Şəhidlik böyük məqamdır. Bu məktəbi bizə Quran və Əhli-Beyt (ə) öyrədir. İstər İmam Əli (ə)-ın namaz qılarkən, istər İmam Həsən (ə)-ın zəhər ilə, istərsə də İmam Huseyn (ə)-ın başı kəsilərək şəhid edilməsi insanlığın bundan dərs götürməli səhnələridir. Şəhidlərlə bağlı məkanları ziyarət etmək insanın qəlbinə rahatlıq gətirir - bunu özüm hiss etmişəm. İmam Əli (ə)-ın mübarək başına qılınc dəydiyi yer (Kufə məscidi), Şəhid Çamranın paltarları olan muzey, bizim Şəhidlər xiyabanı, İran şəhidlərinin dəfn edildiyi "Qolzare Şohada" adlı xiyaban mənə demək olar ki, eyni təsirləri bağışlayıb. Bir neçə gün əvvəl Biləsuvarın Əliabad kəndinə getdik. Bəli, bu kənd bir şəhidə bağlı idi. Şəhid Seyyid Mübariz İbrahimovun doğulub boya-başa çatdığı kənd. Səhər çağı Bibi Heybət ziyarətgahını ziyarət etdikdən sonra "Bismillah" deyib yola çıxdıq. Bir neçə saatdan sonra çatdıq Biləsuvarın Əliabad kəndinə. Kəndin girəcəyindən elə də uzaq olmayan evin qarşısındakı Azərbaycan bayrağı hər kəsin diqqətini cəlb edirdi. Çox sayda inanclı ilə birlikdə şəhidin 22 il yaşadığı evə daxil olduq. Bizi Seyyid Mübarizin atası Ağakərim dayı qarşıladı. Dindarlar şəhid atası ilə qucaqlaşaraq, "Oğlunun şəhidliyi mübarək olsun!" deyirdi. Ata da bu sözlər ona yad deyilmiş kimi görünürdü. Nəhayət çox sayda inanclı şəhid atasını əhatəsinə aldı. Ağakərim dayıya bu səhnə xüsusi təsir qoymuşdu. İnanclılar ona səbrli olmağı tövsiyyə etdikdən sonra şəhid atası sözünə başladı. Ata oğlunun dindar olmasını xüsusi vurğuladı: "Mənim oğlum 13 yaşından namaz qılmağa başladı. Elə o yaşlarından da, Azərbaycan bayrağını evdə saxlayar, vətənə bağlılığı ilə seçilərdi. O mənə sual verərdi: "Ata, niyə Qarabağda vuruşmamısan?". Mən ona yaşıma görə cavabını verdikdə, o bu cavabla kifayətlənmirdi. Deyərdi "vətənin dar günüdür. Qan verib, Vətəni azad etmək lazımdır". Bəli, atanın sözləri, ananın içəri otaqda laylası xüsusi bir təəssürat yaratmışdı. Bakıdan bizimlə şəhid ailəsini ziyarətə gedənlərin şəhidin paltarını istəməsi və onun şəhadətinə xüsusi məhəbbət göstərməsi, məndə böyük ümidlər yaratmağa başladı. Ümid yarandı ki, erməni əsirliyində təcavüzə uğramış qadınlarımızın və ya erməni terrorunun qurbanı olanların qanını almaq elə də gec deyil. Düzdür, indi ABŞ, Rusiya və Fransanın təşəbbüsü ilə torpaqlarımıza erməniləri şərik qoşmağa can atırlar. Amma xalq özü dərk etməlidir ki, torpaqdan pay olmaz. Torpağı, vətəni qorumaq vacibdir. Əgər bir şəhidin cəsədi ata ocağına hələ gətirilməmiş minə yaxın insanı vətənpərvərliyə sövq edirsə, təbliğata imkan yaradırsa, xalqın qeyrətlilərinin torpaqlarımızın erməni işğalında qalmasıyla barışacağına inanmıram. Bu xalqın, əlbəttə ki, alnının ləkəsini silməsi üçün bir çıxış yolu var. "Hüseyn, Hüseyn şüarımız, şəhadət iftixarımız" şüarına sadiq qalaraq döyüşə həqiqətən hazır olmaq gərəkdir. Necə ki, Mübariz qardaş bu şüara sadiq qaldı. Hətta onun evi belə səfalı idi və insanın qəlbini rahatladırdı. Çünki şəhid yetişdirən evlər belə sadə və pak, rüşvətxor yetişdirən evlər isə adətən rüşvət və talançılıqla alınan villalar olur. Çox xoş təəssüratlar yaşadım. Bir anlığa təsəvvür etdim ki, Mübarizin cəsədi qaytarılıb və onun təntənəli cənazə məclisi qurulub. Türkiyə, Livan, Fələstin, İran və İraqda şəhidlərin torpağa tapşırıldığı kimi şəhid Mübarizin pak cəsədi xüsusi təm-təraqla dəfn edilməlidir. Bu gün bu addımı atmaq hər bir vətəndaşa bir vəzifədir. Dindarlara bu dəyərlərin yaşamasına və inkişaf etdirilməsinə can atması daha vacibdir. İnanclılar həm vətən qarşısında, həm də Allah qarşısında məsuliyyətlərini dərk etməlidirlər. Əlbəttə ki, şəhidlərimizə məhəbbət, onları ehtiram və hörmətlə yad etmək bizim dinimizə bağlıdır. Vətənə məhəbbət kiminsə sifarişi ilə yaranmır. Kiminsə xoşuna gəlməsə belə, bir mətləbi qətiyyətlə bildirməliyik: Azərbaycan naminə canlarını fəda edən şəhidlər digər ölkələrin şəhidləri kimi hörmət edilməlidir. Necə ki, biz Livan, İran, İraq və Türkiyə şəhidlərinə hörmət göstəririk, bu ölkələrə də öz şəhidlərimizi tanıtmalıyıq. Onlar da öz növbəsində bizim şəhidlərimizə, xüsusilə müsəlman Azərbaycan torpağları uğrunda canından keçənlərə hörmət bəsləməlidirlər. Bizdən hörmət umduqları kimi, biz də onlardan umuruq. Son olaraq onu da qeyd edim ki, biz gedəndə şəhidin ərsəyə gəldiyi evin həyətində yalnız bir bayraq - üç rəngli Azərbaycan bayrağı dalğalanırdı. Mömin qardaşlardan biri bu şəhid evinə Şəhidlərin Ağası, İmam Huseynin adı yazılmış bayrağı hədiyyə verdi. Bir neçə saatdan sonra bu bayraq Şəhid Seyyid Mübarizin evində dalğalanmağa başladı. Bəli, bu bir mesaj idi - nə qədər ki, Azərbaycan İmam Huseyn məktəbindən ayrı düşüb, torpaqlarının azad edilmə ehtimalı çox azdır. Bir də ki, axı bütün şəhidlər Ona, Şəhidlər Ağasına bağlıdır. Şəhid Mübariz bu fani dünyada olarkən Ona, Həzrət Hüseynə çox bağlı olub, ona çox təvəssül edib. Yekunda da İmam Huseyn (ə)-ın rəhbərlik etdiyi "şəhadət karvanı"na qoşuldu. Nə xoş sənə, qardaşım! Şəhidliyin mübarək!
|