Son 20 ildə keçirilən seçkiləri əhalinin siyasi aktivliyinə görə
qiymətləndirsək, 1991-1992-ci illərdə keçirilən seçkilər daha aktiv
hesab edilə bilər. O dövrdə müxalifətin təşkil etdiyi mitinqlərdə on
minlərlə insanın iştirakı da danılmaz faktdır. Etiraf etmək lazımdır ki,
o dövrdə siyasi müxalifətin dövlət idarəçiliyinə təsir gücü də xeyli
yüksək idi. Müxalifətin həm Ali Sovetdə (sonralar Milli Məclisdə) xeyli
səsə malik olması, həm də Milli Müdafiə Şurasında təmsil olunması onun
siyasi çəkisinin yüksək olmasından xəbər verirdi. Qeyd edək ki, 1993,
1998 və 2003-cü il prezident seçkilərində, həmçinin 1995 və 2000-ci ildə
Milli Məclisə keçirilən seçkilərdə də siyasi aktivlik heç də indiki
qədər az olmayıb. Lakin bu seçkilərin xarakterik cəhəti ondan ibarətdir
ki, əhalinin siyasi aktivliyi ildən- ilə azalma xətti ilə davam
etmişdir. Eyni fikirləri bələdiyyə seçkilərinə də aid etmək olar. Əhalinin
siyasi aktivliyi mövcud iqtidarla müxalifət arasındakı siyasi
mübarizənin göstəricisi olduğundan siyasi aktivliyin azalması həm də
belə mübarizənin zəiflədiyindən xəbər verir. Azərbaycanda əhalinin
siyasi aktivliyinin və ya müxalifətlə geniş əhali kütləsi arasındakı
əlaqələrin sürətlə zəifləməsi subyektiv (məsələn, müxalifət partiyalarının
ideoloji əsaslarının və ya siyasi mübarizələrinin mahiyyətinin aydın
olmaması) və obyektiv faktorla bağlıdır. Obyektiv faktorlar kimi 1)
mövcud qanunvericiliyin siyasi aktivliyə stimul verməməsi, o cümlədən
proporsional seçki sisteminin ləğv edilməsini; 2) müxalifət
düşərgəsində olan ziyalıların müxtəlif növ repressiyalara məruz
qalmasını; 3) əhalinin daha geniş aktiv təbəqələrinin müxtəlif
qurumlar tərəfindən müvəqqəti olaraq ələ alınmasını; 4) informasiya
blokadasını və ya mövcud hakimiyyətin əks təbliğatını misal gətirmək
olar. Obyektiv faktorlar, yəni mövcud hakimiyyətin öz hökmranlığını
uzatmaq məqsədilə həyata keçirdiyi fəaliyyətlər nəinki müxalifətin
zəifləməsinə birbaşa təsir göstərir, həmçinin onun zəifliyinin
nəticəsində daha da genişlənir. Daha doğrusu, sadaladığımız faktorlar
bir-birini şərtləndirir. Əlbəttə, obyektiv faktorlar təkcə mövcud
Azərbaycan hökumətinin fəaliyyəti ilə deyil, həmçinin Azərbaycanda
iqtisadi və geosiyasi maraqları olan Qərb dövlətlərinin, xüsusilə ABŞ
institutlarının fəaliyyəti ilə sıx bağlıdır. Etiraf etmək lazımdır
ki, hər bir cəmiyyətdə, o cümlədən Azərbaycanda siyasi mübarizənin
daşıyıcısı təşkilatlanmış müxalifət qüvvələridir. Digər tərəfdən, siyasi
aktivliyin əsas göstəricisi olan müxalifət-xalq kütləsi birliyində
aparıcı tərəf də müxalif siyasi partiyalardır. Odur ki, müxalifətlə
əhali kütləsi arasındakı əlaqələrin getdikcə zəifləməsi və ya cəmiyyətdə
siyasi aktivliyin azalması müxalif siyasi partiyaların siyasi
mübarizəsinin mahiyyətindən birbaşa asılıdır. Beləliklə, son 20 ildə
Azərbaycan cəmiyyətində baş verən hadisələr fonunda 1) siyasi
mübarizənin motivlərinin, 2) siyasi mübarizənin mahiyyətinin, 3)
siyasi mübarizənin dəyərinin və nəhayət, 4) siyasi mübarizənin
formalarının öyrənilməsinə ciddi ehtiyac vardır. Qeyd edək ki,
"siyasi mübarizənin motivi", "siyasi mübarizənin mahiyyəti" və "siyasi
mübarizənin dəyəri" anlayışları bir-birindən ciddi fərqlənərək
təşkilatlanmış siyasi aktivliyi siyasi partiyalardan xalq kütlələrinə
tərəf yönəldir. Belə ki, "Siyasi mübarizənin motivi" daha çox siyasi
partiyaların aparıcı qüvvələrinin nəzəri və ideoloji fəaliyyəti ilə
müəyyənləşməli və partiyaların strateji proqramlarının əsasını təşkil
