Əslində hər şəy 2007-ci ilin "Gənclər ili" elan olunması ilə başlandı.
Bununla da yeni bir ənənənin əsası qoyulmuş oldu. Hansısa sosial
qruplara ayrıca il ayırmaqla həmən kontingentin problemlərinin həlli
yolunda səylər başlandı. "Gənclər ili" gənclər sektoruna düşərli oldu və
gənclərlə işləyən aidiyyatı qrumların öz işlərinə daha məsuliyyətli
yanaşmaları bu sektoru dirçəltdi. Bir illik təcrübə sübut etdi ki, hələ
bu növ üsullar ilə idarəçilikdə müvəffəqiyyətlər əldə etmək mümkündür.
Yəni, keçid dövrünü yenicə adlamış bir dövlət üçün belə ənənəvi üsullar
hələ də keçərlidir.
Növbəti il, "Seçki ili" kimi yadda qaldı. 2008-ci ildə ölkədə prezident
seçkiləri keçirildi. Bu il barəsində əlavə şərhə ehtiyac bilmirəm.
Çünki, amacım illərin sadalanması deyil. Daha sonra növbə 2009-cu ilə
çatdı ki, bu il isə Azərbaycanda "Uşaq ili" kimi yadda qaldı. Uşaqların
problemləri az da olsa gündəmdə qaldı. Bəzi dairələr, hazırda uşaq ili
bitdi, uşaqlara qayğı da bitdi deyirlər. Təbii ki, bu özü heç də yaxşı
bir çağırış deyil. Çünki, gənclər ilində əldə edilən uğurlar nədənsə
"uşaq ili"ndə əldə olunmadı. Mütəxəssislər Ailə,Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin bu ildən yetərli faydalanmadığını
desələr də, əslində uşaq ilindən sonra qayğısızlıq atmosferinin
yaranması bu fikri təkzib etdi. Demək, həmən ildə qayğı varmış ki, bu
ilin bitməsi ilə qayğı da bitmiş sayıldı. Ancaq, ya elə, ya da belə,
fakt faktlığında qalır ki, hansısa sosial qrupun və ya dairənin
problemlərinə ayrıca bir il həsr etmək bizim reallıq üçün keçərlidir.
Bu il, Azərbaycanda "Ekologiya ili"dir. Loru dillə desək, bu il
Azərbaycan təbiətinin Azərbaycan insanından qorunma ilidir. Çox
maraqlıdır ki, Xəzərdə çalışan əcnəbi təşkilatları çıxmaq şərti ilə
ölkəmizin ekologiyasına bizdən çox zərər verən yoxdu. Bir Azərbaycan
vətəndaşı olaraq biz dərk etmirik ki, təbiətə atdığımız və ya vurduğumuz
zərər bizim öz evimizə vurmuş olduğuz zərərdən ibarətdir. Çox təəssüf
ki, "Ekologiya" ili hələ ki özünü bu və ya digər dərəcədə göstərmir.
Yalnız, Xəzərin çirkli sularının təmizlənməsi ilə bağlı bir neçə
layihələri çıxmaq şərti ilə. Ancaq, iş bununla bitmir. Bu il bir
füsətdir ki, doğma vətənimiz olan Azərbaycan təbiətinin, havasının,
suyunun bizə və gələcək övladlarımıza nə dərəcədə həyati vacib olduğunu
təbliğ edək. Qısa olaraq qeyd edim ki, ekologiya sözü iki qədim yunan
sözündən ibarət bir termindir: eykos-ev, yaşayış yeri və loqol-söz, elm.
Gəlin Azərbaycana öz evimiz kimi yanaşaq, evimizin təmizliyinə necə
baxırıqsa, məmləkətimizin təmizliyinə də elə baxaq. Təbii ki, bundan
ötrü KİV-lərdə kütləvi maarifləndirmə işinə ehtiyac var. Qərbdə
ekologiyanı sosial iş ilə bağlayan sosial ekologiya termini tez-tez
istifadə edirlər. Beləki, sosial ekologiyanı onlar insanın və
bəşəriyyətin sağ qalmasını təmin edən bir elm adlandırırlar. Həqiqətən,
havaya buraxılan zəhərli qazlar, qırılan meşələr, çirkləndirilən sular
və torpaqlar sonda bəşər insanın həyatını sual altında qoyacaq. Odur ki,
ekologiya ilində insan amili xüsusi olaraq qabardılmalıdır. Yəni ki,
insan həyatı üçün lazım olan ekoloji şəraiti yaratmaqla insan və
cəmiyyətin inkişafı və yaşaması üçün şəraitin yaradılması əsas
götürülməlidir.
Beləcə, qarşıdan 2011-ci il gəlir. Məsələlərə bu cür yanaşma davam etsə,
o halda 2011-ci ili də hansısa sosial qrupa aid etmək ənənəsi qalacaq.
Bax, elə buna görə də bu ili illərdir yığılıb qalmış problemlərinin
həllini ömrünün son anlarınadək gözləyən və hələ də pensiyalarının
artacağına ümüdlü olan ahıl və yaşlıların ili elan edək. Yəqin siz də
şahidi olmusuz ki, yaşlı insanların ən əsas problemi onların pensiya
təminatı ilə bağlıdır. Hər hansısa bir yaşlı insanla bir-iki dəqiqəlik
rabitə qursaz, 1-ci dəqiqədən sonra deyəcəyi və ya edəcəyi ilk şikayət
pensiya barəsində olacaq. Unutmayaq ki, uşaqlar bizim gələcəyimiz,
gənclər bu günümüz, yaşlılar isə keçmişimizdir. Bu gün Azərbaycan
ahılına verdiyimiz dəyər bizim keçmişimizə, yəni əslində özümüzə,
gəncliyimizə verdiyimiz dəyərdir. Bu günki Azərbaycan ahılı isə çox
narahatdır. Nə asudə vaxtlarının təşkili, nə ictimai səhiyyə, nə təqaüd
sistemi, nədə ki, sosial təminat onları qane etmir. Halbuki, prezidentin
ahıllar barəsində imzaladığı son fərmanlarda yuxarıda sadaladığım hər
bir məsələ özünə yer alıb və icrasını gözləyir. Hətta, uşaqların
internat evlərindən ailələrə verilməsi variantında ahıllar evlərindən
ahılların ailələrə cəlb olunması layihəsi barədə də göstərişlər vardır.
Ancaq, çox təəssüflər olsun ki, fərmanı icra edəcək qrum və ya
səlahiyyətlilər hələ nəyisə gözləyirlər. Yəqin, onlar hər hansısa bir
ilin ahıllara həsr edilməsini gözləyirlər ki, bəlkə bundan sonra
prezidentin fərmanına laqeyid qalmayalar. Odur ki, mən 2011-ci ilin ahıl
və qocalara həsr edilməsini arzu edərdim. Azərbaycan gənci kimi mən
belə düşünürəm ki, qocalmaq hələ hər şeyin bitməsi və qurtarması demək
deyil, əksinə Hötenin təbiri ilə desək, yaşlanmaq yeni bir işə
başlamaqdır.
|