Milli Məclisə seçkilər yaxınlaşır. Bununla əlaqədar olaraq Azərbaycan
siyasi müxalifəti üçün çox vacib olan məsələlər, o cümlədən 1)
mövcud siyasi vəziyyətin düzgün qiymətləndirilməsi; 2) son 20 ildə
Azərbaycanda baş vermiş hadisələrin kontekstində bugünkü siyasi
mübarizənin mahiyyətinin aydınlaşdırılması; 3) müxalifətin arxalana
biləcəyi sosial qrupların müəyyənləşməsi; 4) Azərbaycanda siyasi və
iqtisadi marağı olan xarici qüvvələrin təsir vektorlarının
dəqiqləşdirilməsi; 5) Azərbaycan müxalifətinin əsas aparıcı
qüvvələrinin qiymətləndirilməsi; 6) bu real qüvvələr arasında
münasibətlərin xarakterinin aydınlaşdırılması öz həllini gözləyir. Bu
siyahı müxalifətin beyin mərkəzləri tərəfindən ciddi təhlilini gözləyən
çoxsaylı suallardan yalnız bir qismidir. Lakin bu suallar bir-biri ilə
üzvü bağlıdır və onlardan hər hansı birinə etinasızlıq müxalifətin
növbəti seçkilərdə də məğlubiyyətsizliyinin əsasını qoya bilər. əzərə
almaq lazımdır ki, 2010-cu ildə Milli Məclisə keçiriləcək seçkilərdə
müxalifətin öz arxasınca geniş xalq kütləsi apara bilib və ya
bilməyəcəyi bu məsələlərin nə qədər düzgün araşdırılmasından asılıdır. Gəlin,
bu məsələlərdən bəzilərini, eləcə də Azərbaycanda seçki öncəsi siyasi
vəziyyəti qiymətləndirməyə çalışaq. Qiymətləndirmə obyekti kimi, əvvəlcə
əhalinin siyasi aktivliyi və siyasi partiyaların seçkiyə hazırlıq
imkanları götürülməlidir. Əhalinin siyasi aktivliyinin göstəricisi kimi
isə təkcə birləşmə azadlığından istifadə imkanları deyil, həmçinin son
dövrlərdə keçirilmiş seçkilərdə iştirak imkanları əsas götürülməlidir.
Siyasi partiyaların aktivliyi və ya seçkilərə hazırlıq imkanları dedikdə
isə onların ictimai-siyasi proseslərə reaksiyası, əhali ilə təmasları,
seçkilərdə iştirak və dövlət idarəçiliyinə təsir imkanları əsas götürülə
bilər. Bu mənada, 15 oktyabr 2003-cü il prezident seçkilərindən
sonrakı dövrü Azərbaycan cəmiyyətinin siyasi aktivliyinin və siyasi
partiyaların fəaliyyətinin tənəzzül dövrü kimi xarakterizə etmək olar.
Bu tənəzzülü iqtidarın qeyri-qanuni və zorakı fəaliyyəti ilə, siyasi
qurumların inkişafına imkan verməməsi ilə əlaqələndirənlər də olur.
Lakin nəzərə almaq lazımdır ki, hər hansı iqtidar tərəfindən öz
opponentlərinə qarşı təqiblərdən, zor vasitələrindən istifadə edilməsi,
onların ictimaiyyət qarşısında nüfuzdan salınması üçün ən iyrənc
vasitələrə əl atılması siyasi mübarizədə təbii qəbul edilməlidir. Siyasi
əhəmiyyəti olan əsas sual ondan ibarətdir ki, belə iqtidar-müxalifət
çarpışmasında geniş xalq kütləsi kimin tərəfindədir. Heç bir iqtidar heç
bir müxalifətə "münbit şərait" yaratmaz ki, müxalifət güclənsin və onu
məğlub etsin. Deməli, o müxalifəti müvəffəqiyyət gözləyir ki, onun
güclənməsi xalq kütlələri ilə bağlı olsun və iqtidar-müxalifət döyüşündə
xalq kütlələri onun yanında dayansın. Əlbəttə, Sorosun təbliğ etdiyi
"açıq cəmiyyətlər"də müxalifətin müvəffəqiyyəti üçün bu faktor zəruri
olsa da, hələ kafi deyil. Müxalifətin geniş xalq kütlələrindən məhrum
edilməsi, onlar arasında "ideoloji səddin" çəkilməsi və "inamsızlıq
sindromu"nun yaradılması bütün Sorossayağı "açıq cəmiyyətlər"ə xasdır.
Odur ki, xalq kütlələrinin siyasi müxalifətlə əlbir fəaliyyəti həmişə
müdaxilə obyekti olmuşdur. Xatırladaq ki, 2004 və 2009-cu illərdə
bələdiyyələrə seçkilərin keçirilməsi də formal xarakter daşıdı.
