Bütün ideoloji tendensiyaların başlıca və birbaşa daşıyıcısı
Kütləvi İnformasiya Vasitələridir. İnsanların şüuruna təsir edən
mexanizmlərdən ən mühümləri mətbuatın, radionun, televiziyanın və son
illərin favoritinə çevrilən internetin əlində cəmlənib. Onu da
vurğulamaq lazımdır ki, belə təsirlərin nəticəsi olaraq insanların,
əsasən də uşaqların bir qismi sosial və mədəni mənsubiyyətlərinə rəğmən
özlərini yabançı cəmiyyətin üzvü kimi aparır, təxəyyül və şüurlarında
tamamilə yad dünyaya xas təsəvvür və davranış sisteminə düşürlər. Bu
durum onları zərərli proqram və ideyaların gerçəkləşməsində iştiraka
vadar edir ki, bunun da həm fərd, həm cəmiyyət üçün ziyanlı bəhrələri
ola bilər.
Mən bu məqalədə televiziyanın və internetin gələcəyimiz
olan uşaqlarımıza, yeniyetmələrimizə hansı zərərlər vurduğunu və
problemdən çıxış yolunu imkan həddində açıqlamaq istəyirəm.
TELEVİZİYA
VƏ UŞAQLAR
Televiziya bu gün bir informasiya vasitəsi kimi
evlərə geniş şəkildə nüfuz edərək ailələrin gündəlik vaxtının böyük
hissəsini özünə həsr edib. Belə ki, bir çox evlərdə televizordan
istifadə vaxtı hətta 8-10 saatı keçərək, xüsusən uşaq və yeniyetmələrin
əyləncə vasitəsinə çevrilib.
Televiziyanın həm faydalı, həm də
zərərli cəhətləri vardır.
Televizordan istifadə vaxtlarının düzgün
müəyyən edilməməsi bir çox mənfi təsirlərə səbəb olduğundan, bu məsələ
daima valideynlərin diqqət mərkəzində durmalıdır. Uşaqlar tez bir
zamanda təsir altına düşdüyündən və televiziya vasitəsilə yayımlanan
proqramları düzgün təhlil edə bilmədiklərindən yaşlarına uyğun olmayan
bir çox psixoloji gərginliklə qarşılaşmalı olurlar.
Bəzi
mütəxəssislərin fikrincə elmi məzmunu olmayan və sırf əyləncə xarakteri
daşıyan verilişlər, uşaqların zehni fəaliyyətlərini zəiflədir və onların
yaradıcılıq duyğularını əllərindən alır. Həmçinin, televiziya çox vaxt
qiymətli saatların boş keçməsinə gətirib çıxarır və uşaqların
tərəqqisinə səbəb ola biləcək mütaliə, maraqlı oyunlar, idman və
məktəbdən xaric fəaliyyətlərin qarşısını alır.
Los-Anceles
universitetinin müəllimi, professor Vaksmen deyir: "Televizor
ekranlarından yayılan elektromaqnit dalğalarının insan orqanizminə ciddi
surətdə mənfi təsir göstərməsinə heç bir şübhə yoxdur. Bu qısa dalğalar
televizor, radioqəbuledici və digər elektrik avadanlıqları vasitəsilə
yayılır. Bunun ilk təsirləri kimi baş ağrısı, baş gicəllənməsini
göstərmək olar. Bu, tədricən insanda təfəkkür qüvvəsinin zəifləməsinə,
qan təzyiqinin pozulmasına və iztirabların artmasına gətirib çıxarır.
Bundan başqa, bu dalğalar əsəb sisteminə də mənfi təsir göstərir və
müxtəlif xəstəliklərin yaranmasına səbəb olur".
