"İnsan dilini nəzarət altında saxlamasa, günahdan amanda qala bilməz"
İmam Baqir (ə)
Dil - Allahın insana bəxş etdiyi ən
böyük nemətlərindən biridir. Həcminin balaca olmasına baxmayaraq bu lətif
üzv itaət və üsyanın sərhəddidir. Çünki küfr və iman dil vasitəsilə izhar
edilir. Buna görə də dilin nəzarətinə səy edilməlidir.
Ümumiyyətlə,
Allahın bütün nemətlərindən Ona yaxınlaşmaq və kamala çatmaq yolunda istifadə
edilməlidir. Dil də bizə ona görə
verilib ki, onun vasitəsiylə gözəl sözlər danışaq, Allahın razılığını,
insanın tərəqqisini əldə edək. Hədislərin birində İmam Sadiq (ə) buyurur: "Dilin
zəkatı müsəlmanlara nəsihət etmək, qafilləri oyandırmaq və çoxlu zikr və təsbih
deməkdir."
Bu
günkü mövzumuz dilə nəzarət etməməyin zərərlərindən, əsasən də dinindən,
dilindən, irqindən asılı olmayaraq heç bir insana yaraşmayan söyüş və təhqirin
gətirdiyi afətlər barədədir.
"Danışın
ki, tanınasınız..." (Həzrət Əli (ə))
İlk
olaraq qeyd edim ki, danışmaq insanın kamala çatması və Yaradanına yaxınlaşması
üçün vasitələrdən biri və şəxsiyyətinin göstəricisidir. Necə ki, Əli (ə) buyurur: "Danışın ki,
tanınasınız. Bilin ki, hər kəs öz dilinin altında gizlənmişdir". Başqa
hədisdə buyurmuşdur: "Möminin dili qəlbinin arxasında, münafiqin qəlbi isə
dilinin arxasında olar. Mömin danışmazdan əvvəl fikirləşər, əgər xeyir olsa,
dilinə gətirər, əgər şər olsa, onu aşkar etməz. Münafiq isə dilinə gələni
deyər, xeyir-şərini fikirləşməz."
Buna
görə də ölçüb-biçib sonra söz söyləmək və başqalarının ictimai, mənəvi
mənzilətini aşağı salan ifadələrdən çəkinmək lazımdır.
"Fikirləş
sonra danış ki, azğınlıqlardan amanda qalasan" Həzrət Əli (ə)
Dinimizdə
pis danışmaq, söyüş söymək bəyənilməyib, xoşagəlməz sifətlərdəndir. Bu barədə çoxlu rəvayətlər nəql edilmişdir. Həzrət Peyğəmbər
(s) buyurur: "Şübhəsiz ki, insanın bir çox xataları onun dilindədir".
Böyük
mühəddis Molla Möhsün Feyz Kaşani "Məhəccətül-bəyza" kitabında dilin
iyirmiyə yaxın böyük günahlarpını sadalayır ki, başqasını təhqir eləmək də
bunların arasındadır. Həmçinin hədislərdə Həzrət Səccad (ə) duanın qəbuluna
mane olan yeddi günahlardan biri kimi xalqla danışarkən yersiz sözlərə yol
verib söyüş işlətməyi göstərmişdir
Şeytana
kömək etməyək
Yuxarıda
da qeyd etdiyimiz kimi bu lətif üzv haqq və müsbət sözlər danışıb xalqı doğru
yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər
danışıb qeybət və böhtana yol verməklə, əbədi əzaba düçar edə bilər:
"Dilin fitnə-fəsadı qılınc zərbəsinin yaratdığı fəsaddan daha
kəskindir" (Həzrət Məhəmməd (s))
Bəli,
dil - Şeytanın insanı yoldan çıxarması üçün ən böyük vasitəsidir və onu yalan
danışmaqdan, töhmətdən, qeybətdən qorumaq lazımdır. İmam Sadiq (ə) bu cür
davranışları insanın işində şeytanın iştirak əlaməti kimi dəyərləndirmişdir.
