Uzun müddətdir ki, doğma dilimizdə olan bir "deyimin" mənasını nə qədər
düşünürdümsə anlaya bilmirdim. Yundan olan çoban papağımı qabağıma,
arxama, hər tərəfimə qoyub üstəlik əyri də otururdum ki, bəlkə düz
fikirləşib bu "deyimin" mənasını qafama soxa biləm, olmurdu ki,
olmurdu. Papaq qafama girirdi, o isə girmirdi ki, girmirdi.
Nə isə.
Günlərdən bir günü mal-qaranı önümə alıb kənd-kəssəkdən çıxmışdım ki,
bəlkə bir otlu-sulu otlaq tapıb onları doyunca otarım. Az getdim, düz
getdim, dağlı qarlar aşaraq, çox ellər dolaşaraq gəlib çıxdım qəribə
bir diyara. Uzaqdan gözümə bir abadlıq görsəndi. Axsaya-axsaya,
tövşəyə-tövşəyə özümü çatdırdım oraya. Bəh, bəh, bəh. Göz qamaşdıran,
valeh edici bir kənd idi. Kəndin darvazasına yaxınlaşdım. Girəcəkdə
hündür bir hasarın üzərində "Cənnət-məkan kəndinə xoş gəlmişsiniz"
sözləri ala-bula hərflərlə yazılmışdı.
Bu qədər əzab-əziyyətdən sonra bu "cənnət-məkan" adlı kənddə "dəf"
kimi istirahət etmək olardı. Düşündüm ki, ayıb olar bu gözəllikdə kəndə
mal-qara salım. Hələlik onları kəndin çölündə saxlayıb özüm içəri
atıldım.
İlahi, bu nə olan şeydir?! Heç belə də kənd olar?! O qədər dəhşətə
gəlmişdim ki, ağzımı iki əlimlə belə sıxıb bağlaya bilmirdim. Kəndin
küçə-bazarı güllü-çüçəkli, mer-meyvəli ağaclarla örtülmüşdü.
Ağaclardakı alma, armud, üzüm, nar, gilas və nələr nələr, sanki mənimlə
danışır, "gəl bizi ye!" - deyirdi. Küçələrin hər iki tərəfindən arxlar
axır, fantanlar fəvvarələnirdi. Mərmərdən tikilmiş nəhəng binalar,
qızıl kərpicdən hörülmüş gözəl saraylar insanı heyran edirdi. Amma
bütün bu gözəlliklərin içində diqqətimi bir şey çəkməyə başladı.
Yanımdan ötüb-keçənlər, evlərin pəncərəsindən baxan insanlar nədənsə
hamısı narahat və nigaran görünür, məni görən kimi isə hönkür-hönkür
ağlayırdılar. Öz-özümə "ay bala, daha nə istəyirsiniz, yeyin, için, kef
eləyin dəə!" - deyə təəccüblənməyə başladım. Yaxınlaşıb salam verdiyim
hər kəs mənə "göründüyü kimi deyil" - deyib üz çevirirdi. "Nə isə, boş
ver şimdi bunları" - deyib nemətlərdən bəhrələnmək qərarına gəldim.
Əvvəlcə bu gözəl meyvələrdən doyunca yeyib qarnımı doyurmalı idim.
Qıp-qırmızı almalarla dolu bil alma ağacına yaxınlaşdım. Qəşəngindən
birini dərib dişimə çəkdim. Ay daa. Bu nədir?! Bu gözəllikdə almanın
içi çüp-çürük, qurdlarla dolu idi. Başqa birini dişlədim. Bu ondan da
pis halda idi. Başqa birini dişlədikdə isə pis bir qoxu sardı məni. Bu
minvalla hansı meyvə ağacına yaxılaşdımsa, ürək bulantısı ilə geri
qayıtdım. Hər şeyə mat qalmışdım. Çirklənmiş əl-üzümü yumaq üçün
arxlardan birinə yaxınlaşdım. Suyu əlimə doldurub üzümə
yaxınlaşdırdıqda onun iyrənc qoxusunu duyub yerə tökdüm. Bütün arxlarda
sən demə, nəcis və murdar sular axırmış. Qorxmağa başladım. "Bu nə
kənddir mən gəlmişəm?!" - dedim. Həyəcanla saraylardan birinin içinə
girmək istədim. Qapını açıb nə görsəm yaxşıdı?! Ay daa. Bu cür gözəl
sarayın içində mal-qara saxlanırmış sən demə.
O birisinin qapısını açdım. İlan-qurbağaları görüb bərkdən qışqırdım.
Kənd əhalisi sanki, burada qalmağa məcbur idilər. Axı onlar burda necə
yaşayırdılar?! Soruşdum onlardan, " niyə çıxıb getmirsiniz
buralardan?!" - dedim. "Biz gedə bilmərik, çünki, bura bizim doğma
vətənimiz, diyarımızdı. Amma sən qalma, get!" - deyə cavab verdilər.
Papağımı əlimdə tutub qaçmağa başladım. Bir an öncə buranı tərk etməli
idim. Bir təhər özümü kəndin darvazasına çatdırdım. Ay daa. Kəndin
darvazasına içəri tərəfdən mənim çoxdandı çözə bilmədiyim "deyim"
yazılmışdı. "Üstü bəzək, altı təzək".
Möhkəm tərləmişdim. Hər nə də olsa, artıq bu "deyimin" mənasını
əməlli-başlı qanmışdım. Darvazadan çıxıb mal-qaranın yanına gəldim.
Saqqallı keçim qabağıma çıxıb mat-mat üzümə baxmağa başladı. Sanki, "nə
var o "cənnət-məkan" kəndində" - deyə soruşurdu. Özümdən asılı
olmayaraq keçimə baxa-baxa "üstü bəzək, altı təzək" - deyib, sürümü
toplayıb öz doğma, əziz kəndimə qayıtdım.
Bu hadisə çox-çox qədimdə, illər öncə olmuşdu. İndi isə hər şey
dəyişib, kəndimiz böyüyüb, böyüyüb, böyük bir şəhər olub. Amma indi
oturub öz-özümə fikirləşirəm ki, bir şəhərdə ki, möhtəşəm elm binaları
var, içində doğru-dürüst alimi-tələbəsi yox, milyardlarla büdcəsi olan
ordusu var, doğru-dürüst əsgəri, zabiti yox, ali rütbəli məhkəməsi var,
ədalətli hökmü, qərarı yox, həkimi var təbibi yox, bahalı-bahalı
iynə-dərmanı var, faydası yox və sayir və ilaxır. Bir sözlə, "üstü
bəzək, altı təzək". Bu şəhərimiz necə də o qədimdəki "Cənnət-məkan"
kəndinə oxşayır?!
Siz necə, oxşadırsınızmı?
|