Təcrübə göstərib ki,
əgər bir şəxs 40 yaşından etibarən gün ərzində bir saat yarım televizor
proqramlarına tamaşa edərsə, 60 yaşında kitab oxumaq bacarığını əldən
verə bilər. Həmçinin, oxuduğu mövzular yadında yaxşı qalmaz, məlumatları
təhlil və tətbiq edə bilməz. Əgər bir uşaq 18 aylığından televizor
tamaşaçısı olub 3 yaşınadək buna adət edərsə, bunun ona hansı mənfi
təsirlər göstərəcəyini də siz duşunun.
Televiziya vasitəsilə
yayımlanan bəzi filmlər (qətl, ölüm, oğurluq, başqalarına işgəncə və s.
kimi) uşaqların əxlaq və davranışlarında tez bir zamanda öz mənfi
təsirlərini əks etdirir. İlk olaraq qeyd etmək lazımdır ki, belə filmlər
uşaqların həssas, zərif ruhlarına güclü şəkildə təsir edir və onlarda
ruhi və cismi iztirablar yaradır. Son zamanlar intihar yaşının aşağı
düşməsi də buna əyani sübutdur.
Bundan əlavə filmə baxarkən qəflətən
qorxu və həyacan keçirmə bəzən uşaqların başağrı, başgicəllənmə,
huşdangetmə kimi xəstəliklərə tutulmalarına gətirib çıxarır.
Digər
tərəfdən belə filmlərin ictimai zərərlərinə də biganə qalmaq olmaz.
Çünki belə filmlərə tamaşa edən uşaqlar filmin "qəhrəman"larını təqlid
etməyə çalışır və hətta onlarda cinayətə əl atma hissləri də baş
qaldırır. Polis də öz növbəsində bu sayaq filmləri seyr edən cavanların
müxtəlif cinayətlərə əl atmalarının çoxaldığını vurğulayır. Bir neçə ay
bundan əvvəl qəribə bir olay dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Belə ki, 5 yaşında uşaq atasının silahını əlinə alaraq "Mən Polad
Elemdar, əllərini qaldırmasan vuracam" ("Qurdlar vadisi"
filmindən)deyərək atəş açıb. Nəticədə atası vəfat edib.
Artıq son
zamanlarda dəb şəkilini almış, hətta bəziləri üçün adiləşmiş iffətə zidd
olan film və seriallar, eləcə də digər proqramlar təəssüf ki, az bir
qrupdan savayı heç kəsi narahat etmir.
Çox zaman valideyn ailədə
uşaqların yanında danışmaq istədikdə, söhbətinə hədd qoyur və sözlərinin
uşaqlara mənfi təsir bağışlamasından ehtiyatlanır. Bundan başqa biz
gündəlik həyatımızda böyüklə kiçik arasında fərq qoyuruq. Bu səbəbdən
"böyüklük çağı" uşaqlar üçün sirli, müəmmalı bir aləm sayılır.
Təəssüflər olsun ki, müasir dövrdə bunlara riayət edilmir. Həya
pərdələri aradan götürüldüyündən, böyüklərin tamaşa etdiyi film və
seriallara uşaqlar da çox asanlıqla tamaşa edirlər. Halbuki, Həzrət
Peyğəmbər həyanı imanın bir qolu adlandırmışdır. (Kənzul-Ummal, hədis
52). Bundan əlavə Həzrət Rəsul (s) Allahın həyalı, təmkinli, namuslu və
iradəli insanı sevdiyini də dəfələrlə hədisindədə bildirmişdir (əl-Kafi,
c.2, səh.112, hədis 8). Biz bunları övladlarımıza anlatmalıyıq.
Əgər
valideynlər övladlarının onlara hörmət etmələrini, tərbiyəli
böyümələrini istəyirlərsə, ilk növbədə onları başa düşəcəkləri tərzdə və
mehribanlıqla belə proqramlara baxmaqdan çəkindirməlidirlər.
