|
Bu günlərdə yenə gözüm almaçıların saytına düşdü. Düzü bu sayt, xalqının 95%-i müsəlman olan halda, kimlərinsa sifarişi əsasında, Allaha, islama və dinə qarşı bela məsuliyyətsiz davranışlarına, hamı kimi mən də onlara qarşı mənfi hisslər oyatmışdı. Axı indi, kimlərinsə sifarişi ilə yazılan bela cızma-qaralara inanan kimdir! Sovet hökuməti belə proqramları nəinki bir saytda yazdı, bəlkə də rəsmi şəkildə bütün elmi mərkəzlərdə, akademiyalarında və təhsil ocaqlarında məcburi şəkildə "elmi ateezim" adı ilə tədris etdiridi. Amma sonu nə oldu? Bəlkə kimdəsə Allaha, dinə və islama qarşı nifrət oyada bildi? Xeyr! Əksinə, insanlar öz içərilərində də olsa, qəlblərində Allaha, dinə və islama qarşı məhəbbətləri gündən-günə artdı. Dünən kommunist partiya biletini öpüb gözlərinin üstündə saxlayan bəzi alimlər bu gün Quran müqabilində diz çöküb, Allah-taaladan bağışlanmaqların istəyirlər. O zaman onları bu işə məcbur edirdilər. Ona görə inşallah Allah-taala onları bağışlayar.
Amma, islamda məcburiyyət yoxdur. Necə ki Quranda oxuyuruq: "Dində məcburiyyət (zorakılıq) yoxdur." (Bəqərə surəsi, 256-cı ayə) Axı nəyə görə də olsun? İslam azadlıq və müstəqillik dinidir. Allah-taala insanları azad və muxtar yaratmışdır. İnsan, istər Allaha iman gətirsin, istərsə də gətirməsin o, Allahın hakimiyyəti və vilayəti altındadır və hər anda Allah-taala ondan öz feyz və mərhəmətini kəsməklə onu bu şirin həyatıdan məhrum edə bilər. Necə ki, bizdən öncə insanlar müəyyən müddətdə bu dünyada yaşamış və istər-istəməz bu dünyanı tərk etmişlər. Allah-taala buyrur ki, siz istəsəz də, istəməsəniz də Mənə tərəfə qaytarılacaqsınız. Allah-taala Quranda buyurur: "Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır!" (Bəqərə surəsi, 281-ci ayə )
Bəlkə bu almaçılara kimsə zəmanət verib ki,"siz bu dünyada əbədisiniz, qorxmayın! Allaha qarşı yazın!! Dinə və islama qarşı yazın! Biz burdayıq!" Xeyr! Xeyr! Onlar heç də özlərini boş fikirlərlə aldatmasınlar. Belə zəmanəti, heç şeytan da özü-özünü aldadıb iddia etməmişdir. Necə ki, Quranda şeytanın öz dilindən aldatdığı insanlara belə söylədiyini bəyan edir: "O zaman (Bədr günü) Şeytan onlara öz əməllərini gözəl göstərib demişdi: "Bu gün insanlar içərisində sizə qalib gələ biləcək bir kimsə yoxdur. Mən də sizin (pənahınız) dadınıza çatanam!" Lakin iki dəstə üz-üzə gəldiyi zaman dönüb qaçaraq: "Mənim sizinlə heç bir əlaqəm yoxdur. Mən sizin görmədiklərinizi (möminlərin köməyinə gələn mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allah (Ona asi olanlara) şiddətli əzab verəndir!" - demişdi." (Ənfal surəsi, 48-ci ayə)
İslama qarşı yazanlır heç olmasa hərdən bir müqəddəs Quranı əllərinə alıb bəzi ayələri oxusunlar. Ola bilsin öz suallarının cavabına orda rast gəlsinlər. Onlar onu da bilsinlər ki, Quranın bu ayəsinə əsasən, sonda şeytan da öz tutuduğu əməllərdən peşiman olduğunu izhar edir. Amma, təkəbbür və nəfsi istəkləri şeytanda tövbə etməyi özünə sığışdırmır. Ümidvaram "almaçılar" arasında məntiq qəbul edənlər tapılar və tezliklə dinə və islam qarşı bəzi çızma-qaralarına görə tövbə etsinlər.
