Azərbaycan siyasi leksikonunda "siyasi müxalifət"
anlayışı o qədər də
aydın deyil. Sədrləri Milli Məclisdə olan və ya olmayan çoxlu sayda
siyasi partiyalar var ki, hakimiyyətin həyata keçirdiyi siyasi kursu
birbaşa dəstəkləyərək "müxalifət" adına da iddialıdırlar. Eləcə də
hakimiyyətin həyata keçirdiyi siyasətdən konseptual fərqlənən siyasətə
və proqrama malik olmayan, lakin hakimiyyətin ələ keçirilməsinə iddialı
olan siyasi qüvvələr də "müxalifət" kimi öz yerlərini siyasi arenada
saxlayırlar. "Müxalifət" anlayışının siyasi leksikonda düzgün müəyyən
edilməməsi həm hakimiyyətə, həm də beynəlxalq güclərə, xüsusilə ABŞ
institutlarına "müxalifət" anlayışı ilə manipulyasiya etməyə və onlardan
öz məqsədləri üçün istifadəyə imkan verir. Başqa sözlə, "müxalifət"
düşərgəsindəki mahiyyət müxtəlifliyi ona qarşı hər hansı təxribatlara
asanlıqla yol açır. Məhz bu səbəbdəndir ki, Mərkəzi Seçki Komissiyası
tərkibinin hansı "müxalifətdən" ibarət təşkil edilməsi sualı qoyulanda
da xeyli çaşqınlıq əmələ gəlir. Təəssüflə qeyd etmək lazımdır ki,
iqtisadiyyatda monopolist qüvvələr olduğu kimi siyasətdə də "müxalifət"
adına iddialı olan siyasi qüvvələr bu ad ətrafında monopoliya yaratmağa
cəhd göstərirlər. Məhz bu səbəbdəndir ki, son 15 ildə hakimiyyətə bu və
ya digər formada müxalif olan qüvvələrin birləşməsi və bir mövqedən
çıxış etməsi mümkünsüz olub.
"Siyasi müxalifətin" aydın
xarakteristikasının olmaması cəmiyyətdə də ciddi parçalanma və ideoloji
qeyri-müəyyənlik yaradıb. Azərbaycanda son 15 ildə siyasi proseslərin
zəifləmə istiqamətində getməsi və 2003-cü ildən hökm sürən siyasi
durğunluq, digər səbəblərlə yanaşı, həm də "siyasi müxalifət"
anlayışının aydın və başa düşülən olmaması ilə bağlıdır. Siyasi
hakimiyyətə iddialı olan partiyaların aydın ideoloji bazasının, siyasi
mübarizə strategiyasının və perspektiv inkişaf proqramının olmaması bu
partiyalar ətrafında mümkün sosial qrupların təşkilatlanmasına imkan
vermir. Azərbaycan siyasi partiyalarının ən ciddi çatışmazlığı
Azərbaycan cəmiyyətindəki problemləri qlobal problemlərlə uyğunlaşdırmaq
bacarığının olmamasından irəli gəlir. Bu zərurət real vəziyyətdən çıxış
etməklə Azərbaycanın perspektiv inkişaf xəritəsini müəyyənləşdirməklə
bağlıdır. Azərbaycan Qlobal Dünya ilə müqayisədə çox kiçik bir ölkədir.
Odur ki, onun qlobal problemlərə immuniteti də zəifdir. Qlobal miqyasda
kiçik bir dəyişiklik Azərbaycan cəmiyyətində ciddi şəkildə özünü
göstərə bilər. Dünyanı düşündürən
1) enerji problemləri;
2)
əhali artımının yaratdığı problemlər;
3) ərzaq çatışmazlığı;
4)
ekoloji problemlər - Azərbaycanın siyasi həyatında diqqət mərkəzində
dayanmalıdır.
Təəssüf ki, hakimiyyətə iddialı olan "siyasi
müxalifət" bu problemlərin fonunda Azərbaycanın gələcək perspektivlərini
araşdırmaq və müvafiq siyasi qərar qəbul etmək gücündə deyil.
