Ey oğlum, canıva bunca gecə-gündüz cəfa vermə,
Sənin axtardığın sevda bitib dünyadə çoxdandı.
Nə Leyla var, nə də Məcnun, nə düzgün sevgi dastanı
Qalıb toz-torpaq altında, itib səhradə çoxdandı
Səni tərk eylədi yarın durub ondan vəfa umdun,
Nə bilseydin ki, xor dilbər yeni sevdadə çoxdandı.
Çıxan çıxdı əlindən, sən qalanlardan muğayat ol,
Qayıtmaz bir daha əsla, gedibdir badə çoxdandı.
Ölərkən ağladım, sandın ki, qorxum vardı canımda
Nədən qorxum?! Canım çıxmaq üçün amadə çoxdandı.
Uçubdur tutiyi-könlüm, bu cansız canı tərk etmiş,
Qırıbdır babi-zindanı, olub azadə çoxdandı.
Qələm susmazdı ey Kamil, bilirsənmi nədən susdu?
Yatıbdır gördü çün millət dərin röyadə çoxdandı.