Nə isə, vaxtınızı çox almayım. Almaçıların məqalələrindən biri qadınlar haqqında gözümə dəydi. Aman, yazıq qadınlar, doğurdan da tarix boyu çox zülmələrə məruz qalmış və bu gün də qalmaqdadır. Amma, bu mövzuda bir məsələ bunda da çox maraqlıdır. Şübhəsiz ki, qadınlara çox zülmlər olunub və olunmaqdadır. Bəs zalım, daha doğrusu zalımlar kimdirlər? Bax burda almaçıların ayağı sürüşüb. Onlar, tarix boyu qadınları qul kimi işlədib, onların şəxsiyyətlərini alçaldıb, əşya kimi istifadə edənlər, həmçinin, müasir dövrdə onları ən çox reklam vasitələri və ya, ən azı saqqızlarının yaxşı bazar tutumasından ötrü istifadə edən zalımları, bu müsəlman xalqa çatdırmaqdansa, qadın xilqətində "səhvə yol verilib" adlı xoşagəlməz və məntiqsiz iddialar edirlər.
Axı sizin insafınız hara gedib? Müsəlman olmasınız da heç olmasa insafı və vicdanı əldən verməyin! Siz nə bilirsiniz ki, Allah-taalanın yaratdıqlarının hikməti nədir? Siz nə bilirsiniz ki, kainat və bu yaradılış aləmi nədir və siz kimsiniz, hardan gəlmisiniz və necə və hara gedirsiniz? Elə sifarişinizi alıb gözlərinizi yumub hey yazırsınız? Axı kim sizə inanar? İslam dini siz tanıdığınız din deyil. İslamdan sizə çatan anlayış, çox səhv və qəflətdə olan insanların anlayışıdır. Sizin, islamın hökmlərini təhlil etməyə nə elmi və nə də mənəvi haqqınız var. Əgər bir şeyi dərk etmir və anlamırsınızsa onda, ya onun həllini axtarmalı, ya da susmalısınız. Siz dünyada bir milyarddan çox insanların əqidəsi ilə oynayırsınız və bu barədə düşünmürsünüz. Bu bir milyarddan çox insanların içərisində sizdən qat-qat savadlı, təqvalı, elm, fəlsəfə və hikmət əhli olub və var. Heç olmasa, islam haqqında onların yazılarını açıb oxuyun, bəlkə ayılasınız!
Amma, qadınlar haqqında Qurandan bir neçə mövzuya işarə etməklə "almaçılara", suallarına cavab tapmaqdan ötrü qapı göstərmək istərdim.
İstər qadın, istərsə də kişi, hər ikisinin yaradanı Allah-taaladır. Hər şeydən öncə bunu bilmək lazımdır ki, Yaradan öz məxluquna heç vaxt fərq qoymaz. Necə ki, hər bir valideyn öz övladları arasında, onların xoşbəxliyə çatması və yaxşı insan olmasına görə fərq qoymur. Amma insan öz-özünü bəzən yuxarı qaldırır və ən pak məxluq sayılan mələklərdən də üstün olur, bəzən də özü-özünü o qədər aşağa sılır ki, adi heyvan və heyvani həyatdan da aşağa düşür. Quran birici dəstə haqqında insanın pak, mənalı bir həyata, başqa sözlə desək, əsl xoşbəxtliyə çatmağı yolu kimi bəyan edir. Quranda oxuyururq:
"Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) pak həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik." (Nəhl surəsi, 97-ci ayə)
Göründüyü kimi insanın səadət və xoşbəxliyə çatması istər kişi, istərsə də qadın olsun öz əllərindədir. Allah-taala xoşbəx və pak həyat cəhətdən onlar arasında heç bir fərq bilmir. Amma ikinci dəstə haqqında Quran belə buyurur: "Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" (Əraf surəsi, 179-cu ayə)
