Bütün dövrlərdə hakimiyyətlərin dayağı məhz güc strukturları olmuşdur. İstər totalitar, avtoritar, istərsə də tam demokratik dövlətlərdə mövcud iqtidarlar ilk növbədə polisin gücünü artırmağa çalışmışlar. Çünki, polis cəmiyyət içərisində hakim rejimin mövcudluğunun vacib resursudur və qanunların cəmiyyət tərəfindən əməl olunmasına nəzarət edir, asayişi qoruyur. Ancaq yalnız bir fərqlə ki, avtoritar rejimlərdə polis rejimin əsas dayağı sayılır və dəyənəyi ilə tanınır. Demokratik rejimlərdə isə polisə yanaşma tərzi çox sadədir: "Polis əynində uniforma olan adi bir insandır".
Ötən həftə Bənəniyarda baş verənlər vicdan sahibi olan hər bir kəsə ağır təsir etdi. Xüsusi ilə polisin öz kəndlilərinə qarşı zorakı rəftarı haqlı olaraq düşüncəyə sahib insanda belə bir sual formalaşdırdı. Məgər, Bənənyarlılara qarşı bu zorakılığı edən polisin insafı, xalqına sevgisi, dinə hörməti yoxdurmu?! Cəmiyyətin içərisindən çıxan və cəmiyyətdən yalnız əynindəki xidməti mundiri ilə fərqlənən polisin bu şəkildə zorakılığı nədən qaynaqlanır?!
İkinci bir düşündürücü məqam isə hazırkı dövrdə cəmiyyətdə polisə qarşı olan mənfi münasibətdir. Biz unutmamalıyıq ki, polis də bizlərdən biridir və bizə aid bütün məsələlər elə ona da aiddir. Qısaca desək, polisin məndən fərqi bununladır ki, mənim əynimdə mavi rəngdə cins şalvar, onun əynində isə mavi rəngdə uniformadır. Formalar fərqli olsa da mahiyyət etibarı ilə dövlətdə mövcud olan mənfi-müsbət bütün hadisələr ona da, mənə də təsir edir. Acımız da, sevincimiz də birdir.
Biz unutmamalıyıq ki, istənilən rejimin əsas dayağı məhz güc strukturlarıdır. Qeyri-zorakı nəzəriyyə tərəfdarları düşünürlər ki, gücün üstünə getdikcə, gücün öz-özünü müdafiə qabiliyyəti artır. Əksinə, güc sturkturlarını cəmiyyət üzvləri özlərinə tərəf dartmalıdırlar. Bundan ötrü isə ilk növbədə polisə qarşı münasibət dəyişilməlidir. Yaddan çıxarmayaq ki, bizdən sadəcə əynindəki formasına görə fərqlənən polis yalnız günün müəyyən saatı polisdir. Günün digər saatlarında o qayğıkeş ata, digər saatlarında hansısa idmanla məşğul olan bir idmançı, bir başqa saatında isə məsciddə ibadət ilə məşğul olan dindar ola bilər. Bunu bu şəkildə qavrasaq, o halda polisə qarşı mənfi münasibətimizi müsbətə doğru dəyişmiş olar və istənilən problemin ona da aid olduğunu sadəcə ona qarşı münasibətimiz ilə nümayiş etdirə bilərik.
Çox təəssüf ki, bu gün mətbuatda insanların gözündə polisi adi təqdim etmək əvəzinə, bunun əksini müşahidə edirik. Filankəsin filan bağı, bağçası, gücü, qüvvəti, topu-topxanası var- şəklində xəbərləri mətbuatda tez-tez izləyirik. Bütün bunlar nəinki güc strukturları ilə cəmiyyət arasındakı münasibətləri aydınlaşdırır, əksinə xalq ilə xalqın içindən olan polisi bir-birindın ayırır. Bu bir aksiomadır ki, əgər biz polisə qeyri-insani yanaşsaq, onun da yanaşması bizə eyni tərzdə olacaq. Yox, əgər yanaşma insani olsa, bizə qarşı da insani rəftarın şahidi olacağıq.
|