İsrail-Türkiyə-Azərbaycan əlaqələrini xarakterizə edən "Azəri üçbucağı"
ifadəsi Azərbaycan müstəqillik əldə etdikdən sonra siyasi ədəbiyyatda
gündəmə gəldi. "Azəri üçbucağı" ilk baxışda Azərbaycanın və Türkiyənin
İsraillə bərabər hüquqlu əməkdaşlığını nəzərdə tutsa da, digər region
dövlətləri ilə münasibətlərin gərginləşməsi demək idi. "Azəri
üçbucağı"nda İsrailin dominant rolu oynamağa cəhd göstərməsi də həm
Türkiyənin, həm də Azərbaycanın region dövlətlərindən təcrid edilməsi
ilə nəticələnə bilərdi. İsrailin Yaxın Şərqdə işğalçılıq siyasətini
davam etdirməsi, digər tərəfdən, Türkiyənin Yaxın Şərq ölkələri ilə
münasibətlərinin son illərdə "istiləşməsi" "Azəri üçbucağı"nın
perspektivsizliyindən xəbər verir.
"Azəri üçbucağı"nın Azərbaycan
və Türkiyə üçün nə dərəcədə əhəmiyyətli olduğunu qiymətləndirmək üçün
onun mahiyyətini, hansı geosiyasi və ya iqtisadi reallıqla şərtləndiyini
tədqiq etməyə ehtiyac var. Başqa sözlə, "Azəri üçbucağı" Azərbaycanın
və Türkiyənin qarşısında dayanan hansı mövcud problemləri həll etməli
idi? Azərbaycan və Türkiyə üçün həlli vacib olan problemləri "Azəri
üçbucağı"na daxil olan digər tərəflə, yəni İsraillə birgə həll etmək
mümkündürmü? "Azəri üçbucağı"nı mahiyyətcə fərqli olan digər geosiyasi
əməkdaşlıq strukturu ilə, məsələn, "Azəri dördbucağı" ilə əvəz etməyin
zamanı deyilmi? Bütün bu suallara İsrail-Türkiyə və İsrail-Azərbaycan
əlaqlərinin tarixinə və mahiyyətinə varmaqla cavab tapmaq olar.
Təqribən
61 il bundan əvvəl, yəni 1949-cu ilin 28 mart tarixində Türkiyə İsrail
dövlətini tanıyıb. 1958-ci ildə isə Türkiyənin Baş naziri Adnan
Menderes ilə İsrailin Baş naziri David Ben-Gurion arasında keçirilən
gizli görüşdə iki ölkə arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu
saziş iki ölkə vətəndaşlarının yaxınlaşmasını və hərbi əməkdaşlığı
nəzardə tuturdu. Türkiyə 1967-ci ildə Qərb ölkələrinin dəstəyi ilə
İsrailin regionda yeni əraziləri zəbt etməsini pisləsə və zəbt edilmiş
ərazilərdən İsrail qoşunlarının çıxarılmasını tələb etsə də, İsrailin
"işğalçı dövlət" adlanmasına tərəfdar çıxmayıb. İki il sonra isə İslam
Konfransı Təşkilatının Mərakeşdə keçirilən iclasında İsraillə hər hansı
diplomatik əlaqələrin kəsilməsinə dair qəbul edilmiş qətnaməyə
qoşulmayıb.
Əksinə, keçən əsrin səksəninci illərində Türkiyə ilə
İsrail arasında diplomatik əlaqələr xeyli möhkəmlənib. Lakin bununla
yanaşı, Türkiyə fələstinlilərin özünütəyin hüququnu və müstəqil Fələstin
dövlətinin yaradılmsını müdafiə edib. 1990-cı ildə Türkiyə ilə İsrail
arasında illik ticarət dövriyyəsi 100 milyon dollardan 150 milyon
dollara qədər yüksəlib.