etməlidir. Məhz belə motivlər əsasında siyasi mübarizənin mahiyyəti
formalaşmalıdır. Siyasi partiyalar o vaxt müvəffəqiyyət qazana bilər
ki, siyasi mübarizənin mahiyyətini geniş kütlələrin dəyərinə çevirə
bilir. Başqa sözlə, o halda xalq kütlələri siyasi partiyaları
dəstəkləyir ki, siyasi mübarizənin dəyəri həm ictimai dəyərə, həm də
çoxluğun ayrı-ayılıqda fərdi dəyərinə çevrilir. Odur ki, siyasi
partiyalarla xalq kütlələri arasındakı münasibət daha çox bu iki
anlayışla, yəni "siyasi mübarizələrin mahiyyəti" və "siyasi mübarizənin
dəyəri" anlayışları ilə bağlı olur. Məhz buna görə də siyasi partiyalar
tərəfindən siyasi mübarizə motivinin düzgün müəyyənləşməsi və
mübarizənin mahiyyətinin düzgün formalaşması mühüm əhəmiyyət kəsb edir. Qeyd
edək ki, 1988-ci ildən 1993-cü ilədək olan dövrdə siyasi mübarizədə
əsas motiv Dağlıq Qarabağ problemi ilə bağlı olmuşdur. Bu motiv o qədər
güclü və onun əsasında formalaşan "siyasi mübarizənin mahiyyəti" o qədər
aydın və başa düşülən olmuşdur ki, hakimiyyətin dəyişdirilməsinə (hətta
zorla!), o dövrdəki mövcud qanunların pozulmasına, zavod və fabriklərin
işinin iflic vəziyyətə salınmasına və s. yönələn hər hansı fəaliyyət
xalq kütlələri tərəfindən yüksək dəyər səviyyəsinə qalxmış və o dövrdəki
müxalifətlə xalq kütlələri arasındakı geniş ideoloji birlik təmin
edilmişdir. Belə siyasi motivin cəmiyyətin geniş təbəqələri tərəfindən
siyasi dəyərə çevrilməsi hadisələrin inkişafında maraqlı olan daxili və
ya xarici qüvvələr tərəfindən daha da stimullaşdırılmışdır. Lakin
1992-1993-cü illər ərzində siyasi mübarizənin motivi kəskin surətdə
dəyişmişdir. Belə ki, bu dövrdə müharibədən yorulmuş, yeni itkilər
verməkdən ehtiyat edən geniş əhali kütləsi Dağlıq Qarabağın hərb yolu
ilə azad edilməsini, milli eqoizmi, yaxın qonşularla münasibətlərin
qırılmasını dəyər kimi qəbul edə bilmədi. Bu elə dövr idi ki, dövlət
orqanlarındakı zəif idarəçilik cəmiyyətdə hərc-mərclik, ciddi iqtisadi
və sosial tənəzzül yaratmışdı. Bu dövrdə cəmiyyət demokratik
dəyişikliklərdən daha çox sabitliyi və təhlükəsizliyi dəyər kimi qarşıya
çıxardı. Bir vaxtlar Elçibəy müxalifətinin siyasi motivini öz mübarizə
dəyərinə çevirmiş geniş xalq kütləsi yeni siyasi dəyərləri önə çəkərək,
Elçibəy hakimiyyətinin siyasi motivlərindən imtina etdi. Müxalifətlə və
ya hakimiyyətlə cəmiyyət arasındakı belə "ideoloji toqquşma" təbiidir.
Lakin belə "toqquşma"da o siyasi partiya qələbə çalır ki, geniş xalq
kütlələrinin cari maraqlarını ifadə edən motivlər formalaşdıra və onu
çoxluğun dəyərinə çevirə bilir. Siyasi mübarizə tarixində elə
dövrlər olur ki, cəmiyyətdə dominant ictimai fikir siyasi mübarizənin
motivini müəyyən etməyə stimul yaradır. Bu halda motiv çox asanlıqla
siyasi dəyərə çevrilir və geniş xalq kütləsi tərəfindən dəstəklənir.
1993-cü ildə Xalq Cəbhəsi hakimiyyətinin devrilməsində məhz belə
motivlərdən istifadə edilib. Sonrakı dövrlərdə də əhalinin cari
maraqlarını ifadə edən bir çox hadisələrdən, o cümlədən atəşkəsin təmin
edilməsindən, 1994-cü ildə Əsrin Kontraktının imzalanmasından, BTC boru
kəmərinin tikilməsinə dəstək verilməsindən, Avropa Şurasına daxil
olmaqdan, ATO ilə əməkdaşlığın genişlənməsindən, Dağlıq Qarabağ
probleminin dinc yolla nizamlanmasına sadiqlik göstərilməsindən,
özəlləşdirmənin və torpaq islahatlarının həyata keçirilməsindən və s.
hadisələrdən iqtidarın siyasi fəaliyyətinin əsas motivləri kimi istifadə
edilib. Əlbəttə, belə siyasi addımların Azərbaycanın perspektiv
maraqlarına hansı dərəcədə xidmət etməsi başqa müzakirənin mövzusudur.