Hər iki halətdə Xaliq və Yaradan onlardan ehtiyacsız lakin, hər iki tayfanın xoşbəxliyini və yaxşılığını istəyir. Ən azı buna görə ki onların hamısını O xəlq etmiş və onlara həyat bəxş etmişdir. Qurani kərimdə bu mövzya aydın işarə olunmuş və yaxşı insanlardan "kəramət" və ya "kərim" ünvanla, özlərini həyatda itirən və qəflətdə qalanlardan isə ən azı heyvani həyat tərzi və bəzən onlardan aşağa səviyyəli məxluqat kimi ad aparmışdır. Bunun da səbəbi hamı üçün aydındır. İnsan azad bu dnyada azad və ixtiyara malikdir. O, istəsə özünü yuxudan ayıldar və Allaha, yaradanına yetişər, Onu tanıyar, Ona qovuşmağa və Onun buyurduqlarını icra etməklə razılığını ələ gətirməyə çalışar. İstəsə də, Onun əleyhinə çıxar, özünü həyatda itirər, satar, qafil həyat tərzi sürər, məsuliyyətsiz yaşayar, şəhvət və heyvani sifətləri özündə cəmləşdirər və özünü nəhayətdə, heyvanlardan və heyvani həyat tərzindən də aşağı həddə çatdırar. Bu sahədə qadın və kişi arasında heç bir fərq yoxdur. Qadın və kişi yaradılış, insanlıq, iman, etiqad, paklıq və çirkinlik, iffət və iffətsizlik, fahişəlik və paklıq cəhətindən Allah-taala yanında öz əməllərinin girovundadırlar. Necə ki Qurani-Kərim mütləq şəkildə buyurur:
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır." (Hücurat surəsi, 13-cü ayə)
Biz istəsəydik bu miqdarla almaçıların cavabında kifayətlənərdik. Amma, Allah-taalının ən zərif və incə, gözəl, pak və pakizə yaratdığı qadın adlı məxsuqdan da bir neçə kəlmə Qurandan qeyd etmək istərdim. Ümidvaram "almaçılar" tezliklə pak və pakizə, möminə müsəlman qadınlara vurduqları töhmət və nalayiq sözlərə görə özlərində bir vicdan əzabı hiss edib, öz saytlarında onlardan üzr istəyəcəklər. Axı bizim xalqın 50%- müsəlman qadındır.
Allah-taala Quranda, ilk növbədə istər qadın, istərsə də kişini kəramətli yaratdığını bəyan edir. Quran, istər qadın, istərsə də kişi olsun, insanın əsl gövhərini şərafətli və kərim bir varlıq kimi tanıtdırır. Əgər insan kərim olsa, deməli öz təbii yolunu gedə bilmişdir. İtaət və ali məqama yetişmək insanın əsl gövhəri ilə uyğundur. Allaha qarşı üsyan və süqut isə belə deyil. (belə uyğunluq yoxdur) Kəramət haqqında onu deyə bilərik ki, insanın əsli zatən kərimdir. Allah-taala buyurur: "Biz, Adəm övladını (istər kişi, istərsə də qadın) şərəfli və hörmətli elədik." (İsra surəsi, 70-i ayə) Çünki, insanın yaradılışında kərimlik gövhərindən istifadə olunubdur. Əgər insan da başqa canlılar tək torpaqdan yaransaydı, kəramət onun üçün zati olmazdı. Ancaq, insan bir suri (bədən) və bir əsildən (ruh) ibarətdir. Bədəni torpaqa qarışır, əsli isə Allaha məxsusdur. Allah-taala ruhu özünə nisbət verib, ancaq təbiət aləmindəki torpaqla əlaqəsi olan bədən, gilə (torpağa) mənsubdur.( Sad surəsi, 71-71) Allah-taala buyurmayıb ki, mən insanı gil və mücərrəd ruhdan yaratdım. Buyurur ki, insanı gildən yaradıb sonra ona Öz ruhumdan üfürdüm. Beləlkilə, insanın ruhunun kərim Allahla rabitəsi olduğu görünür. Deməli, kəramətdən payı vardır və ilahi ruh kəramətli ruh mənasındadır.
