Mənasızdım.
Bir anlam yox idi həyatımda. Doymuşdum
həyatdan. Daha doğrusu bezmişdim. Günlərin eyni tekrarı yormuşdu məni.
Nəyisə gözləyirdim sanki. Nəsə dəyişəcək, nəsə olacaq, deyə intizar
çəkirdim.
İnamsızdım.
Heç kimə, heç nəyə inanmırdım.
İtirmişdim inamı. Kimə inanaydım?! Güvənimi əldən vermişdim. Hamıdan
qaçırdım. Hər kəsə şəkk edirdim.
Qorxaq olmuşdum.
Hər şeydən qorxurdum. Haçansa ola
biləcək ehtimmallar belə qorxudurdu məni. İnsanlardan qorxurdum.
Tənhalığa qapılmışdım o üzdən. Yox idi bir dostum, yoldaşım, sirdaşım.
Gecələr bəzi qorxunc düşüncələrə qapıldığımdan həyəcan boğurdu məni.
Yata bilmirdim. Nə qədər ah çəkmək olar? Nə qədər düşünmək olardı?
Bu rəftarım
ətrafımdakıları da narahat etməyə başlamışdı. Dost,
tanış, heç kimə mənimlə olmaq maraqlı deyildi. Beş dəqiqə mənimlə söhbət
edən sıxılır, əzab çəkirdi.
Axı nə olmuşdu mənə, nə çatmırdı həyatımda?!
Nə qədər söz
vermək olar?!
Hər gün söz verirdim, öz özümə əhd edirdim ki, bu hissləri özümdən
uzaqlaşdırım, hamı kimi adi bir insan olum. Amma olmurdu ki, olmurdu.
"Bir türlü" alınmırdı məndə hamı kimi olmaq. Yaraşmırdı mənə adiləşmək.
Uyuşmurdu mənə "əş" - deyib heçnəyə fikir verməmək.
Ümüdsüzdüm həm də.
Gələcəyə ümüdüm yox idi.
Bitirmişdim onu mən çoxdan. "Keçmişim qaranlıq, gələcəyim də keçmişin
təkrarı" - deyib hətta bəzən özümə qıymaq belə istəyirdim. Həyat o qədər
arxadan vurmuşduki məni ona ümüdvar ola bilməzdim. Bəs nəyə, kimə ümüd
bəsləyəydim?!
Aciz olmuşdum.
Zəif, çarəsizlərə bənzəyirdim. Hər
kəs bir növ aldada bilirdi məni. İstifadə edirdi. Aldana-aldana heç
nəyim qalmamışdı. Özümü belə almışdılar məndən.
Bədbəxt idim.
Özümü belə sanırdım ən azı. Heç nədən
həzz ala bilmirdim. Hamıya hədsiz sevinc bəxş edən şeylər mənə gülünc
belə gəlirdi. Həyatdan zövq ala bilmirdim. Ən adi şeylərdən belə zövq
alıb şad olan insan görəndə özümə yazığım gəlirdi bəzən.
Meşədə ağacların saralıb
tökülmüş yarpaqlarına baxıb həzz alan kim,
qarın yağıb hər yeri ağ-appaq bürüdüyünə heyrətlə baxan kim, yağışın
yağması ilə onun qoxusunu duyan, torpağı döyəcləyən səsini dinləyib
duyqulanan, sevincdən ağlayan kim. Bunlar da mənim kimi insan idilərmi?!
Nə isə...
Mən belə idim. Ta ki, onu tanıyıncaya qədər.
Səssiz səmirsiz, amma aylı ulduzlu bir gecədə bir dost tanış etdi bizi.
Üçümüz idik orda. Çayın kənarında. Ay işığı havanı elə işıqlandırmışdı
ki, tam görə bilirdim Onu. O necə də gözəl idi?! O qədər səssizlik idi
ki, hətta ürəyinin pıçıltılarını belə eşidə bilirdim. Ürəyində mehrdən,
məhəbbətdən, sevgidən başqa bir şey yox idi Onun.