Keçən əsrin 90-cı illərində iki dövlət
arasında müdafiə və turizm sahəsində əməkdaşığın genişlənməsi,
İsrail-Türkiyə Biznes Şurasının yaradılması, yüksək rəsmi şəxslərin
qarşılıqlı səfərləri İsrail-Türkiyə münasibətlərinin yüksələn xətlə
inkişaf etdiyini göstərirdi. Məhz bu dövrlərdən başlayaraq
İsrail-Türkiyə münasibətləri İsrail-Azərbaycan münasibətləri ilə paralel
inkişaf etməyə başlayıb. Bu dövrlərdə terrorizm və fundamentalizm
təhlükəsinə qarşı birgə mübarizə haqqında anlaşma memorandumu imzalanıb.
Mədəniyyət, elm, idman və təhsil sahəsində, ətraf mühitin qorunması və
digər sahələrdə əməkdaşlıq müqavilələrinə daha sonra azad ticarət
müqavilələri də əlavə edildi. Lakin iki ölkə arasında mühüm əhəmiyyət
daşıyan müqavilələr əsasən hərbi əməkdaşlıqla bağlı idi. Türkiyənin
Avropa Birliyinin gömrük ittifaqına qoşulması İsrail tərəfindən ciddi
müdafiə edilirdi. İsrail ümid edirdi ki, Türkiyənin Avropa İttifaqına
yaxınlaşması onun Yaxın Şərqlə əlaqəsinin zəifləməsinə səbəb ola bilər.
İsraillə
əlaqələrin kəsilməsini vəd edən və seçkilərdə qalib gələn Rifah
Partiyasının hakimiyyəti dövründə də İsrail-Türkiyə münasibətləri,
əslində yüksələn xətlə inkişaf edib.
Türkiyə ilə İsrail arasında
genişlənən əməkdaşlıq region ölkələrini həmişə narahat edib. Çünki belə
əməkdaşlıq dolayısı ilə İsrailin hərbi imkanlarının genişlənməsinə yadım
etmək və onun regionda işğalçılıq fəaliyyətinə haqq qazandırmaq demək
idi.
Türkiyə-İsrail əlaqələrinidə hərbi əməkdaşlıqdan sonra digər
mühüm yeri İsrailin içməli su ilə təminatı tutur. 2000-ci ildə İsrail və
Türkiyə arasında hər il 50 milyon kub metr suyun alınması haqqında
müqavilə imzalanıb. 2002-ci ildə isə İsrail Türkiyədən bir milyard
dollarlıq su idxal edib, təqribən bu məbləğdə hərbi avadanlığı isə
Türkiyəyə ixrac edib. "Su əvəzinə hərbi avadanlıq" Türkiyə-İsrail
ticarət əlaqələrinin zahiri göstəricisi olsa da, mahiyyət etibarı ilə
belə əlaqələr Türkiyənin regiondan təcrid edilməsinə və İsrail hərbi
sənayesindən asılı vəziyyətdə saxlanmasına xidmət etmişdir. Odur ki,
Türkiyə tərəfindən vaxtaşırı Fələstinin müdafiə edilməsi, bəzi hallarda
İsrail rəsmi şəxslərinə Fələstinlə bağlı ciddi iradların bildirilməsi
Türkiyəni İsraildən qətiyyən uzaqlaşdıra bilməzdi. Xüsusilə, bu dövrdə
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Türkiyədə tikilməsinin
razılaşdırılması və Azərbaycan neftinin Türkiyə vasitəsilə İsrailə
çatdırılmasının təmin edilməsi Türkiyəni İsrail üçün mühüm strateji
ölkəyə çevirir.
Türkiyə-İsrail əməkdaşlığında diqqəti çəkən ən
maraqlı məqam Türkiyənin İsraildən hərbi avadanlıq almasıdır. Həm
insan resursları, həm də iqtisadi potensialı İsraildən qat-qat çox olan
Türkiyənin hərbi potensialının İsraildən asılı olması regionda hərbi
balansın nə dərəcədə pozulduğunu bir daha əyani sübut edir. Başqa bir
sual Türkiyənin İsrail vasitəsilə sürətli silahlanmaya sövq edilməsi ilə
bağlıdır. Başqa sözlə, Türkiyə hansı təzyiqlərlə üzləşərək İsraillə
əməkdaşlığa razı olub? İsrailin Yaxın Şərq siyasətinə kəskin reaksiya
verən Türkiyə nə üçün İsraillə, Ərdoğanın dili ilə desək, "dövlət
terroru" ilə məşğul olan bir ölkə ilə ən yüksək səviyyədə iqtisadi və
hərbi əməkdaşlıq aparmaqda davam edir?