Bundan sonra Allah-taala Quranda mütləq şəkildə buyurur: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)." (Hücurat surəsi, 13-cü ayə ) Bu da nişan verir ki, islamda əsl şəxsiyyət və insanlıq cəhətdən kişi və qadın arasında heç bir fərq yoxdur. Amma, Quranda qadanlar haqqında bir neçə məxsus ayəni qeyd etmək yerinə düşərdi:
1. Əvvəla, Allah-taala Quranda qadını kişinin, kişini isə qadının libası kimi qələmə verməklə onları ən yüksək bir bərabərçiliklə tərif edir, buyurur: "Onlar sizin, siz də onların libasısınız." (Bəqərə surəsi, 187-ci ayə) Görəsən, almaçılar indiyə qədər bu ayəni Quranda görməyiblər? Onlar hətta, Allahın Quranda özünə "kişi" işarəsi ilə işarə etdiyini, bununla da kişilərin qadınlara üsütünlüyü və islama qarşı qərəzli niyyətlərini sübut etmək istəyirlər. Halbuki, Allah-taalanın qadın və kişi haqqındakı bu ifadəsi misilsizdir. 2. Allah-taala hətta, qadın və kişinin yaradılışında da fərq olmadığını dəfələrlə müxtəlif ayələrdə bəyan edir, buyurur: "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun!" (Nisa surəsi, 1-ci ayə)
Beləliklə, ilk yaradılışda qadın, kişi, Allah-taala üçün eynidir. Heç kim iddia edə bilməz ki, qadının yaradılışı səhv addım olub. Yenə də qeyd edirik ki, Allah-taala üçün qadının yaradılış cəhətdən kişi ilə heç bir fərqi yoxdur. Bu mövzuda digər bir ayədə oxuyuruq: "Sizi tək bir nəfərdən (Adəmdən) xəlq edən və onunla ünsiyyət etmək (sakit, rahat olmaq) üçün özündən zövcəsini (Həvvanı) yaradan Odur." (Əraf surəsi, 189-cu ayə)
Quranda qadınlar barəsində və onların haqq və hüquqları haqqında "Qadınlar" ünvanı ilə xüsusi surə nazil olmuşdur. Bundan əlavə, Quranın digər on surəsində də müxtəlif yerlərdə qadınların hüquqları müdafiə olunmuş və qadınlar xüsusi müxatəb kimi qərar verilmişdir. İnsanın ilk səsvermə hüququnu Allah-taala Quranda elə bir zamanda açıqlayır ki, o zaman cahil insanlar qadınları nəinki insan saymır, bəlkə də, qadın olduqlarına görə onları diri-diri torpağa basdırırdılar. Allah-taala, Quranda qadınların İslam Peyğəmbərinə (s) indiki dildə desək, səs verməsi və onunla əhd-peyman bağlaması haqqında xüsusi tapşırıq verir, buyurur:
"Ya Peyğəmbər! Mömin qadınlar Allaha heç bir şərik qoşmayacaqları, oğurluq və zina etməyəcəkləri, övladlarını öldürməyəcəkləri (qız uşaqlarını diri-diri torpağa gömməyəcəklərini), özgə kişilərdən olan uşaqlarını yalandan ərlərinə isnad etməyəcəkləri və heç bir yaxşı (bəyənilən) işdə sənin əleyhinə çıxmayacaqları barədə sənə beyət (rəy vermək və ya əhd) etmək üçün yanına gəldikləri zaman onların beyətini qəbul et və Allahdan onların bağışlanmasını dilə. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Mümtəhinə surəsi, 12-ci ayə)
Görəsən "almaçılar" islamın bu mənada qadınların hüquqların müsəlman xalqımıza başa salıb islama tərəf təşviq etmək əvəzinə, nəyə görə islamdan xəbərləri olmayan halda, qadının islamda "kölə" olması kimi sifarişləri bəyan edirlər. İslam qadına şəxsiyyət verir, onu kölə və qul olmaqdan azad edir. Bu avropa mədəniyyətidir ki, zahirdə qadını azad, amma əslində qadını kölədən də pis vəziyyətdə saxlayır. Bu haqda, ayrıca danışmaq lazımdır və gələcək bəhslərimizin birində ətraflı bəhs edəcəyik.