Müxalifətin ilk bələdiyyə seçkilərində zəif iştirakı onun sonrakı
dövrlərdə yerli dayaqlarının zəifləməsinə şərait yaratdı. Bələdiyyə
seçkilərində seçki hüququ olan əhalinin cəmi 5-7 faizinin iştirakı və
cəmiyyət tərəfindən seçkilərdə iştirakın əhəmiyyətsizliyinə qeyri-adi
inam, ciddi qanun pozuntuları və bələdiyyə üzvlərinin bəzi yerli icra
başçıları tərəfindən korrupsiya əsasında müəyyənləşməsi 1993-cü ildən
bəri Azərbaycanda aparılan siyasi islahatların məntiqi nəticəsi idi. 2005-ci
il parlament seçkilərində də Milli Məclis üzvlərinin Prezident Aparatı
tərəfindən müəyyənləşməsinə və saxtakarlıq üçün şəraitin yaradılmasına
dolayısı yolla mövcud Konstitusiya, Seçki Məcəlləsi və digər qanunlar
hüquqi imkan yaratdı. Azərbaycanda aparılmış seçki islahatları son 15
ildə həyata keçirilmiş siyasi islahatların məntiqi sonluğu idi və odur
ki, 2005-ci ildə də Milli Məclisə seçkilərdə total saxtakarlığı gözləmək
təbii idi. Lakin mövcud şəraitdə müxalifətin geniş xalq
kütlələrindən təcrid edilməsinin səbəbi təkcə hakimiyyətin "siyasi
bacarığı" ilə şərtlənmir. Burada daha iki ciddi amil öz mənfi təsirini
göstərməkdədir. Bunlardan birincisi Azərbaycanda iqtisadi və siyasi
maraqları olan böyük güclərin, xüsusilə ABŞ-ın mövcud müxalifətdən
hakimiyyətə təsir vasitəsi kimi istifadə etmək və ondan lazım olan
güzəştləri almaq siyasətidir. İkincisi isə müxalifətin ardıcıl ideoloji
bazasının və aydın məqsədinin olmaması ilə, çox hallarda müxalifət
tərəfindən xalq kütlələrinin marağının satılması və ya siyasi
qorxaqlıqla bağlıdır. Seçkiqabağı dövrdə Azərbaycandakı siyasi
mühitdə marağı olan qüvvələrin müəyyənləşməsi, Azərbaycandakı
ictimai-siyasi hadisələrin xarakterinin və ABŞ-ın siyasi proseslərə
təsir vektorlarının mahiyyətinin öyrənilməsinə böyük ehtiyac vardır.
Belə ki, böyük sistemə daxil olan daha kiçik sistemlərin obyektiv, lakin
fərqli inkişaf dialektikası var. Belə kiçik sistemlərdə baş verən
hadisələr təkcə daxili ziddiyyətlərlə deyil, həm də xarici təsirlərlə
şərtlənir. Buna görə də cəmiyyətdə elə siyasi qurumlar olmalıdır ki,
daxili hadisələri xarici təsirlərlə uyğunlaşdırsın, lazım gəldikdə
müqaviməti təşkil etsin. Belə siyasi qurumlar olmasa mövcud sistem
özünəməxsusluğunu tamamilə itirər. Başqa sözlə, siyasi institutlar
olmasa dövlətin dayanıqlı və demokratik inkişafı təmin edilə bilməz. Bu
qüvvələr içərisində aparıcı və müəyyənedici olan ABŞ və onun
nəzarətindəki transmilli şirkətlərdir. Azərbaycan-ABŞ əlaqələrinin
tarixi analizi bunu deməyə əsas verir ki, Azərbaycan-Amerika
əlaqələrinin ikinci dövründə, yəni müstəqilliyin elan edilməsindən böyük
neft kontraktlarının imzalanmasına qədər olan dövrdə, ABŞ hökuməti
müxalifət qüvvələrini dəstəkləyərək, müharibə şəraitində olan ölkənin
daxili həmrəyliyinə və səfərbərliyinə ciddi mane olmuşdur. Əsas məqsəd
isə o vaxtlar mövcud hakimiyyətin gücünü zəiflətməklə ölkənin
sərvətlərinin nəzarətə keçirilməsinə nail olmaqdan və regionda
möhkəmlənməkdən ibarətdir. Bu dövrdə mövcud olan hər bir iqtidara qarşı
güclü müxalifət formalaşdırılmış və onun geniş xalq kütlələri ilə
əlaqəsi dəstəklənmişdir. Azərbaycan-Amerika əlaqələrinin üçüncü
dövründə, yəni 1994-cü ildən sonrakı dövrlərdə, başqa sözlə, ABŞ-ın
iqtisadi, siyasi maraqlarına xidmət edən neft kontraktlarının
imzalanmasından sonra "idarə ediləbilən", "zahirən sabit", "idarə
ediləbilən demokratiyaya malik" cəmiyyətin formalaşması ABŞ-ın
maraqlarına daha uyğun olmuşdur. Odur ki, bu dövrdə ABŞ-ın Azərbaycan
üzrə siyasətində digər prioritetlər əsas götürülmüşdür. Bu prioritetlər