Bəs
çıxış yolu nədədir? Buna görə bir balaca araşdırma apardım və fikrimcə
aşağıda sadalanan metodlardan istifadə etməklə uşaqlarımızı qeyd
etdiyimiz təhlükələrdən qoruya bilərik:
- Uşaqlarımızı baxdığı
filmlərə nəzarətdə saxlamalı, verilişlərin bəzilərinə isə onlarla
birlikdə tamaşa etməliyik. Belə etsək, onlarda yaranan suallara cavab
vermiş və göstərilən proqramları düzgün şəkildə başa düşmələrinə kömək
etmiş olacağıq. Axı, biz də bir zamanlar öz valideynlərinizdən
bilmədiklərinizi öyrənmişik! Balalarımızın bilmədikləri sualların
cavabını özgələrdən deyil, məhz bizim özümüzdən öyrənilməsi daha yaxşı
olmazdımı?!
- Qətiyyətlə televizoru uşaqların yataq otağında
yerləşdirməməli.
- Televiziya proqramlarının vaxtını
məhdudlaşdırmalı
- Uşaqlarımıza xatırlatmalıyıq ki, filmdə aktyor
yaralanmır və ölmür, amma real həyatda belə hallar ağır hadisə və bəzən
ölümlə nəticələnə bilər.
- Televizorda ruhi gərginlik yaradan
səhnələr göstərildikdə ya kanalı əvəz etməli, yaxud da ümumiyyətlə
televizoru söndürməli. Bu növ səhnələrin yarada biləcəyi problemləri də
uşaqlara onların qavraya biləcəkləri şəkildə başa salmalı.
-
Uşaqların yanında oğurluq, ölüm, qətl kimi hadisələrdən geniş söhbət
açmamalı və hər hansı bir çətinliyin həll olunmasında bu yolun ən pis
vasitə olduğunu vurğulamalı.
- Uşaqlarımızı televiziyanın elmi, dini
və idman verilişlərinə baxmağa təşviq etməli. Beləliklə, onları
televiziyadan düzgün şəkildə istifadə etməyi öyrədərik.
- Bir çox
proqramların seçimində uşaqlarınıza kömək etməli.
- Birlikdə maraqlı
bir filmə baxdıqdan sonra birgə əyləşib o filmin zəif və güclü
cəhətlərini təhlil etməli. Bu onların təfəkkür qüvvəsinin güclənməsinə
səbəb olacaq.
- Uşaqlar televiziyaya tamaşa etdikləri zaman, başqa
bir işlə məşğul olmamalıdırlar. Həmçinin, mütaliə üçün də elə bir yer
seçilməlidir ki, onların diqqətini heç bir şey yayındırmasın. Yemək
zamanı, ailənin bir-birinin kənarında oturduğu saatdır. Belə vaxtlarda
televizorun söndürülməsi daha yaxşı olardı.
İNTERNET VƏ UŞAQLAR
Son 10-15 ildə dilimizə yeni terminlərin - kompüter,
internet, çat, forum və s. gəlməsiylə həyatımız tamamilə dəyişib. Belə
ki, insanlar davranışlarını, düşüclərini, ümumiyyətlə yaşayışlarının da
kompüterə görə dəyişirlər: Televiziya proqramlarına kompüterdən baxır,
evdəki əşyaları kompüterə görə yerləşdirir, internetdən məlumatlar
toplayır, çatdan dostlar tapır və s. və i. Kompüter o qədər "biz" olub
ki, ailə, məktəb və dost həyatımızı belə əvəzləyib. Bu səbəbdən
"internet lokallarının", qısaca desək "çatın" həyatımıza gətirdiyi
dəyişiklər haqqında araşdırma apardım və... təəssüfləndim. Deyəcəksiniz
ki, niyə? Söhbət uzundur. Ona görə bu barədə şəxsi fikirlərimi
nəzərinizə çatdırıb, son qərarı öhdənizə qoyuram.