Fakt isə bundan ibarətdir ki, cəmiyyətdə mövcud dominant ictimai fikrə
əsaslanan siyasi motiv perspektiv maraq nöqteyi-nəzərdən hansı mahiyyət
daşımasından asılı olmayaraq müəyyən müddət yaşarlı olur. Məhz belə
hallarda siyasi müxalifət Azərbaycanın perspektiv maraqlarını (Qərb
ölkələrinin, xüsusilə ABŞ-ın maraqlarını yox!) əsas götürərək
hakimiyyətin siyasi motivinin mahiyyətini açmalı və cəmiyyətdə yeni
siyasi dəyərlərin formalaşmasına çalışmalıdırlar. Bunların müqabilində
müxalifət hansı motivləri təklif edib? Bəli, etiraf etmək lazımdır ki,
1993-cü ildən bu günə kimi Azərbaycan cəmiyyəti mövcud müxalifətdən
aktiv siyasi mübarizə üçün fərqli motivlər eşitməyib. Məhz bunun
nəticəsidir ki, mövcud müxalifətin dəstəklənməsi və aktiv mübarizə üçün
yeni siyasi dəyərlərin formalaşması mümkün ola bilməzdi. 1993-cü
ildən bu günə qədər müxalifətin irəli sürdüyü heç bir motiv, o cümlədən
Dağlıq Qarabağın işğaldan azad edilməsi, geniş kütlələrin siyasi
mübarizəsi üçün dəyərə çevrilə bilmədi. Ona görə yox ki, əhali Dağlıq
Qarabağın azad edilməsini istəmir, əsla yox! Ona görə ki, bu motivin
reallaşması üçün müxalifət tərəfindən inandırıcı və real proqram təklif
edilmir. Çox hallarda Azərbaycan müxalifəti siyasi mübarizənin həm
motivini, həm də mahiyyətini dəqiq müəyyən edə bilmir və mövcud
hakimiyyətin dəyişməsini motiv kimi irəli sürməyə cəhd göstərir.
Cəmiyyətdə mövcud olan problemlər, xüsusilə insan hüquqları ilə,
işsizliklə, total korrupsiya ilə bağlı problemlər o vaxt siyasi
aktivliyə səbəb ola bilər ki, bu problemlər geniş əhali kütləsi üçün
siyasi dəyərə çevrilə bilsin. Mövcud problemlərin siyasi motiv kimi
inkişaf etdirilməsi və siyasi dəyərə çevrilməsi siyasi partiyalardan həm
ideoloji, həm də təşkilati güc tələb edir. Təəssüf ki, son 15 ildə
həm prezident, həm də Milli Məclisə seçkilərdə də müxalifətin siyasi
mübarizəsində əsas motiv kimi hakimiyyətin dəyişdirilməsi götürülmüşdür.
Unutmaq lazım deyil ki, "pis idarəçiliyin" olması, qanunların
işləməməsi, sosial problemlərin getdikcə dərinləşməsi mövcud
hakimiyyətin dəyişdirilməsini zəruri etsə də, belə reallığın dərk
edilməsi hakimiyyətin devrilməsi üçün hələ kafi deyil. Bu siyasi motiv
"yaxşı idarəçiliyin" qurulmasına zəmanəti ifadə edən siyasi mahiyyətlə
zənginləşməli və geniş əhali kütləsinin siyasi dəyərinə çevrilməli idi.
Bu dövrdə Azərbaycan cəmiyyətinin gələcək həyatına ciddi təsir göstərə
biləcək mühüm hadisələrin baş verməsinə baxmayaraq, müxalifət siyasi
motiv kimi həmin hadisələrdən istifadə etməmişdir. Qarşıdan Milli
Məclisə seçkilər gəlir. Təəssüf ki, müxalifət hələ də siyasi
mübarizəsinin aydın motivini ifadə edə bilmir. Bəzi siyasi partiyalar
ABŞ-ın Yaxın Şərq siyasətinə dəstək verməklə bütöv Azərbaycan ideyasını,
bəziləri yenə də Dağlıq Qarabağ problemini, bəziləri də cəmiyyətdə
hamıya bəlli olan problemləri, o cümlədən korrupsiyanı, işsizlik
problemlərini, sadalamaqla öz siyasi mübarizə motivlərini ifadə edirlər.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.