Yola salmaqda olduğumuz
ilin tamamına bir neçə gündən çox vaxt qalmayıb. Əslində əvvəlkilər kimi 2009-cu
ilin də hardan gəlib, hardan getməsi adama yuxu kimi gəlir. Aylar ötüşüb, günlər
bir-birini izlədikcə ilin başa çatmasını səbirsizliklə gözləyirik. İntizarını çəkdiyimiz
aylar və günlər bizə nisbətən sevinc bəxş edib, qəlblərimizi aram etsə də, cismimizi
son mənzilə tərəf sürükləyir...
Axirətdən danışıb, cənnət-cəhənnəmi
xatırlatmaqla, sizi qorxutmaq fikrində deyiləm. Lakin yola saldığımız hər bir günün
ömür səhifəmizə necə həkk olunması bizi düşündürməlidir. Beləliklə, həvəslə gözlədiyim
anların arxasınca hansı xatirələrlə baxacağım həmişə qafamı məşğul edib.
Elə redaksiyada kompüter
arxasında oturub özümdə bu cür söz-söhbətləri götür-qoy edib, düşündüyüm zaman həmkarlarımdan
biri içəri girib, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məhərrəm ayının başlanması
münasibətilə fətva verdiyini dedi: "Bu il matəm dekabrın 18-i başlayır, aşura da
27-i olacaq".
Hə, onu da deyim ki,
yola salmaqda olduğumuz ildə ölkəmizdə QMİ-ni təmsil edən şəxslər o qədər də yaddaqalan
işlərə imza atmayıblar. Hətta, sözügedən quruma aid olan məsələlərin heç biri həllini
tapmadığı üçün, bir neçə dəfə də şəxsən özüm onları tənqid etmişəm.
Məncə, 2009-cu ilin Bakı
İslam Mədəniyyətinin Paytaxtı olmasını xatırlatmaq lazım deyil. Çünki bu hadisəni
böyük bir nailiyyət hesab edənlər az qalırlar ki, barmaqlarını millətin gözünə soxsunlar.
Elə bil Qarabağı işğaldan azad edib, qaçqınları doğma yurd-yuvalarına qaytarıblar.
Bir tərəfdən də ilin başa çatmasına sevinirəm ki, daha hara çatdı Bakının paytaxt
olduğundan başımız keçəllənməyəcək. Bundan əlavə deyirəm, bəlkə də ibadət evlərinin-məscidlərin
canı dincəldi. Onlar hər gecə sübhə qədər dua edirlər ki, hansısa məmurun qəzəbinə
tuş gəlməsinlər. Yoxsa qanunsuz tikildikləri haqda bir arayış hazırlayıb, küllərini
başlarına ələyərlər...
İslam mədəniyyəti paytaxtından
danışmaq fikrim-zadım yoxdur. Son zamanlar əli qələm tutanlar arasında bu haqda
yazha-yazdır. Əşşi, heç onları da qınamıram, ələrindən bir kəlmə yazıb etiraz etməkdən
başqa nə gəlir ki?!
Məlumatı eşidəndə bir
az sevinsəm də bu çox çəkmədi. Çünki Qazilər Şurasında baş qazi kimi Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov cənabları oturmuşdu. Ay balam, Hidayət
hara, dini mövzu haqqında fətva vermək hara? Görünür bunlar ya yerlərini səhv salıblar,
ya da kələfin ucunu itiriblər. Söz Hidayət müəllimdən düşmüşkən, bir neçə gün əvvəl
ANS telekanalında müsahibə verən bu cənab bildirdi ki, bizim öz dinimiz var. Azərbaycan
məscid sökən deyil, məscid tikən dövlətdir. Hidayət müəllim sizi İrəvan Teatrında
rəbhər işlədiyiniz dövrdən tanıyırıq. Onu da qəbul edirik ki, həyatda dinsiz məxluq
yoxdur (?). Hərə bir şeyə baş əyir. Sizin də müqəddəs İslam dininə tam səmimi qulluq
etməyiniz bizdə zərrə qədər şübhə yaratmır. Amma öz aramızdır, bir-birinin ardınca
bir neçə məscidin sökülməsinə kimin göstəriş verməsini hamıdan yaxşı siz bilirsiniz!
QMİ-nin hansı əsaslarla
dini təbliğ etməsi də sirr deyil. Məmurlara gəldikdə isə xalqın başına açılan oyunlar
onları qiyamətə qədər rahat buraxmayacaq. Məmurların özbaşınalıqları və sair hallar
insanların yaşayışlarını zəhirmara çevirib. İstər-istəməz qəlbimizin dərinliyindən
süzülüb gələn səslər haqq sədasını qulaqlarımıza həzin-həzin pıçıldayır. Hər birimizin
daxilində özümüzdən asılı olamayaraq, baş verənlərə qarşı qəzəb bəslənir. Lakin
qan içində boğulan qəzəblər birləşib NİFRƏT ola bilmir. Əgər olsaydı...
Dizayn :Networkbil.net . 2009 FAKTXƏBƏR . Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır. Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.