Əyan
ibni Səmar söyləyir: "İslam Peyğəmbərinə (s) ərz etdim: "Ya Rəsulullah!
Mənim qohumlarımdan biri, özü
şəxsiyyətcə məndən aşağı səviyyədə olduğu halda, məni təhqir edir. Onun
müqabilində özümü müdafiə edib, onu söyə bilərəmmi?" İslam Peyğəmbəri (s)
buyurdu: "Hər iki nəfər ki, bir-birini söyüb təhqir edirlər, bir-birinə
kömək edən Şeytan kimidirlər".
"Bəndənin
ürəyi möhkəm olmayınca, imanı möhkəm olmaz, dili möhkəm olmayınca ürəyi möhkəm
olmaz" Həzrət Məhəmməd (s)
Bir
gün İslam Peyğəmbəri (s) bir dəstənin yanından keçirdi. Onlardan biri ağır daşları yerdən qaldırır, cəmiyyət
isə onun bu işindən təəccübə gəlib, alqışlayırdı. Peyğəmbər (s) onların yanına
gəlib soruşdu: "Bu nə səhnəsidir?" Cavab verirlər ki: "Ya
Rəsulullah! Bu kişi ağır daşları qaldırır. Ona ağır daş qaldıran pəhləvan
deyirlər". İslam Peyğəmbər (s) buyurdu: " İstəyirsiniz ki, ondan da
güclü və möhkəm şəxsdən sizə xəbər verim?" Dedilər: "Bəli!"
Buyurur: "Bir şəxsə söyüş verilsin, amma o şəxs nəfsinə qalib gəlib onun
müqabilində səbr etsin. Həm öz Şeytanına, həm də dostunun Şeytanına qalib
gəlsin!"
"Müsəlman
odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar" İmam Sadiq
(ə)
Bəzi
insanlarımız da var ki, kənar yerlərdə öz ədəbini qoruyur, evlərində isə bunu
gözləmirlər. Halbuki, bu məsələyə ailəli
olanlar daha da diqqət etməlidirlər. Əgər sizin haqqınız aradan getmiş olarsa həyat
yoldaşınızı, yaxud başqa bir kəsi söyməyə haqqınız yoxdur, əks halda qəbir
əzabına düçar olacaq, qiyamət günü söydüyünüz söyüşlərə layiq, müvafiq
sifətlərlə məhşur olacaqsınız.
Diqqət
edilməli digər məsələ uşaqların ata-ananın rəftar, əməl və sözlərindən
təsirlənməsidir. Bu əsasa görə gərək
valideynlər nalayiq, boş-boş sözlər işlətməkdən çəkinsinlər. Ev mühitində,
övladların gözü qarşısında baş verən bütün hadisələr, onların beyninə yazılaraq
rəftarlarında mütləq öz əksini tapacaqdır. Buna görə də evdə baş verən hər bir
müşkül öz yolu ilə həll olunmalıdır. Acı sözlər danışıb döymək, söyüş söymək,
əxlaqsızlıq və s. kimi qeyri səhih yollar ixtilafları həll edə bilməz. Əlbəttə,
bizlərdən heç də Rəsuli Əkrəm (s) və Mövla Əmirəlmöminin (ə) kimi olmağımız
gözlənilmir, amma heç olmazsa özümüzü belə böyük şəxsiyyətlərə oxşatmağa
çalışmalıyıq: "Şübhəsiz, sizlər üçün Allahın Rəsulunda gözəl nümunələr,
ülgülər vardır, o kəslər üçün ki, Allaha, Qiyamət gününə ümidvar olub Allahı
çox yad edərlər."
"Möminin
nicatı dilini qorumasındadır." Həzrət Məhəmməd
Peyğəmbərlər
və Allah övliyaları insanları tərbiyə etmək niyyətilə onlara eşitdirirdilər ki,
hər bir işlərində hesab-kitab var. Mömin
bilməlidir ki, Allah-Təala onun hər bir sözünü, hərəkətini izləyir və Qiyamət
günü bunun hesabını soruşacaq. Bu nöqtəni Peyğəmbər (s) öz kəlamında belə bəyan
edir: "Ey Əbuzər! İzzət və Cəlal sahibi olan Allah hər danışanın dilinin
yanında hazır durmuşdur. Buna görə də söz danışan Allahdan qorxmalıdır, nə
dediyinin fərqində olmalıdır."