Əlbəttə, belə əməkdaşlığın
əsas səbəbi ABŞ və Avropa İttifaqı tərəfindən Türkiyəyə edilən və
müxtəlif məsələləri əhatə edən təzyiqlərdir. Şübhəsiz ki, İsrail
tərəfindən Türkiyəyə və ya hər hansı bir ölkəyə, o cümlədən Azərbaycana
satılan hərbi avadanlığın istehsalı birbaşa və ya dolayısı ilə ABŞ
siyasi elitası ilə bağlıdır. Son 60 ildə ABŞ-ın Yaxın Şərqdə hərbi və
iqtisadi maraqlarını yerinə yetirən İsrail, əslində ABŞ-ın "hərbi
bazası"dır. Türkiyə siyasiləri İsraillə əlaqələrə müxtəlif "don geydirə"
bilərlər. Məsələn, İsrail lobbisinin Türkiyənin maraqlarını Vaşinqtonda
qoruması və ya Türkiyənin İsraillə iqtisadi əməkdaşlığında Türkiyənin
maraqlarının önə çəkilməsi, ərəb dövlətləri və ya Rusiya tərəfindən
Türkiyəyə hər hansı hərbi təhlükələrin mövcudluğu və sair. Lakin bu
arqumentlərin heç biri Türkiyənin İsraillə əməkdaşlığında obyektiv
xarakterli deyil. Belə ki, Türkiyə siyasi elitası tamamilə əmindir ki,
ABŞ-dakı İsrail lobbisi nəinki Türkiyə xalqının, hətta yəhudi xalqının
mənafeyini öz iqtisadi maraqlarına qurban verməyə həmişə hazırdır.
Türkiyə-İsrail əməkdaşlığında Türkiyənin iqtisadi maraqları da prioritet
deyil. Türkiyə İsraildən hərbi avadanlıq alaraq, İsrailə valyuta
ödəyir. Türkiyənin İsrailə satdığı suyun və ya mal və xidmətlərin
miqdarı, həmçinin Türkiyəyə səfər edən İsrail turistlərinin gətirdiyi
gəlir Türkiyənin İsrailə qaytardığından xeyli azdır. İsrailin Türkiyəyə
ixracatı təqribən 1,5 milyard dollardır. Türkiyədən isə təqribən 1
milyard dollarlıq mal idxal edir. Türkiyədən İsrailə neft və qaz boru
kəmərlərinin tikintisi də nəzərdə tutulub ki, belə infrastruktur
vasitəsilə Xəzər dənizinin enerji resursları İsrailə çatdırıla bilər.
Belə boru kəmərlərinə nəzarəti əldə saxlamaqla İsrail regionun "enerji
damarlarına" sahib olmağı planlaşdırır. Digər tərəfdən, Türkiyənin
İsraillə hərbi əməkdaşlığnın belə geniş vüsət alması Türkiyəni nəinki
regionda gücləndirmir, əksinə, onun nüfuzuna xeyli ziyan vuraraq, onu
qonşu müsəlman ölkələrindən təcrid edir və regionu sürətli silahlanmaya
sürükləyir.
Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən sonra
İsrailin Yaxın Şərq siyasətini ən kəskin tənqid edən ölkələrdən biri də
Türkiyə olub. Son 6-7 ildə Türkiyə Yaxın Şərq ölkələri ilə yaxşı
münasibətlərin qurulmasına cəhdlər göstərir. Lakin buna baxmayaraq,
İsrailin Fələstində törətdiyi qətliamı açıq-aşkar tənqid edən T.Ərdoğan,
təəssüf ki, "irqçi dövlət"lə iqtisadi və hərbi əməkdaşlığın davam
etdirilməməsində israrlı deyil. İsrail Livanı işğal etdi, Türkiyə isə
yalnız etiraz bəyanatı verməklə kifayətləndi, İsrailə qarşı konkret
iqtisadi sanksiyalar tətbiq edilmədi. Əksinə, Türkiyə ərazisindən
İsrailə neft ixracı davam etdirildi. 2008-ci ilin sonu 2009-cu ilin
əvvəllərində İsrail Qəzza bölgəsində çoxlu sayda insan qırğını törətdi.
