Geridə
qoyduğumuz 2009-cu il Azərbaycanda "Uşaq ili" kimi yadda qaldı. Hüquq elmlərini
araşdıran nəzəriyyəçilər hesab edirlər ki, cəmiyyətdə ən çox hüquq və haqları
tapdalanan qrup, məhz elə uşaqlardır. Ölkəmiz də bu problemlərdən xaric deyil.
Uşaqlarla bağlı problemlərin əsas etibarı ilə onlar dünyaya gəldikdən sonra
başlanmasını nəzərə alan mütəxəssislər, son illərdən etibarən doğuma qədərki
dövrə də xüsusi əhəmiyyət verməyə başladılar. Bu yazıda reproduktik sağlamlıq,
ailə planlaşdırılması və İslamın bu haqda mövqeyi araşdırılmışdır. Maraqlıdır
ki, bu gün cəmiyyətdə arzuolunmaz hamililəlik, abort, reproduktiv sağlamlıq
haqda polemikalar gedərkən, problem kimi məhz din faktoru ortalığa atılır.
Halbuki, qısaca araşdırma zamanı məlum olur ki, konkret olaraq İslam dini ailə
planlaşdırılmasına çox mühüm əhəmiyyət verir.
İlk olaraq
bunu qeyd etmək yerinə düşərdi ki, insana şəxsiyyət verilməsi məsələsi bu gün
Avropa və qərb ölkələrində əsas müzakirə mövzusudur. İnsan dünyaya gəldikdən
sonra şəxsiyyət əldə edir, ya ana bətnində olanda?! İndi bu sualı avropalılar
özlərinə tez-tez verirlər. Çünki, abort edilməsinə qanuni şəkildə icazə
verilib-verilməməsi məhz bu açıq sualın cavabından aslıdır. Qərb ölkələrində
abortla bağlı referendumlara tez-tez rast gəlmək olar. Bəziləri düşünürlər
ki, insan dünyaya gəldikdən sonra şəxsiyyət əldə edir və hüquq, haqq qazanır.
Ana bətnində olarkən, hələ heç bir hüquq və haqqa sahib deyil və əsl haqq sahibi
anadır. Bu prinsiplə yanaşaraq, onlar aborta qanuni haqq qazandırırlar. Digər
fikr tərəfdarları isə insana şəxsiyyət və dəyər verilməsini bir az əvvələ
bağlayır, ana bətnində olan körpənin neçənci həftəyə daxil olmasını nəzərə
alaraq, aborta haqq qazandırmış olurlar. Ancaq istənilən halda abort ana
bətnində olan insanın hüquq və haqlarının pozulması ilə nəticələnir və körpəyə
qarşı cinayətdir.
İslam
insana hələ ana bətnində olarkən şəxsiyyət verilməsini 14 əsr bundan öncə açıqlamışdır.
Baxmayaraq ki, müasir dövr Avropa İttifaqı ölkələri hələ də bu məsələ barəsində
tam ortaq mövqeyə gələ bilməyiblər. Dinimiz ana bətnində olan körpənin tam bir
şəxsiyyət olduğunu buyurur və hətta bir şəxsiyyət kimi, qız və ya oğlan
olmasından aslı olmayaraq, həmin insana ad qoyulmasını buyurur. İslam dini
övlad dünyaya gətirməsində məsuliyyətli olan bütün ata-analara göstəriş verir
ki, hətta övlad dünyaya gəlməmişdən əvvəl belə, onun üçün gözəl adlar seçsinlər
(məs. Fatimə, Əli və s).
Arzuolunmaz
hamiləliyin qarşısını almaq üçün müasir dövrdə ailələr ailə planlaşdırılmasının
nə olduğunu bilməlidirlər. Abort barədə yekdil fikr olmadığı üçün bəzi analar
abortun insana qarşı cinayət olduğunun fərqində deyillər. Onlar başa düşmürlər
ki, bətnindəki körpəyə ad qoysaydılar, ona dəyər versəydilər, bu məhz həmin
insanı ana bətnində öldürməyə bərabər olunardı. Odur ki, reprodiktiv sağlamlıq
və ailə planlaşdırılması günümüzün aktual bir məsələsinə çevrilməkdədir. Ailədə
uşaqların dünyaya gəlməsinin sonradan peşmançılıqla nəticələnməməsi üçün,
uşağı məsləhətli şəkildə dünyaya gətirməsi qaçılmaz oldu. Belə olan halda təbii
ki, abortların sayının kəskin sürətdə artdığı qərbdə reproduktiv sağlamlıq və
ailənin planlaşdırılmasına xüsusi əhəmiyyət verilməyə başlandı. Övlad dünyaya
gətirilməsinin planlı şəkildə olunmasının təbliği Avropa ölkələrində mənfi
istiqamətdə işləməyəbaşladı. Demoqrafik
vəziyyət sürətlə aşağı endi. Bu gün Avropanın bir çox ölkələrində qocalaşma
vüsət almaqdadır. Övlad dünyaya gətirilməsi isə tamamilə arxa planda qalıb.