Osman
ibn İsa deyir ki, imam Rza (ə)-ın hüzurunda idim, gördüm ki, bir kişi Həzrətdən
ona tövsiyə etməsini istədi. Həzrət buyurdu: "Dilini qorusan izzətli
olarsan, öz ixtiyarını insanlara vermə, yoxsa özünü zillətə salarsan."
"Ey
şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın" İmam Sadiq (ə)
Quran-Kərim
ayələrinə və rəvayətlərə görə başqasını təhqir eləmək və nalayiq sözlər
danışmaq insanı Allahın rəhmətindən uzaqlaşdıraraq, ilahi əzaba düçar edir. İslam Peyğəmbəri (s) də insanları bu bəladan uzaqlaşmağı
məsləhət görür: "Çünki, Allah söyüşü və buna adət edəni sevməz". İmam
Mühəmməd Baqir (ə) hədislərdə möminləri təhqir və əziyyət edənlərə
Allah-Təalanın qəzəb etdiyini bildirmişdir.
Müqəddəs
İslama görə bu cür davranış bir müsəlmandan hətta öz düşmənləri qarşısında belə
gözlənilməməlidir. Əmirəlmöminin (ə) buyurur:
"Sizin lənət yağdıran və söyüş söyən olmağınızı istəmirəm, söyüş söyməyin
və bezarlıq elan etməyin. Əgər bu işin yerinə onların pis əməllərini açıb
desəniz, daha təsirli və yaxşı olar. Lənətləmək və bezarlıq elan etmək yerinə
onlara dua edib belə deyin: "Ilahi, bizim də, onların da qanını qoru,
bizimlə onların arasında sülh bərqərar et. Onları bu zəlalətdən düz yola
hidayət et ki, bizim haqqımızı tanımayanlar haqqımızı tanısın." Belə
desəniz, mənim üçün daha xoş, sizin üçün daha yaxşı olacaq".
İmam
Sadiqdən (ə) bir hədisdə oxuyuruq ki, bir gün həzrətin dostlarından biri
İmamla birgə yol gedirmiş. Həmin səhabə
geriyə qalmış nökərini səsləyir, amma nökər cavab vermir. İkinci və üçüncü dəfə
yenə onu səsləyir, amma nökərdən cavab gəlmədikdə onu söyür ki, ey haramzadə,
səni çağırıram! İmam Sadiq (ə) bu nalayiq sözü eşitcək dayanır və buyurur:
"Nə dedin?" Yoldaşı cavab verir: "Yəbnə Rəsulullah, mən ki,
sadəcə ona "vələdəzina" dedim, çünki onun ata-anası müsəlman deyil,
Hindistan əhlindəndir". Həzrət buyurur: "Mənim onun ata-anası ilə
işim yoxdur, nə üçün söyüş söyürsən?" Sonra o həzrət sözünə davam edərək
buyurur: "Bundan sonra mənimlə yoldaşlıq etməyə haqqın yoxdur". Deyirlər,
nə qədər ki, İmam Sadiq (ə) sağ idi, nə o səhabəni hüzuruna qəbul edirdi, nə də
onunla yola çıxırdı.
Yuxarıdakı
hədislərdən belə nəticə alırıq ki, müsəlmanlar ədəbli, mərifətli olub dillərini
nalayiq və boş-boş danışıqdan, eləcə də söyüş söyməkdən saxlamalıdırlar.
Yazımın sonunu Həzrət Sadiqin nəsihəti ilə bitirirəm:
"Ey şiələr, bizim üçün zinət olun, rüsvayçılıq səbəbi olmayın. Camaatla
yaxşı davranın, onu yersiz danışmaqdan və nalayiq sözlərdən qoruyun".
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.