Bunlar hamısı heçdə birdən birə baş verməyib təbii ki. Bura çatmaq üçün adəm övladı çox məşəqqətli yollardan keçib.
Bu inkişaf prosesində bəzi insanlar xüsusi rol oynayıb, xüsusi izlər buraxıblar. Onlara "Tarix yazan insanlar" deyilir bəzən.
Bəli, tarix yazan insanlar.
Bu gün dünya bunu qəbul etsə də, etməsə də bu tarix yazan insanların, sivilizasiyanın bu yerlərə gəlib çatmasında inkarolunmaz rolu olan şəxsiyyətlərin başında, dahiliyin fövqündə dayanan Peyğəmbərlər -durur. Məhz onların ilahi dərgahdan gətirdikləri müqəddəs dinlərdir ki, yavaş-yavaş bəşəriyyətin həyatına sızıb, onların həyat tərzini formalaşdırıb, inkişaf yoluna çıxarmışdır. Kim idi onlar?!
Bu boyda inqilab edən, bəşəri o üzdən bu üzə gətirib amma unudulan, lazımınca yad olunmayan insanlar.
Bizim səhfimiz burdadır ki, kimi öyrənməliyik, kimin həyat və yaradıcılığını oxumalıyıq, kimi arayıb-axtarmalıyıq, bilmirik.
Düşmüşük bir ovuc üzdən iraq şou biznes əhlinin arxasınca. Bizi hara apardıqlarını bilməyə-bilməyə. Sonra da onlara yalvarırıq ki, "Sən Allah, özünüzü yaxşı aparın ki, biz də yaxşı olaq. Axı biz hər şeyi sizdən götürürük." Məntiqsizliyə bir baxın! Kim deyib ki, bir müğənni bizə həm də həyat dərsi verməlidir?!
Ona görə də "El içində" toplaşanda məsələni kökündən həll etmək lazımdı. Müğənnilərə "siz Allah, özünüzü yaxşı aparın ki, bizim balalarımız da sizə baxıb pozulmasınlar!" - deməkdənsə, balalarımıza başa salaq ki, biz həyat dərsini kimdən öyrənməliyik.
Nə isə... çox haşiyəyə çıxmayaq!
Peyğəmbərlərimizin həyatlarının hər sahəsi hikmət dolu və ibrətamizdir. Onların həyatının hər hansı bir hissəsini araşdırsaq, böyük və dahi insanlar olduğunu bir daha etiraf etmiş olacağıq.
Onların bütün rəftarları kimi etdikləri arzu, Allah dərgahından dilədikləri istək də özündə dərin mənalar daşıyır. Bu kiçik yazıda bu dahi istəklərə nəzər salacağıq bir qədər.
Hər birimiz gün ərzində dəfələrlə Allahımıza dua edir, O qüdrətli varlıqdan nələri isə istəyirik. Bəs görəsən Peyğəmbərlər necə, onlar əl qaldırıb uca dərgaha münacat edərkən nə diləyərmiş, Ulu Tanrıdan nə istəyərmişlər?!
Süleyman (ə) və qarışqa.
Quranı-kərimdə bizim bir çox peyğəmbərlərin etdiyi dualar öz əksini tapmış, onların dilindən 80-ə yaxın dua qeyd olunmuşdur. O peyğəmbərlərimizdən biri də Həzrət Süleymandır. Həzrət Süleyman böyük qüdrət sahibi, mülk yiyəsi və səltənət qurmuş bir Peyğəmbər olmuşdur. Qurani-kərimdə onunla bağlı bir neçə macəralardan söz açılır. O macəralardan biri də O həzrətin qarışqa macərasıdır. Nəml (Qarışqa) surəsinin 17-19-cu ayələrində bu hadisə belə təsvir edilir:
(Bir gün) Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. Onlar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər.
Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!" (Nəml 17-18)
Süleymanın qoşunu Qarışqalar vadisnə çatdıqda qarışqalarıdan biri öz yoldaşlarına "Girin yuvalarınıza ki, Süleyman və onun qoşunu sizi tapdalamasınlar!" - deyir. Qarışqanın bu sözü Süleymanı gülümsəməyə vadar edir. Elə bu zaman əlini ilahi dərgaha qaldıraraq belə bir dua edir:
"Ey Rəbbim! Mənə mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı iş görmək üçün ilham (qüvvət) ver! Və məni öz mərhəmətinə saleh bəndələrinin zümrəsinə daxil et!" (Nəml 19)
Bu həzrət Sleymanın üç hissədən ibarət olan duasıdır.
Demək, şükr edə bilmək özü də bir ilahi nemətdir. O elə bir nemətdir ki, onu da Allahdan diləmək lazımdır. Həm də təkcə bizə verilən nemətlərə görə deyil, valideyinlərimizə verilən nemətlərə görə də Xaliqə təşəkkür və şükr etməliyik. Bu ona görədir ki, ata və ananın övladın gələcək həyatındakı təsiri inkarolunmaz qədər əhəmiyyətlidir. Onların hansısa nemətə sahib olmaları bir başa övladın o nemətə yiyələnməsi deməkdir.
Onu da qeyd etmək lazımdır ki, Quran baxımından əslində verilən nemətdən məhz düzgün məqsədlərdə istifadə edən kəs şükr etmiş sayılır. Əgər misal üçün həyat insana Allaha bəndəlik etmək üçün verilirsə və insan onu Allahdan qeyrisinə bəndəçilikdə keçirirsə o kəs gecə-gündüz "ilahi, sənə şükr olsun!" - desə də şükr edən bəndə sayılmaz!
Elə ona görə də Allah-Təala "Mənim bəndələrimdən az bir qismi şükr edənlərdir!" - buyurur. (Səbə 13)
Ən gözəl saleh əməlin isə hədislərdə buyurulanlara əsasən üç əlaməti olmalıdır:
1. Ən saleh əməl bəndəni Xaliqinə yaxınlaşdıran əməldir.
2. Saleh əməllərin ən salehi onların ən davamlı olanıdır.
3. Saleh əməllərin ən salehi onların ən dəqiq olanıdır.
Allah bizi şükr edib, saleh əməl sahibi olan bəndələrindən etsin!
Amin!