Ailə planlaşdırılmasına düzgün yanaşmamaq, mənəvi dəyərləri kənara qoymaq,
Avropanı demək olar ki, qocaltdı. Qərb hökümətləri uşaq dünyaya gətirəcək
ailələrə hər bir sahədə sosial rifah vəd etsə də, cəmiyyətdə mövcud mənəvi
boşluqlar buna imkan vermir.
İslam
dini ailə planlaşdrılmasını nədə görür
Müasir
dövrümüzdə mövcud problemlər həqiqətən ailə planlaşdırılması məsələsini aktual
edir. Körpələrin doğulduğu andan körpələr evinə atılması, sonradan internat
evlərinə, alternativ qayğı mərkəzlərinə verilməsi, küçə uşaqları və s. bu kimi
problemlər cəmiyyətdə mövcud sosial-iqtisadi, əxlaqi, mədəni və mənəvi
vəziyyətdən aslıdır. Belə olan halda təbii ki, ortalığa bir sual çıxır. Axı,
din çoxuşağlılığın tərəfdarıdır?! Hətta bəziləri daha da irəli gedərək
körpələrin dünyaya gəlməsindən sonra ailə qayğısından məhrum olmasını müqəddəs
olan dinimizə bağlamağa çalışırlar. Din faktorunu gündəmə gətirməklə, əslində
cəmiyyətdə mövcud sosial problemləri arxa plana salmaq istəyirlər. Ancaq
maraqlısı budur ki, hər cür zülm və ayrıseçkiliyə etiraz edən dinimiz ailə
planlaşdırılmasına da hələ çox əsrlər bundan öncə aydınlıq gətirmişdir. İslam
bəzi valideynlərin övladlarının çox olması nəticəsində ailə tərbiyyəsi
verməməsindən ehtiyatlanır, odur ki, müəyyən şərtlər daxilində uşağın dünyaya
gəlməsinin planlaşdırılmasını tövsiyyə edir. Yəni, mənəvi, iqtisadi, sosial,
fiziki cəhətdən övlad tərbiyyəsinə hazır olmayan valideynlərə çox övlad dünyaya
gətirmək məsləhət görülmür. Əgər bir ana uşağı dünyaya gətirdikdən sonra
yuxarıda sadaladığım problemlərə görə aparıb küçəyə atacaq və ya internat evinə
yerləşdircəksə, əxlaqi cəhətdən cəmiyyətə yararlı bir şəxsiyyət yetişdirə
bilməyəcəksə və bütün bunlar əvvəlcədən proqnozlaşdırılırsa, belə olan halda ailənin
uşaqları planlı şəkildə dünyaya gətirməsi daha məsləhətli olardı. Ancaq, ən maraqlısı
budur ki, ailə planlaşdırılmasında, hamiləliyin qarşısını almaq üçün müasir
dövrdə mövcud 4 əsas metodun 2-si müqəddəs olan dinimizdə gəlmişdir. Belə ki,
hamiləliyin qarşısını almaqdan ötrü təbii və tibbi yollardan istifadə olunur
ki, təbii yola ayların günləri və spermanın ana bətninə yox, xaricə axıdılması
aiddir. Digər metodlar tibbi həblərdən, qoruyuculardan, spirallardan
istifadədir ki, bunların da insan sağlamlığına təsiri barədə Amerika və Avropa
tibb məktəbləri arasında fərqli-fərqli fikrlər var. Belə ki, hamiləliyin
qarşısını almaq üçün həblərdən istifadənin ananın sağlamlığına mənfi təsiri bu
gün də əsas müzakirə mövzusudur. Qısası, qeyd etmək yerinə düşərdi ki,
hamiləliyin qarşısını almaq və ailədə uşaqları planlı şəkildə dünyaya gətirmək
barədə mövcud 2 təbii yoll barədə İslamın məsum imamları məlumat vermişlər.
Hədislərdə belə gəlib: Məhəmməd ibni Müslüm deyir: İmam Cəfər Sadiqdən (ə)
hamiləliyin qarşısını almaq barədə soruşdum, buyurdu: "Bu kişinin öz
ixtiyarındadır. Onu hər yerdə istəsə, məsrəf edə bilər". Digər hədisdə Məhəmməd
ibni Müslüm deyir: İmam Baqirdən (ə) soruşdum ki, kişi öz azad arvadının hamilə
olmasının qarşısını ala bilərmi? Həzrət buyurdu: "Bu onun ixtiyarındadır: istər
hamilə etsin, istərsə də çölə töksün".
Qadının
hamilə qalmasına az ehtimal olunan günlər üsulu barəsində də İslam dini kifayət
qədər məlumat vermişdir. Ailə planlaşdırılması İslam nəzərindən nəinki təkcə
övlad dünyaya gətirmək, əksinə övladı tərbiyəli mühitdə böyütmək və cəmiyyətə
xeyirli şəxsiyyət yetişdirməkdir. İslamda ailə planlaşdırılması haqda geniş
məlumat əldə etmək istəyən oxucular müəllifi Əli Əkbər Babazadə olduğu "İslamda
Evlənmə və Ailə Hüququ" kitabına müraciət edə bilərlər.