Əvvəlki
tədqiqatlarımızda qeyd etdiyimiz kimi, mövcud şəraitdə müxalifətin
geniş xalq kütlələrindən təcrid edilməsinin səbəbi təkcə hakimiyyətin
"siyasi bacarığı" ilə şərtlənmir. Burada daha iki ciddi amil öz mənfi
təsirini göstərməkdədir. Bunlardan birincisi, Azərbaycanda iqtisadi və
siyasi maraqları olan böyük güclərin, xüsusilə ABŞ-ın mövcud
müxalifətdən hakimiyyətə təsir vasitəsi kimi istifadə etmək və ondan
lazım olan güzəştləri almaq siyasətidir. İkincisi isə müxalifətin
ardıcıl ideoloji bazasının və aydın məqsədinin olmaması ilə, çox
hallarda müxalifət tərəfindən xalq kütlələrinin marağının satılması və
ya siyasi qorxaqlığı ilə bağlıdır. "Siyasi müxalifət"in ideoloji
cəhətdən səfərbər edilməməsi və Azərbaycanın mövcud problemlərinin
həllində alternativ proqrama malik olmaması cəmiyyətdə müxalifətə qarşı
ciddi inamsızlıq yaradır. "Siyasi müxalifət" hakimiyyətin
müvəffəqiyyətsizliyinə sevinib yalnız hakimiyyətdən narazılara arxalana
bilməz. "Siyasi müxalifət" hakimiyyətə iddialı insanların təkəbbürünə və
ya hərisliyinə əsaslanıb cəmiyyəti qarşıdurmaya sürükləməməlidir.
Siyasi
mübarizənin mahiyyətinə hakimiyyət uğrunda mübarizə yox, cəmiyyətdəki
problemlərin düzgün müəyyənləşdirilməsi və onların aradan qaldırılması
yollarının axtarılması daxil olmalıdır. Siyasi hakimiyyətin ələ alınması
bu problemlərin həlli üçün mümkün variantlardan yalnız biridir. "Siyasi
müxalifət"i heç də hakimiyyətin həyata keçirdiyi siyasəti yalnız tənqid
edən və ya hakimiyyətə iddialı olan siyasi qurumlar kimi xarakterizə
etmək də düzgün yanaşma deyil.
"Siyasi müxalifət" hər şeydən əvvəl
ictimai-siyasi proseslər, cəmiyyətdə baş verən hadisələr, qlobal
problemlər, dövlətin və cəmiyyətin bütöv siyasi sistem kimi daxili və
xarici əlaqələri, cəmiyyətin və dövlətin perspektiv siyasi inkişafı və
sair problemlər haqqında alternativ siyasi proqrama malik təşkilatlanmış
insan qrupları kimi xarakterizə olunmalıdır. Göründüyü kimi, "siyasi
müxalifət" tərəfindən hakimiyyətin hər hansı siyasətinin tənqid
edilməsi, hələ siyasi müxaliflik deyil. Belə tənqidlər alternativ siyasi
kursla əsaslandırılmalıdır. Yalnız bu halda "siyasi müxalifət" geniş
xalq kütlələrinin dəstəyini qazana bilər. "Siyasi müxalifət"in belə
tərifinə əsaslansaq, təəssüflə qeyd edə bilərik ki, Azərbaycanda hələ
"siyasi müxalifət" institutu formalaşmayıb. Azərbaycanda bu ada iddialı
olan partiyalar isə beynəlxalq təşkilatların məqsədyönlü fəaliyyəti ilə
"siyasi müxalifət"lik imitasiyası yaradırlar. Belə ki, "siyasi
müxalif"lik üçün tələb edilən alternativ yanaşma mövcud deyil.