3. Qadın islamda, gözəl bir varlığ, zərif, müstəqil, rahatlıq və əmniyyət verən, ana, bacı, həyat yoldaşı kimi ünvanlarla hər bir cəmiyyətin təkamül yolunda ən dəyərli və lazımlı bir varlığ kimi dəyərləndirlir. Quranda oxuyuruq: "Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi. Belə olduqda, onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?" (Nəhl surəsi, 72-i ayə)
İslamda, Allaha ibadət və itaətdə, Allah-taaladan mükafat almaqda, öz vəzifələrini yerinə yetirməkdə, Allah-taalanın fəzl və mərhəmətindən bəhrələnməkdə qadınla kişi arasında heç bir fərq yoxdur. Onların hər birinin əməli özlərinin girovındadır. Quran bu haqda buyurur:
"Allahın (maddi, yaxud mənəvi cəhətdən) birinizi digərindən üؤtün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi (özünüzə) arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. (Dilədiyiniz şeyi) Allahın lütfündən (mərhəmətindən) istəyin! Şübhəsiz ki, Allah hər şeyi (olduğu kimi) biləndir." (Nisa surəsi, 32-ci ayə)
Digər bir ayədə, Quranda mömin qadın və kişilərin hətta, ləqəblərinin bərabər olmaları da xüsusi diqqətlə bəyan olunur:
"Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mömin kişilər və qadınlar, (Allaha) müti kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar (yalnız, Allah qarşısında kiçilən) kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır! " (Əhzab surəsi, 35-ci ayə)
Göründüyü kimi, əgər söhbət insanın mənliyni və varlığını təşkil edən, şəxsiyyətdən və mənəviyyatdan gedərsə, Allah-taala tam şəkildə qadınla kişini bərabər kəlmələrlə vəsf edir. Çox təssülər olsun ki "almaçılar" bu zərif hikməti diqqətdən qaçırmışlar. Bu da təbiidir. Ona görə ki, insan əgər hər hansı bir mövzuya qərəz və ya sifarişlə yanaşsa təbii ki, bir bəhanə tapıb nəyə isə zahidə irad tutucuq. Ancaq, məsələyə insaf və vicdanla yanşmaq, dərindən təhlil etmək bu artıq azad fikirli dahi şəxsiyyətlərin işidir.
Nəhayət, qeyd etmək lazımdır ki, ola bilsin ki, bəzi ictimai və siyasi məsələlərdə İslamda qadın və kişilərin məsuliyyətlərinin bölüşdürülməsi və sair mövzularda onlardana birinə daha çox imtiyaz verilsin. Bütün bunların hamısının öz hikmət və mənaları vardır. Əsas, insanın şəxsiyyəti və mənəviyyatıdır. O da Quranda bu ayə ilə ümumi şəkildə bəyan olunub: "Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir)." (Hücurat surəsi, 13-cü ayə)
Sonda ümumiyyətlə, öz millətinin və xalqının əqidəsinə qarşı, kimlərinsə sifarişi ilə işləyənlər haqda məzəli və ibrətamiz bir təmsil yadıma düşdü. Deyirlər bir gün, bir ulağ ağır yüklə dağdan üzü aşağı yük düşürürmüş. Ulağ, qan-tər içində olan halda, birdən üzü yuxarı və öz çəkisindən on dəfə artıq yükü rahat çəkən bir qarışqaya rast gəlir. Ulağ çox təccüblü halda qarşıqaya baxıb soruşur: Ay qarışqa! Mən öz çəkimin yarısı qədər ağrlıqda olan bu yükü güc-bəla ilə dağdan üzüaşağa düşürürəm, sən isə özündən on dəfə ağır bir yükü asanlıqla üzü yuxarı aparırsan. Bunun hikməti nədir? Xahiş edirəm məni başa sal! Qarışqa yükünü bir anlığa yerə qoyub deyir: Ay ulağ! Nəyə görə bunu başa düşmürsən? Mən, öz yükümü özümə görə çəkirəm və faydası da özümünküdür. Amma sən başqaların yükünü çəkirsən. Onə görə də bu gündəsən.
Allah-taaladan arzumuz budur ki, bizim xalıqın kişilərini qeyrətli, qadınlarını, namuslu, iffətli, örpəkli və Allah yananda üzü ağ qərar versin!
|