ABŞ-ın İraqı işğal etməsindən 7 il ötdü. Son 7 ildə ABŞ-ın Yaxın Şərqdə
və dünyanın digər bölgələrindəki qlobal siyasəti "demokratiya" pərdəsi
altında nələrin gizləndiyini sübut etdi. İndi çox az adam tapılar ki,
ABŞ-İraq müharibəsinin demokratiya uğrunda və ya terrora qarşı müharibə
olduğunu düşünsün. ABŞ-Yaxın Şərq əlaqələrindən az da olsa xəbəri olan
hər bir kəsə bəllidir ki, bu müharibənin əsasında İraqın və Yaxın
Şərqin digər bölgələrinin malik olduğu çox zəngin neft yataqları
dayanır. Yaxın Şərq ölkələrinin, o cümlədən, İraqın zəngin neft
yataqlarının ələ keçirilməsi hələ 19-cu əsrin sonu 20-ci əsrin
əvvəllərindən Böyük Britaniyanın, sonralar isə ABŞ-ın xarici
siyasətinin prioriteti kimi qiymətləndirilmişdir. Böyük Britaniyanın
Müharibə Kabinetinin Birinci Katibi Maurise Hankey 1918-ci ildə yazırdı
ki, "İndiki müharibədə kömürün yerini növbəti müharibədə neft
tutacaqdır və ya onlar uğrunda mübarizə eyni dərəcədə vacib olacaqdır.
Britaniyanın nəzarətində ola biləcək əsas potensial yataqlar yalnız
Fars və Mesopotamiya yataqları ola bilər. Bu neft yataqlarının ələ
keçirilməsi Britaniya müharibələrinin əsas məqsədi olmağa başlayır". Birinci
Dünya müharibəsindən qalib çıxmış Böyük Britaniya doğrudan da sonralar
bu yataqların ələ keçirilməsini bir müddət reallaşdıra bildi. İkinci
Dünya müharibəsindən sonra da Yaxın Şərq neft yataqlarının ələ
keçirilməsi və nəzarətdə saxlanması ABŞ və Böyük Britaniyanın hər
ikisinin xarici siyasətinin prioriteti olaraq qaldı. ABŞ Səudiyyə
Ərəbistanının neft yataqlarına "dünya tarixində ən böyük maddi nemət və
strateji güc üçün mühüm əhəmiyyəti olan mənbə",- kimi baxırdı. Yaxın
Şərqdə mövcud neft yataqları bu gün də Böyük Britaniyanın və ABŞ-ın
strateji məqsədləri kimi prioritet əhəmiyyət kəsb edir. II Dünya
müharibəsindən sonra ABŞ-ın nüfuzunun güclənməsi, "Soyuq müharibədən"
sonra isə daha da möhkəmlənməsi "neft uğrunda müharibə"nin xarakterini
də xeyli dəyişdi. Belə ki, əvvəllər bir-biri ilə açıq rəqabət aparan
"böyük güclər" XX əsrin sonu XXI əsrin əvvəllərində ABŞ-ı "enerji
təminatçısı" kimi sakitcə qəbul etməyə, bu ölkənin Üçüncü Dünya
ölkələrinə qarşı işğalçılıq siyasətinə göz yummağa nəinki məcbur
oldular, hətta öz siyasətini həyata keçirməkdə ABŞ-a yaxından kömək
göstərməyə məhkumdurlar. Son 50 ildə neft və qaz yataqlarına, nəqliyyat
infrastrukturuna nəzarəti ələ keçirən ABŞ XXI əsrdə Yeni Dünya Düzəni
formalaşdırmaq ümidindədir. Əlbəttə, enerji mənbələri üzərində
nəzarətin təmin edilməsi metodları zamanla dəyişmiş, ölkələrin hərb
yolu ilə klassik müstəmləkə vəziyyətinə salınmasından və ya yerli
hökumətlərin məhv edilməsindən tutmuş, yeni müstəmləkəçilik
formalarının işlənməsinə qədər uzun "inkişaf yolu" keçmişdir.