Azərbaycanda
"siyasi müxalifət" adına iddialı olan siyasi partiyaların bütün
mənalarda "tərksilah" olunmasının əsas səbəbi də belə alternativ siyasi
kursun olmamasıdır. Alternativ siyasi kursun olmaması həm iqtidar, həm
də "ənənəvi müxalifət"in siyasi baxışları arasında ciddi fərqlərin
olmamasından xəbər verir. Azərbaycanda ənənəvi müxalifətlə iqtidar
arasında konseptual siyasi-ideoloji fərqlərin olmaması bugünkü "ənənəvi
müxalifət"i ictimai dəstəkdən məhrum edir. Bəzi siyasi problemlərin, o
cümlədən
1) Dağlıq Qarabağ probleminin;
2) Azərbaycan - NATO
əlaqələrinin;
3) neft iqtisadiyyatının genişlənməsinin;
4)
Azərbaycanla yaxın qonşu ölkələrin münasibətlərinin;
5) Xəzərin
hərbiləşdirilməsinin;
6) Beynəlxalq Maliyyə qurumlarının
Azərbaycandakı fəaliyyətinin;
7) sosial problemlərin;
8) neft
gəlirlərinin şəffaflığı və idarə edilməsi problemlərinin və sair mövcud
problemlərin başa düşülməsində iqtidarla "ənənəvi müxalifət" arasında
prinsipial fərqlərin olmaması cəmiyyətdə siyasi aktivliyə də mənfi təsir
göstərir.
Qarabağ probleminin həllində iqtidarın fəaliyyətsizliyi
və dolayısı ilə problemin "dondurulması"na maraqlı olması onu "ənənəvi
müxalifət"dən xeyli tədbirli və humanist göstərir. Belə ki, bəzi
müxalifət partiyaları bu problemin həllini atəşkəsin dayandırılmasında
və müharibənin bərpa edilməsində görürlər. Hərbi və siyasi araşdırmalara
əsaslanmayan belə məsuliyyətsiz çağırışlar müharibə yolu ilə iqtidarın
zəiflədilməsi və beynəlxalq imicinə zərbə vurulması məqsədi daşıyır.
Belə qüvvələr bilir ki, müharibəyə sürüklənmiş iqtidar ictimai qəzəbə
tuş gələrək asanlıqla hakimiyyətdən gedə bilər. Belə təcrübədən 1990,
1992-ci və 1993-cü illərdə hakimiyyət dəyişikliyində istifadə edilib.
Hakimiyyətin ələ keçirilməsi naminə insan qırğınına və dağıntılara rəvac
verməyə hazır olan belə "ənənəvi müxalifət" regionla bağlı qlobal
siyasətdən və regionda gedən "Böyük Oyun"dan xəbərsizdir. Bir qrup
müxalifət isə beynəlxalq təşkilatların təhriki ilə iqtidarın
dəstəklədiyi dinc həll yoluna üstünlük verməyə məcbur olub. Həm "ənənəvi
müxalifət", həm də iqtidar arasında ümumi cəhət ondan ibarətdir ki,
Azərbaycan və Ermənistan cəmiyyətləri arasında, Azərbaycan cəmiyyəti ilə
Qarabağda yaşayan erməni icması arasında hər hansı humanitar əlaqələr
istisna edilir. Lakin nə iqtidar, nə də "ənənəvi müxalifət" qəbul etmək
istəmir ki, belə vəziyyət Dağlıq Qarabağı Azərbaycandan daha da
uzaqlaşdırır.
NATO-Azərbaycan əlaqələrinə münasibətdə də Azərbaycan
iqtidarı ilə "ənənəvi müxalifət"i arasında ciddi fərqlər yoxdur. Belə
ki, həm iqtidar, həm də ənənəvi müxalifət düşünür ki,
1) bu əlaqələr
Azərbaycanın gələcəkdə təhlükəsizliyinə tam əminlik yaradır;
2)
Azərbaycan üçün həllini gözləyən vacib problemin-Dağlıq Qarabağ
probleminin həlli reallaşacaq;
3) neft hasilatının və ixracatının
təhlükəsizliyi təmin ediləcək,
4) Xəzərin statusunun həlli başa
çatdırılacaq və ən nəhayət, Azərbaycan ordusu NATO standartlarına uyğun
formalaşacaq. Azərbaycan ictimaiyyətinə təlqin edilən bu
arqumentlərin nə dərəcədə əsaslı olmasına həsr edilmiş nə elmi, nə də
siyasi tədqiqatlar yoxdur. NATO-Azərbaycan əlaqələrinin zəruriliyini
təbliğ etməklə öz siyasi məqsədlərini inkişaf etdirən Azərbaycan
müxalifətinin əksəriyyəti də bu əlaqələrdən Azərbaycanın necə faydalana
biləcəyini əks etdirən konkret siyasi platformaya malik deyildirlər.
