Azərbaycanda hamı vətənpərvərdir. Böyükdən tutmuş kiçiyə qədər. Hətta
pozğunlar, müğənnilər, qırəridəndən tutmuş briqadirə, oradan çıx yuxarı,
direktor, rəis, deputat, yüksək çinli məmurlar və sair. Adam göydən gəlsə, bu qədər vətənpərvərin çoxluğundan və onların
vətənpərvərlikdən danışanda ağızlarından çıxan odun püskürtüsündən
dəhşətə gələr; bu qədər sevgimi olar yəni!!! Amma yaxşı ki, göydən
gəlməmişik yoxsa başımıza papaq çox rahatlıqla keçərdi. İnsan Azərbaycanı diqqətlə izləyəndə görür ki, burada vətənpərvərlikdən
danışanlar 3 dəstəyə bölünürlər. Birincilər qınağa düşmək
istəməyənlərdir. İkincilər, (və) tənpərvərlər, yəni çörəyi bu kimi
sözlərdən çıxanlardır. Üçüncü dəstə isə, heç kimin saymadığı, həqiqətən
vətənini sevən ac kütlədir.
Nə qədər absurd görünsə də, bizdə düşmən və dost açıq düşüncə və
məntiqlə yox rəislərin və başçıların sifarişi ilə müəyyənləşdirilir.
Əgər onlar deyirlərsə, filan kəs və ya filan ölkə düşməndir, deməli mən
öz ağlımı yığışdırıb, əsarətdə olan bir insan kimi, hətta fikrləşməyə
belə macal tapmadan, rəisə tabe olmalıyam. Əks halda qınaq və
ittihamlara özümü hazırlamalıyam. Bəzən görürsən rəis xalqa divan tutur,
öz övladını əsgərliyə göndərmir, hansısa bir kasıbın balasını şərləyib
zindana atdırır, məhdud maaşla böyük şirkətlər açır, amma yeri gələndə,
vətənpərvərlikdən elə danışır ki, adam lap özündən xəcalət çəkir və belə
bir "vətən oğulları" ilə fəxr etməyə bilmir.
Nə isə... Mənə elə gəlir ki, Azərbaycanda hər şey kökdən dəyişilməlidir.
Çünki, getdikcə Qərbin və sionizmin təbliğatı nəticəsində yeni tipli
vətənpərvərlik ideologiyası formalaşmaqdadır. Bu vətənpərvərliyə görə,
əgər sənin torpağın işğalda, ana-bacıların bu işğal nəticəsində təcavüzə
məruz qalıbsa, tolerant rəftar göstərməli və torpağını qan tökməklə
deyil, minnətçi düşərək geri almağa çalışmalısan. Həmçinin, cəmiyyətdən
işğala məruz qalmış bir xalqın ruhiyyəsini əlindən alaraq, küçələrdən,
kütləvi informasiya vasitələrindən, xüsusən televiziyalarda şəhidlərdən
heç bir nişan olmamalı, onların yerinə, əyyaş proqramlar yaymalı, pozğun
müğənnilərin fotoları isə küçələrdən, divarlardan əskilməməlidir. Bax,
bizim dərdimiz bunlardır, yoxsa "Polad Ələmdarı" Bakıya gətirib şou
yaratmaq yox.
|