Dəyişməyən isə əsas məqsəddir: enerji resurslarının və digər
sərvətlərin ələ keçirilməsi və onlar üzərində nəzarətin təmin edilməsi.
Əgər ABŞ-İraq müharibəsinin tarixi gedişini yada salsaq və ABŞ-ın digər
"müştəri ölkələrdə"ki fəaliyyəti ilə, məsələn, Azərbaycandakı
fəaliyyəti ilə müqayisə etsək, ABŞ-İraq və ABŞ-Azərbaycan
münasibətlərinin inkişaf xətlərində ciddi paralellik müşahidə etmək
olar. Hər iki halda hadisələrin kulminasiyası yerli hökumətlərlə ABŞ-ın
nəzarətində olan şirkətlər arasında Hasilatın Pay Bölgüsü Sazişinin
(HPBS) bağlanmasıdır. Hasilatın Pay Bölgüsü sazişlərinin bağlanması
tarixi bütün ölkələrdə ictimai-siyasi elitadan və cəmiyyətdən
gizlədilən, lakin ölkə tarixinin əsil mahiyyətini müəyyən edən
tarixdir. Hasilatın Pay Bölgüsü sazişlərinin bağlanması tarixinin
bir neçə ölkədə araşdırılması bunu deməyə əsas verir ki, belə sazişlər
əsasən vətəndaş qarşıdurmaları və yerli hökumətlərin ciddi çətinliklər
qarşısında qaldığı ictimai-siyasi şəraitdə imzalanır. Məhz belə siyasi
və iqtisadi çətinliklər şəraitində imzalanmış HPBS "müştəri ölkə"nin
sonrakı dövrlərdə ABŞ-dan və onun nəzarətində olan Maliyyə
institutlarından ciddi asılılığını təmin edir. Yerli qanunlardan daha
üstün gücə malik olan HPBS əslində, təbii sərvətlərin ABŞ-ın
nəzarətində olan şirkətlər tərəfindən "özəlləşməsidir". Beləliklə,
ABŞ-İraq, ABŞ-Azərbaycan və ABŞ-ın digər ölkələrlə münasibətlərini
əsasən iki tarixi dövrə bölmək mümkündür: HPBS imzalanana qədər olan
dövr və HPBS imzalandıqdan sonrakı dövr. Birinci dövrdə ABŞ-ın bütün
səyləri bu sazişin imzalanmasına yönəlirsə, ikinci dövrdə bütün səylər
imzalanmış sazişin yerinə yetirilməsinə və nəzərdə tutulan gəlirlərin
əldə edilməsi üçün münbit siyasi şəraitin yaranmasına və saxlanmasına
yönəldilir. Təqribən 200 milyard barel neft ehtiyatı olan İraq
dünyada neft ehtiyatının miqdarına görə üçüncü yerdədir. Başqa sözlə,
dünya neft ehtiyatının təqribən 10 faizi onun, 1 faizə yaxını isə
Azərbaycanın payına düşür. 1970-ci illərdə Yaxın Şərqdə əsas neft
sənayelərinin milliləşməsinə qədər buradakı neft yataqları Qərbin,
xüsusilə ABŞ-ın birbaşa nəzarətində deyildi. Əsasən Şimal dənizində və
Alyaskada fəaliyyət göstərən Qərb şirkətləri sonralar Xəzər dənizinə və
Qərbi Afrikaya doğru "hərəkət etməyə başladılar". Təəssüf ki,
ABŞ-ın enerjiyə olan ehtiyacı və getdikcə artan istehlak həcmi neftlə
zəngin ölkələrlə demokratik və beynəlxalq hüquqa əsaslanan əlaqələrin
qurulmasına şərait yaratmadı, əksinə, çox hallarda ABŞ hərbi gücdən