İnternet -
insanların çox qısa müddət ərzində maneəsiz olaraq uzaq mənbələrdən
informasiya əldə etməsinə kömək eləyir. Dünya praktikasında elektron
yazışmalardan alimlər, sənətkarlar, biznesmenlər, müxtəlif peşə
sahibləri bilik, informasiya mübadiləsi, uzaqda yaşayan və başqa təhsil
səviyyəsinə malik həmkarları ilə əlaqə qurmaq üçün geniş istifadə
edirlər ki, bu da alqışlanan bir haldır. Bununla belə, hər şeydə olduğu
kimi burda da mənfi istiqamətlər var. Belə ki, mütəmadiyən çatdan,
forumdan istifadə etmək insanda get-gedə asılılıq əmələ gətirr, onu real
həyatdan uzaqlaşdıraraq virtual çərçivəyə salır. Hansı ki, bu aləmdə
real olan insanlar, münasibətlər, hadisələr yoxdur və hər şey elektron
yollarla həyata keçirilir. Beləliklə, insan özünə qapanır, dünyadan
uzaqlaşır. Bu da ən çox yeniyetmələrin və gənclərin həyatında özünü
göstərir. Onlar interneti sadəcə vaxt keçirmək üçün bir vasitə olaraq
görürlər. Halbuki İslama görə mömin şəxsin malik olduğu ən qiymətli
dəyər vaxtdır və insan onun dəyərini ancaq itirəndən sonra anlayır. Vaxt
elə bir dəyərdir ki, onu yenidən əldə etmək, bərpa etmək mümkün deyil.
İnsanın ən qiymətli vaxtlarını bihudə yerə itirməsi Allah qarşısında
cavabdeh olan hallardan biridir. Çatda əyləncə xatirinə tanımadıqları,
şəxsiyyətinə bələd olmadıqları, üzünü belə görmədikləri insanlarla
virtual əlaqə qurub tanış olaraq vaxtlarını bihudə itirən gənclərə çox
təəssüflənirəm. Həmin çatda yazışmalara nəzər salanda görürük ki, bayağı
ifadələrlə, mənasız, əxlaqsız şəkillərlə dolu olan yazışmaların heç bir
mənası da yoxdur. Tariximizə nəzər salsaq görərik ki, 14-15-16
yaşlarında insanlar diplomatik funksiyaları yerinə yetiriblər, imperiya,
dövlət qurub, hökmdarlıq ediblər. Amma bizim həmin yaşlı uşaqlarımız nə
edirlər? Mütaliə etmək, nəyi isə araşdırmaq, öyrənmək əvəzinə internet
klublarda boş yerə, mənasızcasına insanı zorakılığa, qan tökməyə, ölüm,
qan, hay-küy və bu ruhda tərbiyə edən oyunlarla məşğuldurlar. Budur
internetin qorxulu, insanı məhv eləyən cəhətləri. Sabah cəmiyyətin
idarəsi bu yeniyetmələrdən asılı olanda nə dərəcədə bayağı dünyagörüşə
sahib olduqlarını görəcəyik.
Çıxış yolu kimi gəncləri əyləncə,
qapanma dövründən xilas olub, yaxşı mənada cəmiyyətə hazırlamalı və
istedadlarını nümayiş etdirməyə şərait yaratmalıyıq. Bundan əlavə onları
nəzarətə götürməliyik. Əlbəttə, bu zor gücünə, döyülmə, tam qadağa ilə
həyata keçirilməməlidir, keçid dövrü nəzərə alınmalıdır. Yeni proqramlar
çıxıb, hansı ki, internetə, müəyyən saytlara girişi nəzarət altında
saxlayır. Yaxud da müəyyən saatdan sonra gün ərzində hansı saytlara
girildiyini, nələrə baxıldığını göstərir. Bununla paralel olaraq
uşaqlarda profilaktik tədbirlər aparılmalıdır, onları elmə, biliyə,
yaradıcılığa doğru yönləndirmək lazımdır. Və ən əsası, internetdən
istifadə etmək mədəniyyətini formalaşdırmaq lazımdır.
|