi boynunuza alın, sonda da xalqdan
dəstək istəyin.Bəlkə onda, işsizliyin
İspaniyada 20 faiz, Azərbaycanda isə yox səviyyəsində olduğunu bəyanlamağın həyasızlıqdan
başqa adı olmadığına şübhə yeri qalmayan xalq sizə yenidən dəstək verə.
***
Müxalifətin
dünənki "tarqovı" qaçışında bir şəkil diqqətimi cəlb etdi. Qışqırmaq istəyən
bir gəncin ağzını polis ikiəlli var gücü ilə yummağa çalışır. Maraqlıdır, görəsən
bizim bu gözəl-göyçək polisimiz nədən qorxur? Ondan qorxur ki, o gənc söyüş
söyür, istəmir ki, xaqın qulağı pis söz eşitsin? Yəqin ki, yox dəfələrlə bizim bəzi
polislərin ictimai yerlərdə necə biədəb sözlər işlətdiyinin şahidi olmusuz. Bəlkə
ondan qorxur ki, oğlan ictimai yerdə dəli kimi qışqırır, o da istəmir ki,
camaatın istirahəti pozulsun? Məncə bu da deyil, çünki bizim polislərin
camaatın istirahət hüququnu necə pozduğuna da şahid olmusuz. Bəs onda nə? Məncə bu gənc haqqı hayqırır.
Haqqı çağırır. Pozulmuş hüququnun bərpasını istəyir, oğurlanmış səsini istəyir.
Rüşvətxorluğun durmasını istəyir. Bizim polis qardaşımız buna görə onun səsini
boğmağa çalışır. Çünki istəmir ki, kabinetdə kondisioner altda oturan böyükləri
narahat olsun. Maraqlıdır, görəsən ağzı bağlanan qardaşın sırasına bir neçə nəfər
qoşulsa o polis onların ağzını nəylə bağlayacaq? Silahla? Bəs bir tikə çörəyə görə
özünü qılınca çarpmağa hazır olan milyonları necə...
Sonda təqdim
etdiyim bu şəkildəki şüarın tərcüməsini isə müxalifət rəhbərlərimiz tərcümə
edib bir az utansalar yaxşıdır.