"İndi isə mən getdim, bu sən bu da O!" - deyib bizi baş-başa qoydu
dostum. Gecənin səssizliyində çayın şırıltısının müşayiəti ilə söhbətə
başladıq. Daha yaxından tanıdım Onu. Vuruldum həm də ona ürəkdən. Bir
könüldən min könülə aşiq oldum.
Elə o gecə, orada, çayın kənarında bir qəbir qazdıq sevgilimlə birgə.
Basdırdıq bütün qocalmış hisslərimi o qəbirdə. Bir baş daşı da qoyduq
ona. Üzərində "Allahsız hisslər" yazdıq o məzarın.
O gündən Onu da sevdim,
Onun mənə bəxş etdiyi həyatı da. Ona bağlı,
Ona aid nə vardısa bu həyatda xüsusi məna gördüm onlarda. Demək bütün
varlıqda məna gördüm. Axı bütün xilqət ona aid idi.
İlahi, bir görün mən kimi
tanımışdım, kimə heyran olmuşdum o gecə?!
Bütün varlığın sahibinə, yiyəsinə.
O mənim yanımdaykən heç kimdən, heç nədən qorxmurdum. Yəni mən heç zaman
qorxmurdum. Axı o həmişə mənimlə idi. Bir an belə məni, yaratdığını
tək qoymaq fikrində deyildi. Mübariz olmuşdum o üzdən. Ondan başqa heç
kimdən qorxmurdum. Dəyişmişdim yerdən göyə qədər.
Məni aldatmaq?!
Bu ən azı mümkün deyildi artıq.
Haqqım üçün mübarizə edirdim. O
qədimki sadə insan deyildim artıq. Bu tanışlıq, bu eşq məni o üzdən bu
üzə gətirmişdi.
Nə oldu sonra, bilirsiz?
Məni aldadanlar, qorxaqlığımdan istifadə edib haqqımı əlimdən alanlar
bunu həzm edə bilmədilər. Mən qorxmaz, mübariz, haqqını tələb edən, heç
bir haqsızlığa göz yummayan biri olaraq onlara sərf eləmirdim. Mane
olurdum çünki onların zülmünə. O üzdən mənimlə mübarizəyə başladılar.
Əlləşdilər, vuruşdular, çeynədilər, dişlədilər, diddilər. Uduzdular
sonunda amma. Məğlub oldular.
Belə olduqda təkcə bir çarə qaldı, dedilər. "Ona bu qüdrəti verəni ondan
almaq lazim" - deyə düşündülər. Toplandılar, yazdılar, cızdılar,
pozdular, "Onun Allahını necə alaq ondan?" - dedilər. Günlər, aylar,
illər fikirləşəndən sonra bu qərara gəldilər.
"Allahı ondan almaq mümkünsüz amma Onu ona unutdurmaq, yadından çıxarmaq
mümkündü bəlkə" - dedilər. Ona görə bütün o ulu varlığa aid olan izləri
silməyə başladılar həyatımdan.
Misal üçün "Azan səsinə" qadağa qoydular ki, onu haqqa, həqiqətə,
qorxmazlığa çağırır bu səs, dedilər. Məscidləri sökdülər ki, orda O,
görüşür, buluşur, dərdləşib sövdələşir öz Allahıyla, dedilər. Bir
sözlə,Onun bütün izlərini silməyə çalışdılar. Amma "nə yazıq ki" bir
şeyi unutdular.
"Ürək."
Ürəyə zor demək olmaz!
Bax, bunu unutdular onlar. Bu
ürəyim mənim özümü belə dinləmir, nə qalmışdı ki, onları dinləsin.
Birdən deyərlər ki, onda bir xəncərdi, bir ürək. Birdən ürəyimi doğramaq
istəyərləraa. Yox, yox. Səhf düşünməsinlər! Mənim dediyim ürək bu ət və
qandan ibarət olan ürək deyil, o ürək başqa ürəkdi. Onlar bilməzlər!
Həə dostlar, məsələ elə deyil, məsələ belədir.