istifadə etməyə və bu ölkələrin "müştəri ölkələrə" çevrilərək ondan
iqtisadi və siyasi asılı olmasına üstünlük verdi. 1999-cu ildə Londonun Neft İnstitutunda çıxış edən, o vaxtlar Halliburton şirkətinin icraçı
direktoru olmuş Dik Çeyni qeyd etmişdir ki, "2010-cu ildən başlayaraq
biz hər gün daha 5 milyon barelə ehtiyac hiss edəcəyik. Bəs bu 5 milyon
bareli biz haradan əldə etməliyik? Baxmayaraq ki, dünyanın bir çox
regionları neft imkanlarını təklif edə bilərlər, lakin dünya neft
ehtiyatının üçdə ikisinə malik olan və daha ucuz başa gələn Yaxın Şərq
nefti diqqət mərkəzindədir". İki il sonra Buş hökuməti D.Çeynini
uzun dövr üçün enerji təhlükəsizliyi problemlərini həll etmək məqsədilə
ABŞ-ın vitse-prezidenti vəzifəsinə təyin edir. ABŞ-ın enerji
təhlükəsizliyində Yaxın Şərqin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən
şəxsin belə yüksək vəzifəyə təyinatı regionun ABŞ xarici siyasətində
mərkəzi prioritet olduğundan xəbər verirdi. İraq neftinin nəyin
bahasına olursa-olsun ələ keçirilməsi məsələsi dəfələrlə ABŞ və Böyük
Britaniya dövlətlərinin ən yüksək rəsmiləri tərəfindən müzakirə
edilmişdir. Hətta 2002-ci ilin aprelində C.Buş və T.Bleyer arasında
ABŞ-Böyük Britaniya ikitərəfli Enerji Dialoqu yaradılmışdır. Bu Dialoq
enerji məsələlərində əməkdaşlığın və fəaliyyətin əlaqələndirilməsinin,
həmçinin Yaxın Şərq neftinin nəzarətə alınmasının vacibliyini qeyd
edirdi. Məhz bu Dialoq yaxın on illərdə neftin həcminin 120 milyon
barelə çatdırılmasını və Yaxın Şərqdə neft yataqlarının nəzarətə
alınması yolu ilə bu regiondan çıxarılan neftin həcminin hər gündə 23
milyon bareldən 52 milyon barelə çatdırılmasını nəzərdə tuturdu.
Oxucunun diqqətini bir daha, bu Dialoqun yaradıldığı tarixə yönəltməyi
vacib hesab edirəm: 2002-ci ilin apreli. Bu dövr ABŞ-İraq
qarşıdurmasının ən kəskin dövrlərindən biridir. Hadisələrin
kulminasiyaya yaxınlaşdığı dövrdür. Məhz bu dövrdə sonralar Buşun
iqtisadi məsələlər üzrə məsləhətçisi olmuş Larry Lindsey İraqla
müharibənin əsil mahiyyətinin neftlə bağlı olduğunu və ABŞ
iqtisadiyyatı üçün xeyirli olacağını gizlətmirdi. Bu dövrdə ABŞ və
Böyük Britaniyanın nəzarətində olan kütləvi informasiya vasitələri,
siyasilər İraqda atom silahının olması təhlükəsinə bütün dünyanı
inandırmağa çalışırdılar və ABŞ hərbi qüvvələri beynəlxalq hüquq
normalarını pozaraq İraqa təcavüz etdi. Qeyd edək ki, ABŞ-ın İraqa
təcavüzünə haqq qazandırmaq üçün bütün vasitələrdən istifadə edilirdi.
