Deyəsən, bu il də səs-küylü olacaq. Axı, sel gələndə kol-kos
qoymur, nə var hamısını yuyub, gətirir. Bu, bəzilərinə sərf eləsə də, əksəriyyət
elə bil acı günlərini bir-birinin izinə qoymağa məhkum edilib. Bu mənada neçə
illərdir ki, dediyimiz sel ölkəyə demokratiya adlı iri bir kötük gətirib.
Bunların dediyi demokratiya zahirən o qədər gözəlləşdirilsə də, acılığından heç
kim uda bilmir. Ondan yaxa qurtarmaq isə selin əks istiqamətdə axacağından asılıdır.
Səs-küy demişkən, builki parlament seçkilərini nəzərdə tuturam. Seçki
ilində əsas problem kimisə seçmək və parlamentdə millətin səsini demək üçün bəzəkli
kresloda oturtmaq deyil. Onsuz da burada hər yerin öz qiyməti var. Bizim dərdimiz
başqa şeydir. Elə götürək birlik məsələsini. Ay qağa, görəsən bu müxalifət beş
il harada idi ki, indi vahid seçki blokundan danışır. Seçkinin startına bir neçə
ay vaxt qaldığı halda, ölkədə ana müxalifətlik üstündə ölüm-dirim mübarizəsi
aparan siyasi təşkilatlar qəti qərar verməyiblər. Sonra da seçkinin ədalətli keçirilməməsini
iddia edib, nə bilim Avropa Birliyi, BMT və zırpı-zırpı beynəlxalq təşkilatlardan
məsələnin düzgün həll olunmasında yardım istəyəcəklər.
Bunlarla vaxtınızı almaq istəmirəm. Bilənlər bilir, bilməyənlər də
bilsinlər. Ölkə başçısı İlham Əliyev cənabları artıq xalqa mesajını
verdi. Hər dəfə olduğu kimi söhbət maaşların və əməkhaqqının artmasından gedir.
Belə ki, prezident bir daha bəyan etdi ki, arxayın olun seçki öncəsi minimum əməkhaqqı
elə minimum səviyyədə artacaq. Bax yuxarıda qeyd etdiyimiz problemin əsası
buradan başlayır. Bəyanat yayılmamışdan hələ bir neçə müddət əvvəl bazarlarda
qiymətlər kəllə-çarxa qalxmışdı. Bilmək olmur, qiymətlər bəyanata uyğun formalaşır,
ya bəyanatlar qiymətlərə görə verilir. Hər halda qiymətlər əvvəl qaldırılmışdı...
Çünki, dostlardan biri mənə demişdi ki, alçanın bir kiloqramı 200
manatadır. Bir az tərəddüd edib, özüm maraqlandım. Məlum oldu ki, həqiqətən belədir.
Əslində maaşların qaldırılması yaxşı olsa da, onun görünməyən tərəfləri
sui-istifadə hallarına və korrupsiyaya geniş yol açır. Heç kim zəmanət vermir
ki, ölkə başçısının bu çıxışından sonra nə qədər işbazlar qollarını çırmalayıb,
meydana atılacaqlar.
Bir də ki, biz demokratiyanı kənardan və kimlərdənsə gözləyirik. Özümüz
imkanlarımıza uyğun olaraq, bu istiqamətdə hərəkət etsək, heç şübhəsiz istədiyimizə
çata bilərik. Fərz edək ki, Qərb seçkilər dövründə şüar kimi səsləndirdiyimiz
demokratiyanı bizim üçün yaratdı, deyin görüm, hər dəfə gəlib "Xəzər-Lənkəran"
- "Neftçi" oyununa da nəzarət edəcəkmi? Əlbəttə, yox. Yəqin çoxunuz
bu oyunu izləmisiniz. Yaxud oyun barəsində gedən söz-söhbəti eşitmisiniz. İki
qolu, bir penaltini hesaba almayan hakim ədalətli qərar verdimi? Onun qərarı
haradan qaynaqlanır? Ölkədə futbolu inkişaf etdirək deyənlər, nədən bölgə
futbolunun inkişafını görmək istəmirlər?
Bəli, əslində futbol meydanında hakimin, cənubluların ziyanına səsləndirdiyi
FİT SƏDA-ları Mərkəzin Lənkərana qarşı münasibətinin göstəricisi idi. Sadəcə
olaraq, idmanda xeyli irəliləmiş cənublular elə futbol səhnəsində özlərinə qarşı
soyuq və kəsici münasibətləri bir daha hiss etdilər.
Yeri gəlmişkən, "Xəzər-Lənkəran" xarici ölkənin və Azərbaycana düşmən
kəsilən Ermənistanın klubu deyil...
Deyəsən "qılınc öz qınını kəsməz" deyimi bu gün əksinə işlədilməlidir.
Yox, ata-babalarımız "qurd ağacı içindən yeyər" də deyiblər, axı!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.