Türkiyə bu qətliama kəskin reaksiya göstərən ölkələrdən biri oldu.
Lakin İsraillə hərbi və iqtisadi əməkdaşlıq məhdudlaşdırılmadı. Bəzi
siyasilər və politoloqlar qeyd edirlər ki, ABŞ Konqresinin ümayəndələr
Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı
qətnamənin qəbul edilməsi Türkiyə hökumətinin son illərdə İsrailə qarşı
kəskin mövqe tutması ilə bağlıdır. Əgər belədirsə və Türkiyənin müstəqil
dövlət kimi region ölkələri ilə hər hansı əlaqələrinə İsrail tərəfindən
"xüsusi nəzarət" olunacaqsa, regional siyasətdə İsrailə nə dərəcədə
etibar etmək olar? Belə sualların cavablandırılması həm də "Azəri
üçbucağı"nın üçüncü tərəfi, yəni Azərbaycanın gələcək təhlükəsizliyi
üçün də mühüm əhəmiyyət daşıyır.
Heç şübhəsiz, ABŞ-ın bilavasitə
təzyiqi və təhriki ilə son 60 ildə Türkiyə İsraili hərtərəfli
dəstəkləyib. İsraillə geniş iqtisadi və hərbi əməkdaşlıq yaratmaqla
Türkiyə regional disbalansın formalaşmasında bilavasitə iştirak edib.
İsrail ABŞ və onun yaxın müttəfiqi olan Türkiyə vasitəsilə həm iqtisadi,
həm də hərbi cəhətdən güclənib. Elə buna görə də İsrail Türkiyə kimi
ölkələrlə ikitərəfli əməkdaşlıqda dominantlığı öz üzərinə götürür. Məhz
buna görə də İsrail rəsmiləri Türkiyə kimi ölkələrin səfirlərinə
hörmətsizlik göstərməkdən belə çəkinmirlər. Türkiyə kimi ölkələrin
müstəqil addımlarını cəzalandırmaq və Yaxın Şərqi İsrail vasitəsilə
nəzarətdə saxlamaq üçün ABŞ müxtəlif bəhanələrdən ustalıqla istifadə
edir və gələcəkdə də edəcəkdir.
Türkiyə ilə İsrail arasında son 60
il ərzində olan, sözün həqiqi mənasında, "subordinasiya" pozulmaq
istiqamətində davam edir. Daha nə Türkiyə, nə də digər Yaxın Şərq
ölkələri İsrailin, daha doğrusu, ABŞ-ın, Yaxın Şərq siyasətinə dözmək
iqtidarında deyil. Türkiyə dərk edir ki, belə siyasətə dəstək verməklə
özünə ciddi problemlər yaradır. Başqa sözlə, irqçi İsrailin işğalçılıq
siyasəti dəstəkləndikcə, hərbi imkanları gücləndikcə regionda təhlükə
artır və Türkiyənin özünə hərbi və iqisadi problemlər yaranır. əzərə
almaq lazımdır ki, Türkiyə Baş naziri T.Ərdoğanla İsrail prezidenti
Ş.Peresin Davos mübahisəsi iki siyasətçinin sadəcə söz savaşı deyildi.
Bu, Türkiyə Baş nazirinin Yaxın Şərqdə İsrail hegemonluğuna və "Azəri
üçbucağı"nda İsrailin dominantlığına qarşı üsyanı idi.
Artıq həm
Azərbaycan, həm də Türkiyə regional təhlükəsizlik və inkişaf üçün digər
regional ölkələrlə əməkdaşlığa daha çox ehtiyac duyurlar. Yeni "Azəri
dördbucağı"nın yaradılması zamanı artıq yetişib.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.