NATO-nun Cənubi Qafqaza genişlənməsini dəstəkləməklə "ənənəvi müxalifət"
də iqtidar kimi nəinki NATO-nun dəstəyinə ümid edir, həm də ABŞ
tərəfindən Azərbaycanın müstəmləkə dövlət kimi siyasi nəzarətə
alınmasını daha da sürətləndirirlər.
Azərbaycanda neft hasilatının
genişlənməsinə və transmilli şirkətlərin fəaliyyətinə münasibətdə də
iqtidarla "ənənəvi müxalifət" arasında prinsipial fərq yoxdur. Belə ki,
həm iqtidar, həm də ənənəvi müxalifət transmilli şirkətlərə ən əlverişli
iqtisadi şəraitin yaradılmasını dəstəkləyirlər. Azərbaycanda fəaliyyət
göstərən transmilli şirkətlərdə əmək hüquqlarının pozulması ilə bağlı
faktlara göz yummağı hər iki siyasi düşərgə daha məqsədəuyğun hesab
edir. Bu gün Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin
Azərbaycan iqtisadiyyatına dolayısı və ya birbaşa mənfi təsirləri nə
"ənənəvi müxalifət", nə də iqtidar tərəfindən etiraf edilmir. Nəzərə
almaq lazımdır ki, Azərbaycan regionlarında yaşayan və fəaliyyət
göstərən hər bir Azərbaycan vətəndaşı belə təsirləri hər an hiss edir və
yaşayır. Azərbaycanda neft hasilatı genişləndikcə qeyri-neft sektorunda
olan ixtisaslı mütəxəssislərin neft sektoruna axını və ixtisaslı
kadrların çatışmaması səbəbindən qeyri-neft sektorunda təşəbbüslərin
zəifləməsi baş verir. "Ənənəvi müxalifət" gündəlik tələbat mallarının
sürətli qiymət artımını dünyada baş verən qlobal problemlərlə, həm də
Azərbaycanın neft strategiyası ilə əlaqələndirməlidir. Azərbaycanda
neft hasilatının genişlənməsinin mənfi təsirlərini araşdırmadan
dəstəkləmək, Azərbaycan iqtisadiyyatına və ətraf mühitə dəyən ziyanı
siyasi mübarizə motivinə çevirməmək mövcud "ənənəvi müxalifət"in ən
bağışlanmaz səhvidir. Təəssüf ki, transmilli şirkətlərin fəaliyyətini
dəstəkləməklə "ənənəvi müxalifət" partiyaları hakimiyyət uğrunda
mübarizədə bu şirkətlərin hər hansı bir formada dəstəyinə hələ də
sadəlövhcəsinə ümid edirlər. Azərbaycanın yaxın qonşu ölkələrlə
münasibətlərinin müəyyənləşməsində də iqtidar ənənəvi müxalifətdən daha
çevik və praqmatik görsənir. Belə ki, iki milyon azərbaycanlının
Rusiyada məskunlaşdığını deyən "ənənəvi müxalifət" bu ölkə ilə
əlaqələrin durmadan zəiflədilməsini təbliğ edir. Əlbəttə, "ənənəvi
müxalifət"in belə düşünülməmiş siyasəti iqtidarla Rusiya hakimiyyəti
arasında münasibətlərin daha da yaxşılaşmasına və iqtidarın Rusiya
hakimiyyəti tərəfindən müdafiə olunmasına şərait yaradır. Eyni fikirləri
Azərbaycanın İranla münasibətinə də aid etmək olar. İranda milyonlarla
azərbaycanlının yaşadığını deyən "ənənəvi müxalifət" eyni zamanda bu
ölkədə separatizmi dəstəkləməklə ABŞ-ın Yaşın Şərq siyasətinə dəstək
vermiş olurlar. Bu siyasətdən milyonlarla insanın əzab çəkməsi ehtimalı
"ənənəvi müxalifət"in heç vecinə də deyil. ABŞ-ın Rusiya ilə bağlı
siyasətini dəstəkləməklə Azərbaycanın "ənənəvi müxalifət"i milyonlarla
seçici səsini itirməklə yanaşı, həm də Rusiyada yaşayan soydaşlarımızın
həyatına və fəaliyyətinə ciddi təhlükələr yaradırlar.