içərisində idarə oluna bilən siyasi müxalifətin yaradılması və bu
müxalifətdən lazım olan hallarda hakimiyyətə təzyiq vasitəsi kimi
istifadə edilməsi mühüm yer tutur. Bu prioritetdən siyasi hakimiyyətin
nəzarətdə saxlanılması və ondan lazım olan hallarda, xüsusilə hasilat
sənayesi və regional siyasətlə bağlı güzəştlərin əldə edilməsi üçün
mütəmadi olaraq istifadə edilir. Azərbaycanda "idarə oluna bilən
müxalifətin" yaradılması və ona ABŞ-ın müvafiq qurumları tərəfindən
lazımi dəstəyin verilməsi Azərbaycan daxilində vətəndaş birliyinə ciddi
ziyan vurmaqla yanaşı, həm də müxtəlif tipli potensial etnik münaqişələr
təhlükəsinin yaradılmasına da səbəb ola bilər. ABŞ-ın Azərbaycanda
müxalifət qüvvələrindən bu məqsədlə istifadə etməsi və onun
aktivləşməsinin "yuxarı həddinin" nəzarətdə saxlanması müxalifətlə geniş
xalq kütləsinin yaxın əlaqəsinin olmasını istisna edir. Çünki geniş
xalq kütləsi bəzən idarə edilməz olur və ya çətin idarə edilir. ABŞ-ın
Azərbaycandakı iqtisadi maraqlarının mahiyyətinin analizi deməyə əsas
verir ki, mövcud hakimiyyətin Milli Məclis vasitəsilə daha 5 il
dəstəklənməsi, lakin nəzarətdə saxlanması ABŞ tərəfindən müdafiə
ediləcəkdir. ABŞ-ın bu siyasətinə dəstək verərək öz xalqına "qənim
kəsilmək" missiyası isə Azərbaycan müxalifətinin payına düşür. Deməli,
mövcud mahiyyətli müxalifətin güclənməsində və onun geniş xalq kütləsi
ilə birləşməsində təkcə mövcud iqtidar yox, həm də ABŞ və onun
maraqlarına xidmət edən beynəlxalq təşkilatlar, transmilli şirkətlər
maraqlı deyil. Belə müxalifət iqtidarı əvəz etmək üçün yox, onu təzyiqdə
və səksəkədə saxlamaq üçün qiymətlidir. Mövcud şəraitdə müxalifətin
geniş xalq kütlələrindən təcrid edilməsinin üçüncü səbəbi isə,
müxalifətin ardıcıl ideoloji bazasının və ya aydın məqsədinin olmaması,
çox hallarda müxalifət tərəfindən xalq kütlələrinin marağının satılması
və ya siyasi qorxaqlığı ilə bağlıdır. Bu reallıq belə bir haqlı sual
doğurur: Görəsən, Azərbaycanda geniş xalq kütləsinin mövcud müxalifətin
arxasınca getməsinə nə dərəcədə obyektiv zərurət var? Hazırda KİV-də ən
çox təkrarlanan fikirlərdən biri də ondan ibarətdir ki, belə müxalifət
cəmiyyətə lazım deyil. Qeyd etmək lazımdır ki, əhalinin ictimai şüurunda
müxalifətə qarşı mənfi fikirlərin formalaşdırılması istiqamətində
iqtidarın "tökdüyü tər" öz bəhrəsini müəyyən qədər verib. Lakin
cəmiyyətdə hökm sürən siyasi passivlikdə və müxalifətlə xalq kütlələri
arasında yaranmış uçurumda müxalifətin payına düşən "günah" ondan
ibarətdir ki, müxalifət mövcud ictimai-siyasi vəziyyəti təhlil etməli,
cəmiyyəti narahat edən prioritet problemləri müəyyənləşdirməli, 2003-cü
il seçkilərində müxalifətin məğlubiyyətinin obyektiv siyasi təhlilini
aparılmalı idi. Geniş xalq kütləsinin mövcud müxalifətin arxasınca
getməsinə obyektiv zərurət o vaxt yarana bilər ki, xalq kütləsi
müxalifətlə iqtidar arasındakı ideoloji fərqi və ya proqram fərqini hiss
etsin. Geniş xalq kütlələrinin ehtiyac duyduğu, asan başa düşülən dildə
hazırlanmış ideoloji bazanın olmaması isə müxalifət düşərgəsində, hətta
ayrıca götürülmüş partiyalar daxilində dayanıqlı birliyin olmamasından
xəbər verir. Odur ki, son 15 ildə partiyalar durmadan parçalanır.
Hakimiyyətə iddialı olan müxalifət qüvvələri cəmiyyətdə mövcud
problemləri aradan qaldırmaq üçün arqumentləşdirilmiş, geniş xalq
kütləsinin başa düşdüyü tərzdə hazırlanmış və cəlbedici olan
proqramlarla çıxış etməlidirlər. Lakin mövcud hakimiyyətin "siyasəti"
ilə müxalifətin yazılmamış və fraqmentar şəkildə təqdim etdiyi
proqramlar arasında ciddi fərqlər yoxdur.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.