Daim sosial-siyasi cızma-qaraları ilə bəlkədə sizləri
bezdirmiş bəndəniz bu dəfə onun üçün çox-çox əlçatmaz olan bir mövzudan,
eşqdən yazmaq qərarına gəlib. Mən dünyanın məhəbbət üzərində
qurulmasından, eşqin uca göylərin mehrabı olmasından yox, sadəcə Allahın
bizim qəlbimizə saldığı Əhli-beyt (ə) sevgisindən işarə edəcəm. Daha
dəqiq desəm, mənim bu sevgimin ünvanı, bizlərə çox da uzaq olmayan, amma
hər birimizin yetişə bilmədiyi Xorasan diyarıdır. Bu diyarda,
milyonlarla aşiqin məşuqu - Əli ibni Musa Rza (ə) qaranlıqda olan çıraq
tək ətrafı nurlandırır. Onun ətrafa saçan nuru insanın sevgisinə xüsusi
bir rəng qatır ki, onu nə dillə demək, nə də qələmlə yazıya almaq mümkün
belə olmur.
Müqəddəs Məşəd şəhərinə gedən yolda insanı bir sual maraqlandırır. Ayə,
görəsən, milyonlarla insanın dalısıyca qaçdığı pul, milyonlarla insanın
çatmağa çalışdığı dünya malı əbədidir, ya keçib gedən. İmamın müqəddəs
hərəminə yaxınlaşdıqca, insan dərk edir ki, pul da, mal da və digər
başqa dünya nemətləri də, insana ona görə lazımdır ki, onu İlahi eşqə
çatdırsın, onu bu yoldan azdırmasın.
İmam Rzanın (ə) hərəmində zaman öz oxundan çıxır. Orda insanlar zamana
yox, zaman insanlara hökm edir. Hərəmdə, ən güclü belə Həzrətin (ə)
önündə bükülmüş vəziyyətdə durur və məşuqundan şəfa gözləyir. Məşuq isə
hər kəsə qucağını açır və hər kəsi dinləyir. Heç bir aşiqi eşqindən
kənarda qoymur. İnsan bir anlıq maddi dünyadan ayrılaraq mənəvi
nemətlərlə zəngin bir aləmə düşür. Bir növ insan özünü xəyallarında
canlandırdığı cənnətdə hiss edir. İmam Rza (ə) dinindən, dilindən,
cinsindən, irqindən, milliyyətindən, siyasi mənsubiyyətindən aslı
olmayaraq hər kəsi qəbul edir. Heç bir ayrıseçkilik etmir. Odur ki,
Məşəd şəhərində dünyanın istənilən güşəsindən gəlmiş insanlara rast
gəlmək olar. Ancaq, bu müxtəlifliyə baxmayaraq, hərəmdə hamı bir pərvanə
tək öz şamı ətrafında fırlanır. Bütün bunları Məşədə gələn hər bir
zəvvar yaşayır və mənəvi cəhətdən ən uca zirvələrə qalxır. Elə bir
zirvəyə ki, Allah insanı daim belə zirvələrdə görmək istəyir.
P.S İmam Rza (ə) Əhli-beyt bağçasının səkkizinci gülüdür. O
həzrət (ə) hicri qəməri tarix ilə 148-ci ildə Mədinə şəhirində dünyaya
gəlmişdir. İmam 35 yaşından 55 yaşınadək müsəlmanlara imamlıq etmiş və
İslamı təbliğ etməyi öz öhdəsinə götürmüşdür. Xəlifə Məmun hicri qəməri
tarix ilə 203-ci ildə O həzrəti zəhərləndirmiş və şəhadətə yetirmişdir.
Həzrətin pak qəbri İranın Məşəd şəhərindədir.
|