O, Allah Elçisinin icazəsiz girmədiyi qapının özünü müsəlman hesab edən bəziləri tərəfindən qırılaraq yandırılmasına dözə bilmədi
Yenə Mədinənin üzərini qara buludlar almış və xalq içərisində vəsf olunmayacaq bir ağırlıq, hüzn meydana gəlmişdi. Əziz peyğəmbərimiz Həzrət Məhəmmədin (s) bütün dünyanı sarsıdan vəfatından bir rəvayətə görə 75 və bir başqa rəvayətə görə isə 95 gün keçməmişdi ki, onun sevimli qızı, Həzrət Əlinin (ə) vəfalı yoldaşı, cənnət gənclərinin ağası Həsən və Hüseynin anası Kövsər sahibi Fatimeyi-Zəhra bu fani dünyaya gözlərini bağlamaqda idi. Xanımlar xanımı bütün varlığı ilə özünü həsr etdiyi əziz atasına qovuşmanın şövqünü yaşamaqda ikən, onu sevənləri dərin hüzn və kədər boğurdu. Əziz Peyğəmbərimiz Həzrət Fatiməni (s.ə) öz bədəninin bir parçası adlandırdığı kimi bu xanımın atasına olan bağlılıq və sevgisi də hədsiz idi. Məhz bu səbəbdən Həzrət Zəhra atasının vəfatından sonra bu dünyada çox qala bilmədi. O, Həzrət Məhəmmədin vəfatından sonra dünyanı belə səciyyələndirirdi: "Səma toz-dumana büründü. Günəş tutuldu, səhər və ilkindi vaxtımız qapqara oldu... Ya Rəsulullah! Ey Allahın bu dünyaya rəhməti! Və ey yetimlər və məzlumların sığınacağı! Mehrabın və Quran dərsi verdiyin məkanın səhər və gecə sənin həsrətindən ağlayır. Sənin yoxluğunda ümmətin içərisində tək və qərib qalan İslamın sənin üçün göz yaşı tökür..." Ey Zəhra! Atanın vəfatından sonra İslamın öz vətənində qəribçiliyinə artıq dözümünün qalmadığını və dərdlərini içinə tökərək bir şam kimi əriyib sönməkdə olduğunu bilməyən kimdir?! Ey Fatimə! Allah Elçisinin icazəsiz girmədiyi qapının özünü müsəlman hesab edən bəziləri tərəfindən qırılaraq yandırılmasına artıq taqətinin qalmadığını necə idrak etməyə bilərik?! Ey aləmin bütün qadınlarının seyyidəsi! O qədər müsibət və iztirabdan sonra vilayət və imaməti müdafiə etmək üçün xəstə halınla məscidin yolunu tutdun və oxuduğun bəlağətli xütbənlə bütün xalqa atan Həzrət Məhəmmədi xatırlatdın. O xütbədə deyirdin: "Əli Allah-Təalanın dininin ucalığı uğrunda hər cür çətinlik və müsibətə dözdü, Onun əmrlərini yerinə yetirmək uğrunda səy göstərdi. O, Allahın Rəsuluna yaxın idi və xalqının xeyrini istəyirdi. Belə bir vəziyyətdə sizlər ancaq özünüzü düşünürsünüz, bizlərin isə bəla və müsibətlərə tutulmağımızı gözləyirsiniz. Özünüzü xalqın köməkçiləri sayan ey Ənsər qrupu! Sizə nə olub ki, mənim haqqımı almaq üçün iradənizi belə itirmisiniz. Hiyləgərliyinizin və mənə kömək etməyəcəyinizin fərqindəydim. Elə isə əbədi utanc, Allahın lənəti və Qiyamət Gününün cəzasıyla birlikdə mənim haqqımı alın və aparın." Daha sonra hüzn və kədər dolu gözlərlə möminlərin ağası Həzrət Əliyə baxıb sözünə davam edir: "Ya Əli! Məndən sonra balalarım yetim qalacaqlar. Onlarla yaxşı davranmaq barəsində diqqətli ol. Məni elə bir tabuta qoy ki, cənazəm daşındığı zaman görünməsin. Gecə mənə qüsl al, cənazəmə namaz qıl və məni torpağa basdır. Məzarımı gizli tut və əsla mənim haqqımı qəsbbedənlərin cənazəmə, namazıma və torpağa tapşırılmağıma qatılmasına izn vermə..." Ey iki dünya xanımlarının xanımı, Kövsər sahibi, adı belə Allah-Təala tərəfindən qoyulmuş Fatimeyi-Zəhra! Sənin itmiş məzarın yer üzündə, zaman və məkanda deyil, məzlumlar, möminlər və iztirab çəkmişlərin ürəyindədir. Sənin məzarının yanıq torpağını səhər yeli hara apardısa orada yeni bir iman göyərdi və ümid qaynağı oldu, amma sənin məzlumluğundan, canlar alıcı dərd fəryadlarından və acı qəribliyindən heç bir şey azaltmadı. Yazımın sonunu bir dua ilə bitirmək istəyirəm. Allahım, Fatimənin haqqına and veririk, bizi Quran və itrətinin, Əhli Beytinin (ə) eşqiylə yaşat və onların eşqiylə öldür, Axirətdə Quran və itrət ilə məşhur et.
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.