Bu təcavüzə haqq qazandırmaq üçün İsrail mediası daha çox canfəşanlıq
göstərirdi. Maraqlı faktdır ki, 2002-ci ildə hələ ABŞ-İraq müharibəsi
başlamamış Dövlət Departamenti tərəfindən İraq neftinin gələcəyi
haqqında İşçi Qrupu formalaşmışdır. Bu qrup İraq neftinin müharibədən
sonra ABŞ-ın nəzarətinə keçməsi mexanizmlərini və hansı şirkətlər
arasında "bölüşdürüləcəyini" hüquqi cəhətdən işləməli idi. Başqa sözlə
desək, elə hüquqi çərçivə yaradılmalı idi ki, neftin ABŞ tərəfindən
faktiki olaraq "özəlləşdirilməsi" hüquqi cəhətdən hiss olunmasın və
neft şirkətləri ABŞ-ın enerji təhlükəsizliyini təmin etməklə bərabər,
həm də maksimum gəlir əldə etsinlər. Əlbəttə, belə mexanizm kimi ən
geniş yayılmış variantdan, yəni HPBS-dən istifadə etmək qərara
alınmışdır. İraq neftinin ABŞ tərəfindən "özəlləşdirilməsi" əsasən
üç mərhələni keçmişdir. Birinci mərhələdə hakimiyyət koalisiya
qüvvələrində və İraq İdarə Şurasında, İkinci mərhələdə İraqın Müvəqqəti
hökumətində, üçüncü mərhələdə isə yeni yaradılmış Keçid hökumətində
olmuşdur. İraqın yeni Konstitusiyası üçüncü mərhələdə hazırlanmışdır.
Bu tarixi mərhələlərin hər birinin neft sazişlərinin şərtləri ilə və
İraq xalqının gələcəkdə neft ixracından əldə edə biləcəyi mümkün
gəlirlərin miqdarı ilə birbaşa əlaqəsi var. BMT tərəfindən İraqa
tətbiq edilən sanksiyalar İraq hökumətinə neft sənayesini
müasirləşdirmək imkanı verməmişdi. Buna baxmayaraq, ABŞ təcavüzünə
qədər İraqın neft sənayesi BMT-nin "neft əvəzinə ərzaq" proqramı
çərçivəsində hər gün 2 milyon barel xam neft ixrac etməyə müvəffəq
olurdu. Təcavüzdən sonra ABŞ şirkətləri İraqdan hər gün 7 milyon barel
neft ixrac etməyi planlaşdırırlar. Qeyd etmək vacibdir ki, İraqda neft
sənayesinə və ixracatına nə İraq hökuməti, nə də ictimaiyyət tərəfindən
nəzarət mexanizmi qətiyyət mövcud deyil. İraq neftinin ABŞ hərbi
qüvvələri tərəfindən ələ keçirilməsi və HPBS adı ilə faktiki olaraq
"özəlləşdirilməsi" əslində İraq xalqının neftdən əldə edə biləcəyi
mümkün gəlirlərin böyük bir hissəsinin mənimsənilməsi ilə
nəticələnmişdir. Hesablamalar göstərir ki, əgər neftin bir barelinin
qiyməti 40$ olarsa, İraqda imzalanmış HPBS nəticəsində İraq büdcəsi 74
milyarddan 194 milyard dollara qədər vəsait itirir. Bu rəqəm hər bir
yaşlı iraqlının 30 il ərzində orta hesabla 5000 dollar itirdiyindən
xəbər verir. Son dövrlərdə neftin qiymətinin xeyli artması, hətta bir
barelin qiymətinin 70$ ötməsi İraq xalqının iqtisadi itkilərinin daha
çox olduğundan xəbər verir. Bəs ABŞ-ın qazandığı nə oldu? Dünya
neft ehtiyatının daha 10 faizini ələ keçirməkmi, öz iqtisadiyyatını və
dollarını möhkəmlətməkmi, hərb maşınını "yeni qanlı döyüşlər" üçün
hazırlamaqmı? İnkaredilməz faktdır ki, İraq nefti ABŞ cəmiyyətini və
iqtisadiyyatını nəzarətdə saxlayan "bir ovuc" oliqarx üçün çox
"qiymətlidir", hətta 150000 ABŞ hərbiçisinin və 20 milyon iraqlının
həyatından da. İraq xalqının əsas itkisi isə neft və ondan gələn
gəlirlər deyil! Bu, ABŞ hərbi qüvvələri tərəfindən məhv edilmiş
günahsız iraqlılardır!
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.