Son vaxtlar insanlar arasında yeni bir "dəb" meydana gəlib: ölməmişdən
əvvəl gəzilməsi, görülməsi, yaşanması lazım olan məkanlara getməli,
mütləq izləniləcək filmlərə baxmalı, bu "3 günlük dünyada"
yeyib-içməli, sabahı düşünmədən keyf eləməlidirlər. Onların fikrincə
dünən keçmişdə qalıb, sabaha sağ çıxacağımız bilinmir, elə bu günü
yaşayaq. Bəli, çox təəssüf ki, insanların böyük əksəriyyəti həyatı
maddədən və yalnız "dolu-dolu yaşamaq"dan ibarət görür, varlığını və
həyatının sonunda nə olacağını bir dəfə olsun sorğulamadan bu dünyadan
köçüb gedirlər.
Gəlin düşünək. Axı həyatın əsl məqsədi nə ola bilər? Doğrudanmı, yemək-içmək, əylənmək, alış-veriş, mövqe, şan-şöhrət...?
İmam Əli (ə): "Kim axirəti çox yadına salsa günahı və (Allaha qarşı) itaətsizliyi az olar"
Bu gəlimli-gedimli dünyada demək olar ki, hamımız yas yerlərində
olmuşuq, heç "rəhmətlik kaş yaşayarkən axirəti üçün daha çox şeylər
edəydi, ya filan günahlardan çəkinəydi" deyəni eşitdinizmi? Sözsüz ki,
bunu fikirləşənlər olur, ancaq böyük əksəriyyət vəfat edənin, hətta çox
yaşlı olsa belə, gənc yaşda getdiyini, həyatdan doymadığını, nəvəsinin
xeyir işini görə bilmədiyi və sair kimi ifadələr işlədirlər. Yəni, yenə
bu dünya, yenə bu dünya... Halbuki, dünya həyatında etdiyi səhvlər
qarşısına gətirilən və Allahın ayələrini inkar edən insan dərin bir ah
çəkər və Quranda buyurulduğu kimi "kaş ki, torpaq olsaydım!" deyər
("Nəbə" surəsi, ayə 40).
Gəlin papağımızı qarşımıza qoyub bir balaca düşünək: görəsən həqiqətdə
ölməzdən əvvəl etməyimiz vacib olan işlər nədir, nə üçündür və Kimdən
ötrüdür?
"Biz axirət qazancını istəyənin qazancını artırır, dünya mənfəətini
istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur". ("Şura"
surəsi, ayə 20)
Onu da qeyd edim ki, halallıq çərçivəsində insanın dünyəvi bir sıra
gözəlliklərdən istifadə etməsi, gəzib-görməsi, araşdırması, Allahın
sənətinə və yaradışındakı üstünlüklərə şahid olması çox gözəl bir
hərəkətdir. Ancaq bunu əsl qayədən uzaqlaşaraq həyatın mərkəzinə
oturtmaq insanları qəflətə salır. Unutmayaq ki, "Bu hərəkətimin
Axirətimə xeyri nədir" sualını özlərinə verməyənlər üçün bütün
yaşananlar, dənizə tullanarkən ayağına bağladığı dəyirman daşı olacaq.
İmam Sadiq (ə): "İnsanlar öz ömürlərindən çox öz yaxşılıq və ehsanları
ilə yaşayırlar. Həmçinin əcəllərinin çatmasından çox günahlarının
nəticəsində ölürlər"
Bu yaşımıza gələnə qədər, müvəqqəti dünyada özümüz üçün
arzuladıqlarımızı, reallaşdırdıqlarımızı əbədi dünyamız üçün
etdiklərimizlə müqayisəsini etsək, ortaya ürək ağrıdan mənzərə çıxacaq.
Möminlərin əmiri Həzrət Əli (ə) buyurur: "İnsanın nəfəsləri onun ölümə
tərəf addımlarıdır". Bəli, aldığı hər nəfəsinə görə, Yaradanına borclu
olan insan, Allahın hüzuruna borc dəftəri qabarıq bir şəkildə
gəldiyində, hesabını silməyə nə dünyadakı sərvəti, malı, nə də gəzib
gördüyü yerlər yaraya bilər. İnsana fayda verəcək tək şey Allaha etdiyi
ibadətləri, xeyir əməlləri olacaq.
İmam Əli (ə): "Həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır"
Nə qədər gec deyil, özümüzə gələk. Bizlərə verdiyi nemət və imkanlar
qarşısında başımızı səcdələrdən qaldırmasaq, əllərimizi dualardan
endirməsək də, Allaha olan minnətdarlığımızın ehtiyac və borcumuzun
bitməyəcəyini bilməli, Rəhmət dəryasından damla istəyənə ovuc-ovuc
təqdim ediləcəyini anlamalı, bir azdan deyil, dərhal, elə bu anda
qərarımızı verməli, "Mən özümə necə bir əbədi həyat hazırlayıram və
seçdiklərim axirətimə necə təsirl edər" və sair bu kimi sualları
tez-tez özümüzə verməliyik.
Yazımı bütün dünyaya rəhmət olaraq göndərilən Həzrət Məhəmmədin (s) bir
hədisi ilə bitirmək istəyirəm: "Allah gecə-gündüz ən böyük dərd-qəmi
axirət olan kəsin qəlbini ehtiyacsız və zəngin edər, onun işini qaydaya
salar. O, ruzisini tam şəkildə əldə etəməyincə, dünyadan köçməz. Allah
gecə-gündüz ən böyük dərd-qəmi dünya olan kəsin alnına isə yoxsulluq
(möhürü) vurar, işinin nizamını pozar. O dünyada öz qismətindən artıq
bir şey əldə etməz".
|