Bu yaxınlarda atəşkəs rejiminin əldə edilməsinin 16 ili tamam oldu. İşğal olunmuş Qarabağ torpaqları uğrunda başlanan qanlı savaş 16 il bundan əvvəl - 1994-cü il may ayının 12-də tərəflərin atəşkəs barədə imzaladığı müqavilə ilə başa çatdı. Ancaq bu müddət ərzində həmin müqaviləyə münasibət heç də bir-mənalı olmayıb. Və bu da faktdır ki, təkcə atəşkəsin ildönümlərində deyil, vaxtaşırı olaraq Azərbaycan-da fəaliyyət göstərən müxtəlif təşkilatlar bu haqda öz mövqelərini ortaya qoyublar. Məsələn, iqtidar düşərgəsini təmsil edənlər Qarabağ münaqişəsinin həllində atəşkəsi dönüş nöqtəsi adlandıraraq, onun orduda quruculuq işləri aparmaq baxımından əhəmiyyətli olduğunu qeyd etsələr də, müxalifət əksinə, hesab edir ki, bu müddət ərzində problemin həllindən bir qədər də uzaqlaşmışıq. Mövqelərin bir-birindən bu qədər fərqlənməsi, əlbəttə, təsadüfi deyil. Çünki 10+7 illik hakimiyyətinin 16 ilini atəşkəs rejimində keçirən və bu müddət ərzində münaqişənin nizamlanması ilə bağlı fəaliyyəti danışıqlardan o yana keçməyən iqtidarın atəşkəsin əhəmiyyəti haqda təbliğat aparmaqdan başqa yolu və xalqa deməyə sözü yoxdur. Müxalifət düşərgəsinə gəldikdə isə, neçə illərin təcrübəsi göstərib ki, bu düşərgədə qərar tutanların əksəriyyəti Qarabağ kartından yalnız hakimiyyətə gəlmək üçün istifadə edib. Doğrudan da əgər belə olmasaydı soldan və sağdan tənqid atəşinə tutduqları hakimiyyəti qanuni yolla istefaya göndərməyin mümkünlüyünə nail olmaq üçün həmişə adından danışdıqları xalqın sosial sifarişini, yəni birləşmək barədə onun arzularını yerinə yetirərdilər. Qarabağ probleminin həlli elə birlikdən keçir. Ancaq bununla belə, etiraf edilməlidir ki, 16 illik atəşkəsin münaqişənin nizamlanmasına heç bir aidiyyəti olmadı. Əlbəttə, tarixdə atəşkəs müqavilələrinin imzalanması təcrübəsi həmişə olub. Və demək olar ki, bir qayda olaraq müharibələrin sonu atəşkəsdən sonrakı sülhlə bitir. Ümumiyyətlə, atəşkəs sazişinin imzalanması bir neçə istiqamətdə faydalı olur. Onlardan birincisi və ən əsası isə qan tökülməsinin qarşısının alınmasıdır. Bu baxımdan atəşkəsin əhəmiyyətindən danışmaq olar. Artıq 16 ildir ki, cəbhədə nisbi sakitlikdir. Amma maraqlıdır ki, bu müddətdə müxtəlif səbəblərdən, o cümlədən bəzi ordu hissələrindəki məsuliyyətsizliklər və atəşkəsin tez-tez pozulması nəticəsində xeyli sayda hərbçimiz həlak oldu. Şübhəsiz ki, bu qanın torpaqların işğaldan azad edilməsi yolunda tökülməsi milləti bu qədər sarsıtmazdı. Və məlumdur ki, atəşkəsin məqsədlərindən biri də vaxt qazanıb ordunu möhkəmlətməkdir. Digər tə-rəfdən atəşkəs sülh üçün zəmin yaradır. Deməli, birinci halda müharibə nə vaxtsa başlaya bilər. Yəni atəşkəs uzun muddət davam edə bilməz. Ancaq fakt ondan ibarətdir ki, bu 16 ildə münaqişənin ədalətli həllini tapmaq mümkün olmayıb. Biz isə hələ də düşmənin və çeşidli beynəlxalq təşkilatların insafa gəl-məsini gözləyirik. Əlbəttə, məmurların atəşkəsin əhəmiyyəti barədə söylədiklərinin bir qismi ilə razılaşmaq olardı. Ancaq o da nəzərə alınmalıdır ki, işğal edilmiş torpaqları geriyə qaytarmaq üçün xalq nə vaxtsa sonu görünməyən atəşkəsi pozmaq məcburiyyətində qalacaq. Bu isə 16 illik atəşkəsdən sonra çox güman ki, nüfuzlu beynəlxalq təşkilatların, eləcə də bir sıra nəhəng dövlətlərin qəzəbinə səbəb olacaq. Daha doğrusu, bu qəzəb artıq var. Prezidentin və müdafiə nazirinin, problemin hərbi yolla azad olunması ilə bağlı hər çağırışından dərhal sonra ABŞ rəsmilərinin Bakıya gəlməsi, yaxud buna sərt reaksiya göstərərək bu halda ölkəmizə qarşı sanksiya tətbiq olunacağı haqda bəyanat vermələri də buna misaldır.