Xəzərin
ekoloji problemlərinin başa düşülməsində və həlli yollarının
axtarılmasında da iqtidarla "ənənəvi müxalifət" arasında ciddi fərqlər
yoxdur. Belə ki, Xəzərin statusunun həll edilmədiyi şəraitdə
karbohidrogen yataqlarının geniş miqyaslı işlənilməsi hər iki siyasi
düşərgə tərəfindən dəstəklənir. Karbohidrogen yataqlarının geniş
miqyaslı işlənilməsi və hasil edilən məhsulun təhlükəsiz nəql edilməsi
bəhanəsi ilə regionda ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi həm
iqtidar, həm də "ənənəvi müxalifət" tərəfindən dəstəklənir. Nə "ənənəvi
müxalifət", nə də iqtidar fərqində deyillər ki, Xəzərətrafı ölkələrə
aidiyyəti olmayan hərbi qüvvələrin regiona müdaxiləsi regionda
gərginliyin artması deməkdir. Beynəlxalq Maliyyə qurumlarının
Azərbaycandakı fəaliyyətinin qiymətləndirilməsində də iqtidar və
"ənənəvi müxalifət" arasında ciddi fərqlər yoxdur. Hər iki siyasi
düşərgə maliyyə institutlarına yaxın olmağa və ondan dəstək almağa səy
göstərirlər. Lakin bu gün neft gəlirlərinin Azərbaycan iqtisadiyyatına
gətirə biləcəyi bəlalardan danışan "ənənəvi müxalifət" bu bəlaların
arxasında təkcə iqtidarın deyil, həm də Beynəlxalq Maliyyə
institutlarının (BMİ) dayandığını etiraf etməlidir. Nəzərə almaq
lazımdır ki, son illərdə gündəlik tələbat mallarının qiymətlərinin
kəskin artmasının əsasında da BMİ-nin siyasəti, o cümlədən Azərbaycanda
apardığı iqtisadi islahatlar dayanır.
"Ənənəvi müxalifət" tərəfindən
iqtidarın tənqid edildiyi ən əsas sahələrdən biri də sosial sahədir.
Cəmiyyəti bürümüş korrupsiya halları, işsizlik iqtidarın siyasətindən
haqlı narazılıqlar yaradır. Lakin "ənənəvi müxalifət"in bu problemlərin
həlli ilə bağlı konkret proqramının olmaması ictimai narazılıqları
təşkilatlandırmağa imkan vermir. Dövlət idarəetməsində korrupsiya
hallarının aradan qaldırılması və "yaxşı idarəçiliyin" yaradılması
idarəçilik problemidir və bu problemin dayanıqlı həlli elmi əsaslara
söykənməlidir. Təəssüf ki, "ənənəvi müxalifət" mövcud idarəetmənin
təkmilləşdirilməsi və "yaxşı idarəetmənin" qurulmasında ABŞ-ın və
BMİ-nin mənfi rolunu görə bilmir. Söz azadlığının və insan hüquqlarının
qorunması, demokratik islahatların həyata keçirilməsi bayrağı altında
"ənənəvi müxalifət"ə ABŞ və beynəlxalq təşkilatlar tərəfindən verilən
dəstək əslində Azərbaycan hakimiyyətinə siyasi təzyiq vasitəsidir və
Azərbaycan hakimiyyətindən iqtisadi və siyasi güzəştlər əldə etmək
məqsədi daşıyır. Azərbaycan iqtidarı isə hakimiyyət xatirinə belə
güzəştlərə getməyə həmişə hazırdır.
Bəli cənablar, unutmayın ki, son
15 ildə siyasi mübarizə səhnəsində "monopolist müxalifətçi" kimi
fəaliyyət göstərən "ənənəvi müxalifət" həm iqtidara, həm də beynəlxalq
təşkilatlara "məhrəm siyasət" həyata keçirdiyi üçün hələ uzun ömürlüdür.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.